Ədliyyə Nazirliyi Penitensiar xidməti Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Xidmətdən Yeniavaz.com-a daxil olan məlumatda deyilir:
"Bəzi informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında guya həbs edilən ayrı-ayrı şəxslərin imtiyazlı şəraitdə saxlanılmasına dair məlumat dərc olunub. Həmin məlumatın yoxlanılması üçün dərhal təcridxanaya baş çəkilib, həbsdə olan şəxslərin saxlanma şəraiti ilə tanış olunub və yerində araşdırma aparılıb. Nəticədə məlumatın yanlış olmaqla həqiqəti əks etdirmədiyi və ictimaiyyətdə yalnız çaşqınlıq yaratmaq məqsədi daşıdığı müəyyən edilib".
Qeyd edək ki, həbsdən azad olunan jurnalist Zaur Qənbərov Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun həbs həyatı haqda status paylaşmışdı. Jurnalist Gəncə İstintaq Təcridxanasında qeyri-rəsmi yığımlar olduğunu iddia etmişdi.