"Hansısa oliqarx-məmur gətirdiyi sayğaclarını sırımaq istəyir" - Aslan İsmayılov


"Bir neçə il əvvəl mexaniki qaz sayğaclarını elektron sayğaclarla əvəz etdilər. Bəzi nöqsanlarına baxmayaraq insanlar üçün çox əlverişli idi, hər kəs puluna görə qaz işlədə bilərdi. İndi yenidən əvəzləmə başlayıb və bu dəfə tam tərsini edirlər. Elektron sayğacları mexaniki ilə əvəz edirlər. Bu da onsuz da səbri tükənmiş insanları tam sıradan çıxardır. Öz məmurlarımızı gözəl tanıdıqlarından insanlar yaxşı bilirlər ki, maraqları olmasa bu dəyiş-düyüş oyunu olmaz”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri tanınmış hüquqşunas Aslan İsmayılov “facebook” hesabında yazıb.    
Onun sözlərinə görə, çoxlarının bildirdiyinə görə bu sayğaclarla manipulyasiya edilir, yəni istifadə ediləndən də çox yazılır:
“Mən də israr edirəm ki, bu növbəti fırıldaqdır və yenidən hansısa oliqarx-məmur gətirdiyi sayğacları sırımaq istəyir. Əgər belə deyildisə, onda istifadəyə yararlı sayğaclar niyə dəyişdirilir?! Yox, indi bəzi məmurlarının israr etdiyi kimi, əgər elektron sayğaclar istifadəyə yararsız idisə, niyə dəyişdirilirdi?! Deməli, birinci dəfə dələduzluq olmuşdu. Axı bu proses milyonlarla insanın narahatçılığına səbəb olur və buna on milyonlarla pul sərf edilir. Belə ağrılı prosesi nə üçün əvvəldən götür-qoy edib nəzərdə tutmamışdılar. Mən hələ qazın keyfiyyətini, bir gündə bir neçə dəfə kəsilib açılmasını, gün ərzində qazın gah şam kimi, gah da atəşgah kimi verilməsini demirəm. Özü də məhz bu kəsilmələr, stabil səviyyədə qazın verilməməsi illərdir ki, çoxlu insan faciəsinə səbəb olur. Bu günə qədər bir dənə məmur buna görə məsuliyyətə cəlb edilməyib. Nəticə yenə təxmin etdiyim kimidir. Kimlərsə bilərəkdən, yaxud bilməyərkdən insanları narazı salmaq üzərində var gücləri ilə çalışırlar”.

DİGƏR XƏBƏRLƏR

Top