İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə keçirilən birinci sosioloji tədqiqat - onlayn-sorğunun fəaliyyəti aprelin 25-i saat 20:00-da dayandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ADA Universiteti məlumat yayıb. Bildirilib ki, sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini ötüb.
İlkin məlumatlara əsasən, iştirakçıların 54%-i kişilərdən, 46%-i isə qadınlardan ibarətdir. Sorğuda iştirak edənlərin 45%-ni 40 yaşa qədər olan ölkə vətəndaşları təşkil edir.
Hazırda onlayn-sorğunun nəticələri emal mərhələsindədir. Bu mərhələ yekunlaşdıqdan sonra Tədqiqat Qrupu əldə edilən məlumatların təhlilinə başlayacaq və nəticəni müvafiq dövlət qurumuna təqdim edəcək.