2021-ci ilin birinci rübü ərzində Ermənistanda ən çox vergi ödəyən şirkətlərin siyahısı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, Ermənistanın Milli Statistika Xidməti 2021-ci ilin yanvar-mart aylarında ən çox vergi ödəyən qurumun Rusiyanın “Gazprom” şirkətini Ermənistandakı törəmə şirkəti olan "Gazprom Armenia” olduğunu açıqlayıb. "Gazprom Armenia” şirkəti bu ilin ilk 3 ayı ərzində dövlət büdcəsinə 18,7 milyard dram (35,9 milyon dollar) vergi ödəyib.
Ermənistanın ən böyük vergi ödəyiciləri sırasında 5-ci yeri ötən ilin noyabr ayının 25-nə kimi Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən “Zod” qızıl mədənini qanunsuz şəkildə istismar edən Rusiyanın “GeoProMiningGold” şirkəti tutub. “GeoProMiningGold” şirkəti bu ilin ilk 3 ayı ərzində büdcəyə 3 milyard 775 milyon dram (7,2 milyon dollar) vergi ödəyib.
Qeyd edək ki, ötən ilin noyabr ayının 25-də Ermənistan qoşunları işğal etdikləri Kəlbəcər rayonunu tərk edib. Bu tarixdən sonra “GeoProMiningGold” şirkətinin istismar etdiyi “Zod” qızıl mədənini təxminən 70%-i Azərbaycan ərazisində qalıb.
Maraqlıdır ki, “Zod” qızıl mədənini təxminən 70%-i Azərbaycan ərazisində qalmasına baxmayaraq “GeoProMiningGold” şirkəti ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayında vergi ödənişlərini artırıb. Belə ki, ötən ilin yanvar-mart aylarında “GeoProMiningGold” şirkəti bu ilin yanvar-mart ayları ilə müqayisədə 36% və ya 1 milyon dram daha az vergi ödəmişdi.
Onu da bildirək ki, “Zod” qızıl mədəni 1976-cı ildən istismar olunur. Mədən əsasən qızıl və gümüş ehtiyatlarına malikdir. Ermənistan tərəfinin açıqladığı sonuncu məlumatda qeyd olunur ki, “Zod” qızıl mədəninin yenidən qiymətləndirilmiş ehtiyatları 31 min 141 ton filizdir ki, bunun da 133,5 tonu qızıl və 175,6 tonu gümüşdür. “Zod” qızıl mədəni 2018-ci ildə 162 milyon dollara İsveçrəyə 4 min 518 kiloqram qızıl ixrac edib.
SSRİ-nin süqutundan qısa müddət sonra – 1996-cı ildən etibarən Ermənistan “Zod” qızıl mədənini qanunsuz şəkildə istismar edib. 1996 –cı ildən sonra qızıl mədənini “Hayoski” Dövlət Müəssisəsi ilə “Global Gold” şirkəti birgə istismar edib. Bir müddət sonra “Global Gold” şirkəti öz payını Kanadanın “First Dynasty Mines” şirkətinə satıb. 2002-ci ildə “Zod” qızıl mədəninin tək sahibi Hindistanlı iş adamı Anil Agarval olub. Daha sonra Hindistanlı iş adamı mədəni Rusiyanın “GeoProMining Gold Company” şirkətinə satıb.
Bu ilin oktyabr ayında açıqlanan məlumata görə, “Zod” qızıl mədənində 1654 nəfər işçi işləyib. 2019-cu ildə "GeoProMining Gold" şirkəti dövlət büdcəsinə 16 milyard dram (32 milyon dollar), 2020-ci ildə isə 23 milyard dram (44 milyon dollar) vergi ödəyib.
A.Cəfərov