Maliyyə sektorunda rəqəmsal həllər - ARAŞDIRMA

ARB 24 MMC
Aparıcı, qrup rəhbəri Rüfət Seyidov


                                                        GİRİŞ

 Rəqəmsal texnologiyalar erasının yaxınlaşması qlobal iqtisadiyyatın fundamentini silkələdi. Ortaya maliyyə və texnoloji innovasiyaların çıxması dövlət institutlarını dünya ticarətinin sərhədlərinə yenidən baxmağa faktiki olaraq məcbur etdi. Rəqabətdə geridə qalmamaq üçün ölkələr sırf elektron xidmətlər üzrə yarışa başladı və son 15 ilin tendensiyası onu deməyə əsas verir ki, yarış davam edərək bir az da şiddətlənəcək. Bəs görəsən ölkələr, xüsusən də Azərbaycan bu yarışda özünü necə göstərəcək? Azərbaycanda rəqəmsal hökumətin inkişafı, maliyyə sektorunda tətbiq edilən həllər, qanunvericiliyin yeni texnoloji trendlərə uyğunlaşdırılması prosesi nə yerdədir? Görəsən ictimaiyyətə daha əlçatan sistemləri təqdim etmək üçün nələrə ehtiyac var? İrəlidə bu və digər sualların cavabını axtaracağıq. Əvvəlcə isə gəlin qlobal maliyyə sektorunda baş verənləri müqayisəli şəkildə gözdən keçirək.

                   1-ci hissə. Dövlət-maliyyə-texnologiya üçbucağı.

                                                        Maliyyə


         Son 15 ildə informasiya-kommunikasiya texnologiyalarının qlobal həcmi 1,3 faizdən 3 faizə qədər artıb. Hər il isə bu tendensiya bir az da sürətlənir. Hökumətin və özəl sektorun birgə fəaliyyətinin effektivlik əmsalı nə qədər çoxdursa, texnoloji proqress də bir o qədər sürətli gedir. Texnoloji cəhətdən daha çox inkişaf edən ölkə əməkdaşlıq etdiyi digər ölkələrlə fəaliyyəti zamanı məlumat mübadiləsi aparır ki, bunun sayəsində də qlobal maliyyə texnologiyalarını özündə ehtiva edən inkişaf zənciri yaranır. Bəs görəsən bu zəncirin ən yuxarı nöqtəsində dayanan ölkələr hansılardır?

         (QRAFİKA 1) MALİYYƏ TEXNOLOGİYALARININ XİDMƏT                                                    SEKTORUNDA İNTEQRASİYASI
 

Yer

Ölkə

İnteqrasiya səviyyəsi (faizlə)

1

Çin

69

2

Hindistan

52

3

Rusiya

43

4

Böyük Britaniya

42

5

Braziliya

40

6

Avstraliya

37

7

İspaniya

37

8

Meksika

36

9

Almaniya

35

10

CAR

35

11

Birləşmiş Ştatlar

33

12

Honqkonq

32

13

Cənubi koreya

32

14

İsveçrə

30

15

Fransa

27

16

Niderland

27

17

İrlandiya

26

18

Sinqapur

23

19

Kanada

18

20

Yaponiya

14


         Qrafikada 2020-ci il 1 iyun-2020-ci il 30 noyabr, yəni 6 ay aralığında istifadəçilərin maliyyə texnologiyaları xidmətlərinə 1 və daha çox müraciətinə əsasən lider ölkələrin siyahısını görürsüz. Bu tip statistik məlumatlarda əhalinin sayı və texnoloji inteqrasiyanın əhəmiyyəti olduqca böyükdür. Təsadüfi deyil ki, Çin siyahıda ilk yerdədir. Qlobal onlayn müraciətlərin böyük hissəsi – 50 faizi onlayn tranzaksiyaların, 24 faizi sığorta əməliyyatlarının, 20 faizi investisiya ilə əlaqədar əməliyyatların, 10 faizi kreditlərin, 10 faizi də digər maliyyə əməliyyatlarının payına düşür.

         (QRAFİKA 2) ELEKTRON SİSTEMLƏRƏ MÜRACİƏTLƏR ÜZRƏ                                                                        QLOBAL BÖLGÜ

Onlayn pul köçürmələri – 50%
Sığorta – 24%
Yığım və investisiya – 20%
Kredit – 10%
Digər maliyyə əməliyyatları – 10%

         Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da pul köçürmələrinin həcmi onlayn maliyyə əməliyyatlarında üstünlük təşkil edir. Amma biz bunu sığorta sektoru üzrə elektron mübadiləyə təəssüflər olsun ki, şamil edə bilmirik. Səbəbi bilmək üçün isə ön plana yenidən statistika gəlir.

