Sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosunun yayılması barədə xəbər vermişdik.
Sözügedən kadrlar ölkə sərhədlərini aşaraq dünyanın bir çox yerində, həmçinin məşhur amerikalı şoumen Cimmi Kimmelin apardığı yumoristik tok-şouda da yayımlanmışdı. Lakin azərbaycanlı gənclər Rəna Əfəndi və Adnan Hacızadənin müraciəti əsasında C. Kimmelin komandası sözügedən kadrları kanalın sosial şəbəkələrdəki arxivindən silib.
Yeniavaz.com xəbər verir ki, bu barədə R. Əfəndi “facebook” vasitəsilə məlumat verib. O, Azərbaycandakı mətbuat orqanlarını da bu videonu silməyə dəvət edib:
“Jimmy Kimmel Live” komandası ilə əlaqə saxladım və onların kanalında yayımlanan, azərbaycanlı xanıma tabeçiliyində olduğu şəxs tərəfindən cinsi istismarı əks etdirən kadrların silinməsinə nail oldum. Lakin video artıq uzun müddətdir ki, populyar olub və saysız Azərbaycan KİV-i tərəfindən paylaşıldığı üçün “Youtube”, “Google” və bu kimi platformlarda hələ də mövcuddur. Kadrların bir çoxunda qadının üzü açıq-aydın görünür. Sözügedən kadrlar internetdə yayımlanmağa davam etdiyi müddətdə həmin xanım və ətrafındakılar müəyyən təzyiqlərə məruz qala bilərlər. Bütün Azərbaycan KİV-lərini həmin kadrları silməyə çağırıram. Burada söhbət, sadəcə qadını alçaltmaqdan getmir. Bu onun rifahı üçün də təhlükəli ola bilər. Çünki “qurbanı günahlandırmaq” düşüncəsi dünyanın bir çox cəmiyyətində olduğu kimi Azərbaycanda da kök salıb”.
Qeyd edək ki, bəhs edilən kadrların yayılmasından sonra Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının da sədri olan H. Mirələmov YAP-ın üzvlüyündən çıxarılıb və ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib.