Noyabrın 9-u şəhid olan Kəmaləddinin son sözləri: “Onların qisasını almalıyam” – FOTOLAR


Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də 21 yaşlı Məmmədzadə Kəmaləddin Vuqar oğludur. O, 1999-cu il sentyabrın 14-ü  Bakıda anadan olmuşdur və 1-ci sinfə Bakı şəhəri, 249 nömrəli  orta məktəbdə getmişdir. 11-ci sinfi elə bu məktəbdə başa vuran Kəmaləddin Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin Geodeziya və xəritəçilik ixtisasına daxil olub. 2 il universitetdə oxuyan Kəmaləddin, uşaqlıqdan Vətən sevgisi ilə böyüdüyündən təhsilini yarıda qoyaraq 08.01.2020 tarixində hərbi xidmətə yollanıb. O, Vətən müharibəsinin ilk günlərindən döyüş bölgəsində iştirak edərək, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bir çox strateji yüksəkliklərin işğaldan azad edilməsində iştirak edərək düşmənin çox sayda tankını məhv etmiş, düşmənə ağır zərbələr endirmişdir. Noyabrın 9-u səhər saat 5:00-da Şuşa şəhərindən Xankəndi şəhərinə daxil olarkən ermənilər tərəfindən mühasirəyə alınır və boynundan snayperlə vurularaq qəhrəmancasına şəhid olur.

Şəhidin bacısı Ülkər Məmmədzadə Yeniavaz.com-a açıqlamasında qardaşı ilə son dəfə noyabr ayının 1-də danışdıqlarını bildirdi:
“Danışanda dedim ki, qaqaş, mənim yuxumdan heç çıxmırsan. Sən məni görürsənmi yuxunda? Dedi ki, Ülkər, vallah nə yatmağım var ,nə durmağım,nə yemək yeyə bilirəm, nə də su içə bilirəm. Başım o qədər qarmaqarışıqdır ki,elə bil yaşadıqlarım özü bir yuxudur. Bir şeyi bilirəm ki, hər şey ola bilər. Ola bilsin yaralı, ola bilsin şəhid... Dedim ki, nə olar elə demə, məni, anamı, atamı düşün. Onda da qayıdıb dedi ki, sözdü də deyirəm , telefonu ver anamla da danışım. Anamla danışanda deyib ki, şəhid olsam nə edərsən? O da cavabında, balam qurban olaram ele demə, nə olar sən yox, sən yox! Daha sonra da atamla danışmaq istəyib və deyib ki, hər şey ola bilər, ancaq irəli gedəcəyik. Atam deyib ki, yox, oğlum ürəyimi partlatma ,dəli olaram mən. Ən sonda isə bildirib ki, 3 əsgər yoldaşım şəhid olub, mənim onlardan nə əskiyim var,onların qisasın almalıyam. Mənə artıq heç nə deməyin yoxsa zəng etmərəm bir də. Bu sözləri dedi və zəng etmədi. Noyabrın 9-u şəhid oldu, xəbəri isə 11-i gəldi. Noyabr ayının 12-də Saatlı rayonu, Xələfli kənd qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn etdik. Kəmaləddin şəhid olduqdan sonra göstərdiyi şücaətə və torpaqların azad edilməsinə görə bir neçə medalla təltif olunub”.
Qeyd edək ki, şəhidin bacısı Ülkər Məmmədzadə qardaşına şeir həsr edib.
Sözügedən şeiri təqdim edirik:




DİGƏR XƏBƏRLƏR

Top