"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin adı ilə məzmunu üst-üstə düşmür". Yeniavaz.com xəbər verir ki, bunu hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, xəritədə bütövlükdə kiçik və orta sahibkarlığın (KOS) inkişafından bəhs edilir: "Yəni söhbət sırf "istehlak mallarının istehsalın"dan getmir. Əslində, elə belə də olmalıdır, yəni hədəf bütövlükdə sahibkarlığa şəraitin yaradılmasıdır. İstehlak mallarının istehsalı isə artıq bunun tərkib hissələrindən biridir".
Ekspert bildirib ki, xəritədə kiçik və orta sahibkarlıq (KOS) sahəsindəki problemlər etiraf olunur, statistik məlumatlar açıqlanır: "Sənəddə xarici ölkələrlə müqayisə aparılır və bizdəki vəziyyətin ürəkaçan olmadığı vurğulanır. Problemin etirafı da az iş deyil bizim şəraitdə. 12-ci səhifədə milli sahibkarlığın zəif tərəflərindən biri kimi bu göstərilir: "KOS subyektlərinə dəstək göstərən dövlət orqanlarının və xüsusi institutların sayının məhdud olması". Bəziləri hələ də başa düşməyib ki, sahibkara mane olan dövlət qurumları az olsa, kifayətdir, dəstəkverənə ehtiyac yoxdur, çünki nəticədə hər belə dəstəkverən mane olana çevrilir. Əlavə dövlət qurumları yaradıb yeni məmur ordusu yaratmağa, sahibkarladan alıb onlara yedizdirməyə nə lüzum var axı?! Daha sonra Xəritədə deyilir ki, sahibkarların hüquqlarının qorunması ilə bağlı Apelyasiya Şuraları yaradılıb. Nə olsun ki? Həmin şuralar da sahibkarı top kimi ötürə-ötürə yola salır, dadına çatmır. İnstitutlar işləmirsə, onları yaratmağın nə mənası var?
Yaxşı, bəs xəritə müəllifləri bu problemləri bundan sonra necə həll etməyi düşünür? "Qanunvericiliyi təkmilləşdirəcəyik" və bu kimi digər ümumi və deklarativ ifadələri kənara qoysaq, aşağıdakı tədbirlərin görülməsi planlaşdırılır:
1. Mərkəzləşdirilmiş KOS agentliyinin yaradılması. Bu agentlik sahibkarlara dəstək verməklə məşğul olacaq. Necə, nə cür - məlum deyil. Amma agentliyin özünə 10 mln. manat vəsait tələb olunur. Xəritənin özündə tədbirin icrasının yeganə riski kimi bu göstərilir: "Agentliyin fəaliyyətinin düzgün təşkil edilməməsi". Yəni əl yeri qoyulur ki, 10 mln. göyə də sovrula bilər.
2. Sənaye zonalarının və klasterlərin yaradılması. Orada real nə edəcəklərini bilmirəm, amma icrasına 630 mln. manat istəyirlər. Düzdür, risklərdən biri kimi də səmimi olaraq bunu göstərirlər: "Dövlət tərəfindən ayrılan vəsaitlərin qeyri-effektiv xərclənməsi". Mövcud idarəetmə və institutlar şəraitində böyük ehtimalla elə belə də olacaq".
"Üçüncü məqam isə odur ki, biznes assosiasiyaları təşkil ediləcək. Hətta qadın sahibkarların da belə birlikləri olacaq. Qeyri-hökumət təşkilatlarının təsis edilməsindəki problemlər hamıya bəllidir. Yəni sahibkarlar istisna olacaq? Yaşayarıq - görərik",-deyə qeyd edən Ə. Həsənov sahibkarlara maliyyə resurslarına sərfəli və səmərəli çıxışın təmin edilməsi mövzusuna da toxunub: "Xəritənin özündə də göstərilir ki, sahibkarlar aşağıdakı dövlət qurumlarından maliyyələşir:
1) Sahibkarlığa Kömək Milli Fondu;
2) Azərbaycan İnvestisiya Şirkəti;
3) Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu;
4) Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti;
5) İnformasiya Texnologiyalarının İnkişaf Dövlət Fondu.
Amma Xəritə müəllifləri bunun kifayət etmədiyini vurğulayır və beynəxalq maliyyə bazarlarına çıxışın vacib olduğunu qeyd edirlər. Düzgün tövsiyədir, amma buna necə nail olacağıq və dövlət nə edəcək bu sahədə? Dövlət heç olmasa adı çəkilən 5 dövlət qurumu tərəfindən maliyyələşməsini şəffaf və ədalətli təşkil edə bilsə, kifayət edər".
Əkrəm Həsənov qeyd edib ki, bütövlükdə bu Xəritənin icrası üçün 700 mln. manat tələb olunur: "Bu qədər pul istəyir Xəritə müəllifləri. Faydası olsaydı, bundan çox da ayırmaq olardı. Əvvəllər də dəfələrlə vurğulamışam ki, iqtisadi islahatların uğuru üçün əsas şərt səmərəli institutların yaradılmasıdır: - mülkiyyət hüququnun müdafiəsi, müqavilələrin icrası, sağlam rəqabət, keyfiyyətli mülki və əlaqədar qanunvericilik, müstəqil və ədalətli məhkəmələr və s".
Nicat