Yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu cür tender müsabiqələrində biri Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilib.
Xəzər rayon Gənclər və İdman İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Tremix-Co” MMC olub. Tender müsabiqəsi yanvar ayının 29-da elan olunub. “Tremix-Co” MMC isə təxminən ay yarım əvvəl – 09.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan bu şirkət Xəzər rayon Gənclər və İdman İdarəsindən 2 milyon 207 min 100 manat alacaq.
“Tremix-Co” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Səməd Vurğun, ev 96, m. 17-də yerləşir. Qanuni təmsilçisi isə Qəmbərova Günel Oqtay qızı.
Məlumat üçün qeyd edək ki, qanuni təmsilçisi Qəmbərova Günel Oqtay qızı olan və Səməd Vurğun, ev 96, m. 17 ünvanında 17.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınan daha bir şirkət – “Dekoma Qrup” MMC olub. “Dekoma Qrup” MMC qeydiyyatdan keçdikdən təxminən 25 gün sonra – yanvar ayının 12-də Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən elan olunan 164 min 900 manatlıq tender müsabiqəsində qalib gəlib.
Onu da bildirək ki, qanuni təmsilçisi Qəmbərova Günel Oqtay qızı olan və Səməd Vurğun, ev 96, m. 17 ünvanında 22.12.2020-ci il tarixində daha bir şirkət - “Alteks Ltd” MMC dövlət qeydiyyatına alınıb.
Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 1-2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin milyonlarla manat dəyərində tender müsabiqələrini hansı peşəkarlıq və təcrübə hesabına qazandıqları aydın deyil.
A. Cəfərov