Sakinlər Saatlı İcra Hakimiyyətinin qarşısına etiraza toplaşıb - RƏSMİ AÇIQLAMA


Bu gün bir qrup Saatlı rayon sakini İcra Hakimiyyətinin qarşısına toplaşaraq aksiya keçirib. 
Sakinlər bəzi kəndlərdə 3 aya yaxındır suyun olmaması, pay torpaqlarının mənimsənilməsi, əlillik təyinatlarının ləğv edilməsi və digər məsələlərlə bağlı şikayət ediblər. Şikayətçilər sözügedən problemlərə görə icra başçısı və onun müavininin heç kimi qəbul etmədiyini deyir. 

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədli məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, icra başçısı etiraz edən bir qrup sakinlə bu gün görüşüb: "Biz aidiyyəti üzrə səlahiyyətimizə daxil olan məsələləri özümüz həll edəcəyik. Bizə aid olmayan məsələlərlə bağlı isə aidiyyatı üzrə müraciət edəcəyik. İcra hakimiyyətində hər həftənin 3-cü günü vətəndaşların rəsmi qəbulu keçirilir. Sadəcə pandemiyaya görə vətəndaşların qəbuluna məhdudiyyətlər qoyulub. Ona görə də əsasən qəbullar onlayn formada təşkil olunur.
Bu gün etiraz edən sakinlər sadəcə ajiotaj yaratmaq istəyirlər. Onlara bildirdik ki, gəlin qəbula keçin, başçı sizi qəbul edəcək. Ancaq onlar narahatlıq yaratmaq istəyirlər. Bununla yanaşı onların hər biri fərdi qaydada qəbul edildi və razı halda qəbuldan getdilər. 
Bizə müxtəlif müraciətlər edirlər. Su məsələsiylə bağlı deyə bilərəm ki, rayona su daxil olduqda daşıyıcı kanallar vasitəsilə kəndlərə daşınır. Hazırda susuzluqla bağlı problem yoxdur. Pensiya, işsizliklə bağlı müraciətlərini çatdırdılar. Eləsi var ki, uzun illər əvvəl dövlətin ona verdiyi pay torpağını satıb. İndi isə deyir ki, mənim pay torpağım qaytarılsın. Torpaq xüsusi mülkiyyətdir, ona biz nə edə bilərik ki? Əgər alqı-satqıda problem yaranıbsa məhkəməyə müraciət etmək lazımdır".
Qeyd edək ki, Saatlı rayonunun icra başçısı Elmir Bağırovdur.

DİGƏR XƏBƏRLƏR

Top