         (QRAFİKA 3) Azərbaycandakı sığorta şirkətlərinin sayı:

Qeyri-həyat sığorta şirkətləri           15

Həyat sığorta şirkətləri                    4

Təkrarsığorta şirkətləri                    1


         Azərbaycanda 15 qeyri-həyat, 4 həyat, 1 təkrarsığorta şirkəti var. 2020-ci ilin yanvar-oktyabr aralığında sığorta sektorunun göstəricilərinə baxsaq, müşahidə edə bilərik ki, sığorta yığımı 628,3 milyon manatdır. Böyük qismi onlayn formada reallaşdırılan sığorta ödənişi əməliyyatlarının həcmi isə 350 milyon manatdır. Yığımın ödənişdən 2 dəfəyə yaxın çox olması sığorta sektoruna etimadın göstəricisidir.



(QRAFİKA 4) 2020-Cİ İLİN YANVAR-OKTYABR ARALIĞINDA SIĞORTA                                                                  İCMALI
 

Sığorta haqqı                628.3 milyon manat
Sığorta ödənişi               350 milyon manat


         Və bu etimad artır. Sığorta haqları üzrə 1 illik fərqdə 57,8 milyon, ödənişlərdə isə 124,6 milyon manatlıq profisit var.
 

         (QRAFİKA 5) 2019-cu ilin eyni dövrü ilə müqayisədə:

Sığorta haqqı                 57.8 milyon manat artım

Sığorta ödənişi             124.6 milyon manat artım


         Amma bu göstərici bir neçə dəfə çox ola bilərdi. Azərbaycanın sığorta sisteminin elektron platforma üzərindən effektiv fəaliyyət göstərməsi sayəsində. Bir az əvvəl qeyd etdiyimiz kimi, indiki istifadəçi, müştəri 10 il əvvəlki müştəri deyil. Bəs görəsən Azərbaycanın sığorta sektoru vətəndaşlara hansı növ sığorta üzrə elektron həllər təqdim edir?

         (QRAFİKA 6) SIĞORTA SEKTORU ÜZRƏ ELEKTRON XİDMƏTLƏR

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası;

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası;

Daşınmaz əmlakın icbari sığortası;

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası;

Sərnişinlərin icbari fərdi qəza sığortası.
 

         Sığortaçılar Assosiasiyasının məlumatına görə Azərbaycanda 5 icbari sığorta növü tətbiq olunur. Onların 5-i də elektronlaşdırılıb. Bunlar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, daşınmaz əmlak və istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortasıdır. Növbəti mərhələdə könüllü sığorta növlərinin də tam elektronlaşdırılması nəzərdə tutulur. Təəssüflər olsun ki, bu vaxtadək maliyyə sektorunun sığorta seqmentində elektron həllərlə bağlı kifayət qədər işlər görülmədiyindən, ictimaiyyət sığortaya necə deyərlər inanmır, ya da bu sahə barədə məlumatsızdır. Dünya ölkələri üzrə elektron xidmətlərdə pul köçürmələrindən sonra 2-ci yerdə 24 faizlə sığorta sektorunun gəlməsi, Avropa ölkələrinin 80-85 faizində analoji statistikanın olması, amma Azərbaycanda bu göstəricilərin hələ ki əlçatan olmaması da məhz bu amilər səbəbindəndir:

                                               (QRAFİKA 7)
1. Elektron sistemlərin sığorta sektoruna lazımi qədər inteqrasiya edilməməsi;
2. Vətəndaşların sığorta sektoru və xidmətlərin siyahısı barədə məlumatsızlığı;
3. İctimaiyyətin sığorta ilə bağlı maliyyə əməliyyatları aparmaqda qarşılaşdığı bürokratik çətinliklər və fərqli sığorta xidmətlərinin azlığı;
4. Hökumət ilə sinxron fəaliyyətdə bəzi strukturların axsaması.

         1 və 4-cü bəndlər burada əvvəl də qeyd etdiyimiz kimi “hökumətin və özəl sektorun birgə fəaliyyətinin effektivlik əmsalı nə qədər çoxdursa, texnoloji proqress də bir o qədər sürətli gedir” ideyasını təsdiqləyir. Sığorta sektorunun problemlərinin öhdəsindən gəlmək üçün Azərbyacan Sığortaçılar Assosiasiyası son aylarda yeni konsepsiya ilə çıxış edir. Türkiyə kimi təcrübəli ölkələrlə məlumat mübadiləsi, KİV-də sığorta sektorunun təşviqi və rəqəmsal sistemlərin sürətli inteqrasiyası. Müqayisə üçün deyək ki, Azərbaycan ictimaiyyəti bank sektoruna daha çox güvənir. Baxmayaraq ki, Mərkəzi Bankın auditi zamanı bəzi banklarda böhran siqnalları ortaya çıxır, ictimaiyyət depozit və xüsusən kreditə maraqlıdır.
 

