Qobustan rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Qobustan rayon Gənclər və İdman İdarəsi “Gənclər siyasəti yarışları üçün medal, diplom, suvenir hədiyyə divar saatı və sair mallar”ın satınalınması məqsədilə “Qobustan-İnşaat” MMC-yə (VÖEN – 4800607331) 12 min 450 manat ödəyəcək.
Nəlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Qobustan-İnşaat” MMC bir ay əvvəl – 18.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Qobustan şəhəri, Yeni Massiv-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Bayramov Aləm Məhəmmədəli oğludur.
Qeyd edək ki, Qobustan rayon Gənclər və İdman İdarəsi kotirovka sorğusunu 26.01.2021-ci il tarixində elan edib. “Qobustan-İnşaat” MMC isə elandan cəmi 8 gün əvvəl dövlət qeydiyyatına alınıb. Bu günlərin də 3-ü qeyri iş günlərinə təsadüf edib.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 5 gün (iş günü) əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.