Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirib, nəticədə odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxslər zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəlbəcər rayon sakini Zeynalabdin Əzimov Gəncə şəhəri ərazisində "AK" markalı silahı və 17 ədəd patronu 2000 manata satarkən tutulub.
Qeyd edək ki, Z. Əzimov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunub.
İlkin ifadəsi zamanı saxlanılan şəxs odlu silah-sursatı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyini və sataraq gəlir əldə etmək istədiyini etiraf edib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah-sursat satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb.
Belə ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Samir Zülfüqarov "AK" markalı silahı, patron darağını və 11 ədəd patronu 1000 manata satarkən tutulub.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.