         Depozit statistikasına görə 2020-ci ilin 10 ayı ərzində banklara yatırımların həcmi artmaqda davam edib və çox güman ki, edəcək. Müştərinin rahatlığı üçün isə  əməliyyatlar 90 faiz rəqəmsal bankçılıq sistemi ilə aparılır.


(QRAFİKA 8) AZƏRBAYCAN BANKLARINDA MANATLA DEPOZİT (AMB)

2020                                       Depozit (milyon manatla)

Yanvar                                   8667,3
Fevral                                     8707,9
Mart                                       7902,6
Aprel                                      7769,4
May                                        8002,5
İyun                                        7912,4
İyul                                         8194,5
Avqust                                   8249,6
Sentyabr                                 8555,3
Oktyabr                                  8578,8       


Onlayn pulköçürmələrə gəlincə, Xırda Ödәnişlәr üzrә Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzərindən 2020-ci ilin iyun-oktyabr aralığında ən çox əməliyyat avqustda qeydə alınıb. Burada pandemiya səbəbindən banklarda yerində fəaliyyətin məhdudlaşdırılması elektron ödənişlərin təşviqində öz rolunu oynayıb deyə bilərik. Vəsaitin həcminə görə isə 2 milyard 517 milyon manatla oktyabr ayı nisbətən dinamik keçib.

                   (QRAFİKA 9) PULKÖÇÜRMƏLƏR (XÖHKS)

2020                              Əməliyyatların sayı                Vəsaitin həcmi (manatla)

İyun                              4 milyon 617 min                   2 milyard 200 milyon
İyul                               4 milyon 870 min                   2 milyard 464 milyon
Avqust                          5 milyon 239 min                   2 milyard 260 milyon
Sentyabr                       5 milyon 277 min                   2 milyard 358 milyon
Oktyabr                        5 milyon 57 min                     2 milyard 517 milyon

         Real Vaxt rejimdә Banklararası Milli Hesablaşmalar Sisteminə gəlincə, bu il maksimal məbləğdə pulköçürmə martda qeydə alınıb – elektron sistemlər üzərindən 21 milyard 980 milyon.
         Kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi də Azərbaycanda məhz bank sektorunda rəqəmsallaşmanın öz effektini verdiyini göstərir. Misal üçün dekabradək 1 milyon 66 min kredit kartı ilə 19 milyon 97 min əməliyyat aparılıb. Bu əməliyyatların ümumi dəyəri isə 2 milyard 379 milyon manat olub. Nağdsız ödənişlərə gəlincə, ilin əvvəlindən dekabradək ATM-lər vasitəsilə 21 milyon manat dəyərində 118 min, Pos terminallar vasitəsilə 200 milyon manat həcmində 4 milyon 278 əməliyyat aparılıb. Elektron ticarət üzrə 303 milyon manat dəyərində 5 milyon 713 əməliyyat icra olunub. Beləliklə çoxsaylı statistik göstəriciləri gözdən keçirmək olar, amma, biz bank sistemində elektron platformanın vacibliyini Azərbaycan banklarının müştəri hesablarının statistikasına baxdıqdan sonra bir az da aydınlaşdıra bilərik. Mərkəzi bankın məlumatına görə bu say 2020-ci ilin oktyabrı üçün 17 milyon 776 min 393-dür. Bu qədər müştəri bazası elektron sistemlərin, KİV-də rəqəmsal bankçılığın təşviqinin, bankların effektiv kredit və depozit siyasətinin nəticəsidir. Son aylarda bank filiallarının azalması müşahidə olunur ki, bu da bir tərəfdən 4 bankın bağlanması, digər tərəfdən isə rəqəmsallaşma ilə əlaqələndirilir. 2-ci amilin olduğu təqdirdə analitiklərin bu tendensiyanı müsbət qiylətməndirməsinin səbəbi isə sadədir. Rəqəmsal bankçılıq sayəsində kredit və bu kimi digər əməliyyatların elektronlaşdırılması ilə ənənəvi bank məhvumunun dəyişməsi prosesi artıq başlayıb. Onlayn bankların təsis edilməsi maliyyə sektorunda kapitalın rasional idarə edilməsi ilə yanaşı durur. Son 5 ilin nümunəvi statistikası göstərir ki, Birləşmiş Ştatlarda banklarda xidmət alan müşdərilərin sayı 60 faiz azalıb. Kredit kalkulyatoru, mobil bank tətbiqləri, şəxsi onlayn kabinetin yaradılması kimi sistemlər elektron hökumət üçün yeni şaxələr yaradır. Gəlin dünya miqyasında rəqəmsal bankçılıqla bağlı bir sıra statistik məlumatı nəzərdən keçirək.      


