Ötən ay Mərkəzi Bankın valyuta ehtiyatları 36,6 milyon dollar və ya 0,91% azalaraq 3 milyard 974,4 milyon dollara düşüb. "Yeniavaz.az" Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinədən bildirir ki, valyuta ehtiyatlarının həcmi 9 il əvvəlki səviyyəyə enib. Belə ki, Mərkəzi Bankın valyuta ehtiyatları sonuncu dəfə 2008-ci ilin yanvar ayında bu səviyyədə olub. Ötən bir il ərzində isə valyuta ehtiyatları 1 milyard 42,3 milyon dollar və ya 20,8% azalıb. Qeyd edək ki. 2016-ci ilin yanvar ayının əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 16,7 milyon dollar həddində olub.
Ehtiyatların azalması valyutaların dekabrda ucuzlaşması ilə bağlıdır
Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyev deyib ki, ehtiyatların azalması böyük ehtimalla onun tərkibinə daxil olan valyutaların dekabrda ucuzlaşması ilə bağlıdır: "Ötən il dekabrda avro dollara nisbətən 0,9%, ingilis funtu isə 1,5% ucuzlaşıb. Neft Fondundan Mərkəzi Banka 2017-ci ildə 4,2 milyard dollar ayrılması valyuta ehtiyatının azalmasını arxa plana keçirib. Çünki il ərzində gözlənilməz hal baş verməsə, Mərkəzi Bank bazarı ehtiyatları hesabına yox Neft Fondunun transferti hesabına tənzimləyəcək. Güman ki, valyuta ehtiyatlarının il ərzində azalması daha çox məzənnə fərqi hesabına olacaq".
Valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə yüksəlib
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə - 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan - avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib - 1 milyard 238 milyon dollar.
2008-ci il ərzində valyuta ehtiyyatları 2 dəfəyə yaxın artaraq
Onu da bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyyatları 2008-ci il ərzində 2 dəfəyə yaxın (45%) artaraq 3 milyard 370,4 milyon dollardan 6 milyard 137 milyon dollara qədər yüksəldiyi halda, 2009-cu ildə 15,9% və ya 976 milyon dollar azalaraq 5 milyard 161 milyon dollara düşüb. Bundan başqa, valyuta ehtiyatları 2010-cu ildə 19,5% və ya 1 milyard 245,9 milyon dollar artaraq 6 milyard 407 milyon dollara, 2011-ci ildə isə 63,5% və ya 4 milyard 73,9 milyon dollar artaraq 10 milyard 481,5 milyon dollara yüksəlib. 2012-ci idə isə 11,5% və 1 milyard 213,3 milyon dollar artaraq 11 milyard 694,8 milyon dollara çatıb. 2013-cü ildə isə artım 35% və ya 3 milyard 670,5 milyon dollar təşkil edib. 2014-cü ildə 2,8% və ya 393,7 milyon dollar azalaraq 13 milyard 758,3 milyon dollara düşüb. 2015-ci ildə azalma 2,7 dəfə və ya 8 milyard 741,6 milyon dollar təşkil edib.
Son 11 ildə Mərkəzi Bankınvalyuta ehtiyatları: |
|
TARİX |
VALYUTA EHTİYATLARI |
31.12.2006 |
1 967,3 mln. $ |
30.11.2007 |
3 370,4 mln. $ |
30.12.2008 |
6 137 mln. $ |
29.12.2009 |
5 161,7 mln. $ |
30.12.2010 |
6 407,6 mln. $ |
30.12.2011 |
10 481,5 mln. $ |
31.12.2012 |
11 694,8 mln. $ |
30.12.2013 |
14 152 mln. $ |
31.12.2014 |
13 758,3 mln. $ |
30.12.2015 |
5 016,7 mln. $ |
30.12.2016 |
3 974,4 mln. $ |