Deputatla səfirlik arasında qalmaqal - “Cənab səfir bilsin ki, şər atmırıq, olanı deyirik” - YENİLƏNİB


Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimlinin “Cənubi Koreya ateist dövlətdir. Orada mini yubka, açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər” açıqlaması müzakirələrə səbəb olub. Koreya Respublikasının Azərbaycandakı səfirliyindən verilən məlumatda qeyd olunub ki, Cənubi Koreyada belə geyim üsulunu qadağan edən bir qayda, qanun yaxud nizamnamə yoxdur.

Yeniavaz.com xəbər verir ki, deputat Tahir Kərimli də səfirliyə cavab verib.

O, "pravda.az"a açıqlamasında deyib ki, səsləndirdiyi fikirlər fakta əsaslanır: “Bu barədə mətbuatda da məlumatlar dərc olunub. Məlumatlardan aydın görünür ki, qadağa ləğv olunsa da, yenidən tətbiq olunub. Cənab səfir bilsin ki, şər atmırıq, fikirlərimiz fakta əsaslanır.

Təəssüf edirəm ki, cənab səfirin ölkəsində qəbul edilən qanundan xəbəri yoxdur. Dini inanclar haqqında da məlumatlı deyil. Vikipediyada Koreya haqqında Azərbaycan dilində yerləşdirilən məlumatda qeyd olunub ki, əhalinin 54 faizi ateistdir. Faktiki yarıdan çoxu ateistdir. Şimali Koreya isə tamamilə ateist dövlətdir...”

***23 aprel saat 19:41
Xəbər verdiyimiz kimi, deputat Tahir Kərimli bildirib ki, Cənubi Koreya ateist dövlət olsa da, orada mini ətək və açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilir.

Koreyanın Azərbaycandakı səfirliyi bu fikrə münasibət bildirib.  

Bildirilib ki, Koreya Respublikasında belə geyim üslubunu qadağan edən bir qayda, qanun və yaxud nizamnamə yoxdur. //oxu.az

DİGƏR XƏBƏRLƏR

Top