Prezidentin SOCAR-la bağlı Fərmanı socar.az saytına yerləşdirilməyib – AÇIQLAMA + FOTOFAKT


Xəbər verdiyimiz kimi, 23 yanvar 2021-ci il tarixində Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, şirkətin in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Prezidentin digər bir Sərəncamı ilə İqtisadiyat naziri Mikayıl Cabbarov SOCAR Müşahidə Şurasının sədri təyin olunub.
Yeniavaz.com xəbər verir ki, Prezidentin məlum Fərmanından 10 gün keçsə də SOCAR-ın rəsmi veb-səhifəsində - socar.az-da bu barədə heç bir məlumat yerləşdirilməyib.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən SOCAR-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri İbrahim Əhmədov bildirdi ki, socar.az-ın xəbərlər bölməsində şirkətə məxsus pres-relizlər yerləşdirilir: “Bu SOCAR-ın pres-relizlərinin yer aldığı portaldır. Məlumatın mənbəyi biz olmadığımıza görə, onu yerləşdirə bilmərik”.
SOCAR rəsmisi qeyd etdi ki, Müşahidə Şurası barədə məlumatın portalda hansı formada yerləşdiriləcəyi müəyyən olunduqdan sonra socar.az-ın müvafiq bölməsində yerləşdiriləcək.
Məlumat üçün xatırladaq ki, müşahidə apardığımız zaman socar.az portalında qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbərinin dediklərindən fərqli olaraq, mənbəyi şirkətə məxsus olmayan məlumatlara da rast gəldik.
Məsələn, 7 noyabr 2019-cu il tarixində socar.az portalının xəbərlər bölməsinə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik etmişdir” başlıqlı məlumat yerləşdirilib və bu məlumatın mənbəyi SOCAR deyil. Məlumatın mənbəyi Prezidentin Mətbuat Xidmətidir.
Yaxud, 20 sentyabr 2019-cu il tarixində socar.az portalının xəbərlər bölməsinə “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə” başlıqlı məlumat yerləşdirilib və bu məlumatın da mənbəyi SOCAR deyil.
Eyni zamanda onu da qeyd edək ki, Prezidentin SOCAR ilə bağlı imzaladığı Fərmanların socar.az portalında hansı formada yerləşdiriləcəyi daha əvvəl müəyyən olunub.
Məsələn, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixində imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 844 nömrəli Fərman olduğu kimi socar.az portalının “Qanunvericilik” bölməsinə yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top