"Martda məktəblər yenidən bağlana bilər" – TN yanında İctimai Şuranın məsul katibi


Nazirlər Kabineti xüsusi karantin dövründə təhsil, təlim və tərbiyə prosesinin müvəqqəti qaydalarını açıqlayıb. Nəticədə Azərbaycanda orta məktəblər qismən də olsa fəaliyyətini bərpa edib. Buna baxmayaraq narahatlıq yenə də mövcuddur. Məktəblərdə yoluxma halları müşahidə olunmaqdadır. Bəzi lokal xarakterli qərarlar qəbul edilib. Yoluxma aşkarlanan məktəblərdə tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Biz bunu gözləyirdik.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Teleqraf.com-a Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, pandemiya davam etdiyi müddətdə təhsil müəssisələrində yoluxma halları istisna deyil: "Hansı məktəblərdə yoluxma varsa, ona uyğun qərar qəbul ediləcək. Bağlanan məktəblərin sayı arta bilər, bu, istisna deyil. Biz hər zaman vətəndaşlara, valideynlərə çağırış edirik ki, pandemiya dövrü üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etsinlər. Belə olsa, əlbəttə, yoluxma artmaz”.

İlqar Orucov bildirib ki, mart ayında məktəblərin bağlanması vəziyyətdən asılı olacaq: “Hazırda buna birmənalı cavab vermək mümkün deyil. Bu, mövcud vəziyyət və situasiyadan asılıdır. Mart ayında yoluxma sayı artmasa, proses kəskinləməsə, məktəblər fəaliyyətini davam etdirəcək. Əksinə, vəziyyət idarə olunmaz situasiyaya keçərsə, adekvat qərarlar qəbul ediləcək və məktəblər yenidən fəaliyyətini dayandıra bilər. Bunlarla bağlı hər hansı təxminləri ididən söyləmək mümkün deyil.

Hazırda yoluxma sayında kəskin artım yoxdur. Lakin vətəndaşlar məsuliyyət nümayiş etdirməsələr, mart ayında məktəblər yenidən bağlana bilər. Ona görə də burada vətəndaş məsuliyyəti məsələsi yenə də öz sözünü deyir”.

Təhsil eksperti bildirib ki, gələn ay məktəblərin bağlanması ilə bağlı indi deyilənlər şayiədir: “Hazırda məktəblərdə hər gün monitorinq aparılır. Bütövlükdə rəhbərləri, təhsil şöbələri, şəhərlərdə təhsil idarələri bu işə səfərbər olunublar. Proseslə bağlı məlumatlar hər gün nazirliyə daxil olur, sistemləşdirilib Operativ Qərargaha məlumat verilir. Məktəblərdə pandemiya ilə bağlı bütün qərarlara, tövsiyələrə birmənalı şəkildə əməl olunur".

DİGƏR XƏBƏRLƏR

Top