11 nömrəli İnteqrasiya Təlim İnternat Məktəbi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, “Dostluq Servis” MMC 11 nömrəli İnteqasiya Təlim İnternat Məktəbinin elan etdiyi tenderin qalibi olub.
Tender müsabiqəsinin şərtlərinə əsasən “Dostluq Servis” MMC 11 nömrəli İnteqasiya Təlim İnternat Məktəbinə 85 min manat dəyərində 20 min kub metr içməli su daşıyacaq. Rəqəmlərdən də göründyü kimi 1 kub metr içməli su üçün 4 manat 25 qəpik ödəniləcək.
Qeyd edək ki, bu qiymətlər “Azərsu” ASC-nin əhaliyə satdığı içməli suyun qiymətilə (1 kub metr/1 manat) müqayisədə dəfələrlə çoxdur.
Məlumat üçün bildirək ki, 11 nömrəli İnteqrasiya Təlim İnternat Məktəbi 2 ay əvvəl – bu ilin fevral ayında “Epsılon Servis” MMC adlı bir şirkətdən 76 min manat dəyərində 20 min kub metr, ötən ilin mart ayında isə yenə də “Dostluq Servis” MMC –dən 80 min manat dəyərində 20 min kub metr içməli su alıb. Göründüyü kimi, son bir ildə alınan içməli suyun qiyməti bir-birindən fərqli olub.
Onu da bildirək ki, alınan suyun qiyməti fərqli olsa da, tenderin qalibi olan şirkətlər arasında bağlılıq var. Belə ki, “Epsılon Servis” MMC-nin 08.06.2016-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının 200 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Yasamal rayonu, 8-ci keçid, ev 11-də yerləşən şirkətin qanuni təmsilçisi Yəhyayev Rahim Məmmədhənifə oğludur.
Diqqət çəkən məqamlardan biri odur ki, “Epsılon Servis” MMC ilə eyni gündə (08.06.2016-cı il) və eyni nizamnamı kapitalı (200 manat) ilə qeydiyyata alınan “Dostluq Konsaltinq” MMC də daha əvvəl əvvəl "Çirkab suların daşınması" və "İçməli və texniki suyun satın alınması" məqsədlə internat məktəblər ilə müqavilə imzalayıb.
“Dostluq Konsaltinq” MMC ilə “Dostluq Servis” MMC isə eyni hüquqi ünvanda - Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 187, mənzil 79 – da qeydiyyata alınıb. Hər iki şirkətin qanuni təmsilçiləri də eyni şəxs - Miriyev Famil Şamil oğludur.
Məlumat üçün onu da qeyd edək ki, təkcə Bilgəh qəsəbəsindəki 11 nömrəli İnteqrasiya Təlim İnternat Məktəbi deyil, Türkan, Şüvələn, Buzovna qəsəbələrində yerləşən bir çox təhsil və səhiyyə müəssisələri eyni şirkətlərə içməli su və kanalizasiya xidmətləri üçün yüzminlərlə manat vəsait ayırırlar.
Maraqlıdır ki, son illərdə yüksək səviyyədə yenidən qurulan bu müəssisələrin yaxınlığnda yerləşən digər tikililərdə və ərazlərdə içməli su mövcud olsa da, adları qeyd olunan müəssisələrdə içməli su və kanalizasiya xətti mövcud deyil.
A. Cəfərov