9 ildir ikinci qrup əlilliyi olan vətəndaşın müavinəti kəsilib – "Gedib, soruşuram, deyirlər araşdırma gedir"


Son zamanlar ölkədə vətəndaşlar əlillik dərəcələrinin ləğv olunması və onun yenidən bərpa olunması ilə bağlı bir sıra problemlər yaşayırlar. Eyni problemi yaşayan vətəndaşlardan biri də Binəqədi rayon Biləcəri qəsəbəsi sakini Əliyev Elxan Firudin oğludur. 2012-ci ildən II qrup əlillik dərəcəsi alan Ə. Elxan müavinətin kəsilməsi ilə bağlı Yeniavaz.com saytına müraciət edib.
Onun sözlərinə görə,  əlillik qrupunun və müavinətin bərpası üçün lazımi sənədləri yenidən göndərsə də, aylardır heç bir cavab gəlmir:
“2012-ci ildə infarkt keçirdim daha sonra həmin müddət ərzində  şəkər xəstəliyinə tutuldum. İki il öncə isə onurğa sümüyündəki qığırdaqların biri qırılıb kanala düşdü və əməliyyat olundum. Ürək problemimdən başqa bel problemimdən də əziyyət çəkirəm. Bu xəstəliklərlə bağlı bütün lazımi sənədləri göndərmişəm. 
Əvvəl 1 ildən bir yenidən yoxlanışlardan keçirdik daha sonra nüddəti uzadıb 5 il etdilər. Yanvar ayının 6-da vaxtım bitirdi və qanunla stasionar müalicə almaq üçün xəstəxanaya getməliydim. Buna görə də poliklinikadan tibbi göndəriş aldım, lakin həmin vaxt koronavirusun kəskin artdığı vaxtlar idi, buna görə xəstəxanalar məni qəbul etmədi. Dedilər ki, COVİD-19-a görə bağlıdır. “VTEK”ə müraciət etdim ki, bəs mən nə edim. Bildirdilər ki, şifahi dillə yox, tibbi göndərişin üzərində səbəb qeyd olunsun, daha sonra da poliklinikaya təqdim et. Mən də həkimimə müraciət etdim, onlar da Forma-88 üçün bütün sənədləri nazirliyə göndərdilər. Mənlə eyni vaxtda sənədləri göndərənlərin hamısına cavab gəldi ki, kompüterdə texniki problem olub, sənədləri yenidən göndərin. Yenidən Binəqədi rayonunda olan “VTEK”ə getdim, bildirdilər ki, belə problem olub, yenidən müraciət edin. İkinci dəfə də fevral ayında müraciət etdik. Ondan sonra hələ də cavab gəlməyib. Hər dəfə poliklinikaya gedib, soruşuram, deyirlər araşdırma gedir”. 
Şikayətçimiz onu da qeyd etdi ki, xəstəliyi ilə bağlı dərmanlar qəbul edir və heç bir yerdə işləmədiyindən, buna maddi imkanı çatmır: “Birinci dəfə əlillik dərəcəsi alanda “əmək qabiliyyəti tam itirilib” kimi qeyd etdilər. Bir neçə dəfə kommissiya yoxlanışından keçdikdən sonra isə dəyişib, “öz peşəsi üzrə işləyə bilər” yazdılar. Yenidən işləmək istəyəndə, iş tapa bilmədim. Daha sonra da o biri xəstəliklərim oldu deyə, işləyə bilmədim və hal-hazırda da heç bir yerdə işləmirəm”.




Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında məsələnin araşdırılacağını bildirdi.

DİGƏR XƏBƏRLƏR

Top