Azərbaycanlı kamança çalan İsraildə ustad dərsləri verib

İsrailin ən qədim şəhərlərindən birində - Safatda yerləşən "Məqamət" Şərq Musiqisi Akademiyasının tələbələri yeni ildə bir həftə ərzində tanınmış Azərbaycan kamançaçalanı Elşən Mənsurovun ustad dərslərində iştirak ediblər. Bu barədə Bakı şəhəri Mədəniyyət və Turizm baş İdarəsindən məlumat verilib. İsrailli dinləyiciyə həm ifaçı, həm də müəllim kimi yaxşı tanış olan E. Mənsurovun gəlişi tələbələr və Azərbaycan milli musiqisinin bütün pərəstişkarları üçün əsl bayrama çevrilib.

Qeyd edək ki, "Məqamət" Akademiyası israilli mesenat Moşe Tovanın vəsaiti hesabına fəaliyyət göstərir. Tələbələrin tədrisi, akademiyanın və əcnəbi mütəxəssislərin saxlanması xərclərini bu çoxşaxəli strukturun dəstəklənməsi üçün lazım olan bütün işləri o maliyyələşdirir. Burada müxtəlif Şərq ölkələrində ali musiqi təhsili almış peşəkar musiqiçilər dərs deyirlər.

Onu da bildirək ki, Safatdakı Şərq Musiqisi Akademiyası azı yeddi yüz il əvvəl Osmanlı İmperiyası dövründə inşa edilmiş qədim binada yerləşir. Bu bina Safatda yeganə tikilidir ki, mövcud olduğu bütün illər ərzində fasiləsiz fəaliyyət göstərib.

DİGƏR XƏBƏRLƏR

Top