         “UK Finance”in məlumatına görə 2020-ci ilin ilk 8 ayında hər 10-cu Britaniya vətəndaşı nəğd puldan ümumiyyətlə istifadə etməyib. İsveçdə 2019-cu il ərzində nəğd puldan istifadə 80 faiz, Azərbaycanda isə 15-25 faiz azalıb. Son 1 illik aralıqda Rusiya əhalisinin 30 faizi və ya 40 milyondan çox rusiyalı onlayn bank əməliyyatları aparıb. “Visa” şirkətinin 2020-ci ili sentyabr-oktyabr aralığında 36 min avropalı arasında apardığı sorğunun nəticələrinə görə Türkiyədə 91, Danimarkada 89, Norveçdə isə 87 faiz əhali onlayn bank xidmətlərindən istifadə edir. Bütün bunlar əməliyyatların elektronlaşması hesabına mümkün olub. Maliyyə xidmətlərinin ən böyük pay sahibinə gəlincə bu şirkətin adı “Ant Financial”dır. Çində yerləşən və heç bir filialı olmayan şirkətin 1 milyarddan çox istifadəçisi var. Son 10 ildə “Citigroup” şirkətini ikinci yerə salan,  200 milyard dollardan çox bazar kapitalına sahib “Ant Financial” dünyada aparılan onlayn bank əməliyyatlarının 10-20 faizini özündə cəmləşdirir.

         Bu xidmətlər Azərbaycan modelində necə işləyir sualına gəlincə, ümumilikdə Azərbaycanda 26 bank və 48 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Müştəri bazasının artırılması üçün rəqabət gedir və nəzərə alsaq ki, müasir istifadəçinin, müasir vətəndaşın yeni tələbləri var, o zaman elektron xidmət sistemlərinin inkişafında irəlidə olan bankların müştərilərinin də nisbətən çox olması təsadüfi deyil. Bayaq da qeyd etdiyimiz kimi, onlayn bank modelinin təsis edilməsi maliyyə sektorunda kapitalın rasional idarə edilməsi ilə yanaşı durur. Azərbaycan modelində yaradılan kredit və sığorta təşkilatlarına dəstək mexanizmi elektron hökumətin alt sistemi olan “ASAN Finans”dir. Burada da keçid hədəf, yığılan məlumat bazası ilə inteqrasiya edildiyi təşkilatların xidmət sektoruna dəstəkdir. Yəni “ASAN Finans” sayəsində müştərilər vaxta, maliyyə qurumları isə öz resurslarına qənaət edə bilirlər. Fəaliyyət mexanizmi primitiv müşahidəçi qismində baxdıqda belədir:
         “ASAN Finance” ASAN xidmət sistemi sayəsində vətəndaşların ciddi konfidensiallıq kəsb etməyən məlumatlarını toplayır. Daha sonra misal üçün PAŞA bankla memorandum imzalanır və hazırlıq işləri aparılır. Ardınca qarşılıqlı müqavilə imzalanır və məlumatların inteqrasiyası pəncərəsi açılır. Bunun sayəsində kredit almaq istəyən vətəndaşın kreditqaytarma qabiliyyəti daha rahat ölçülür. Belə ki, “ASAN Finance”in məlumat bazasıda artıq həmin şəxsin iş fəaliyyəti, gəliri və digər məlumatları var. Prosesin sürətlənməsi vətəndaşın bankdan məmnun qalmasına gətirib çıxarır, kredit hesablamasında isə bankın krediti güvəniləsi şəxsə verdiyinə dair sığortası özünü bir daha təsdiqləyir. Təbii ki, elektron hökumətin imkanları bununla bitmir.
         Dövlət-maliyyə-texnologiya üçbucağında maliyyə əməliyyatlarının dinamikasını təmin etmək üçün təbii ki, texnoloji proqress vacibdir. Bu seqmentin əhəmiyyəti nədən ibarətdir? Mobil bankçılıqda hansı trendlər var? Maliyyə sektorunun elektronlaşması prosesinin sürələnməsi üçün nə etmək lazımdır? Bu suallar həmişə aktualdır. Çünki, gələcəyin qarantı sayılan stabil texnoloji tərəqqi bir yerdə dayanmır.


                            2-ci hissə. Dövlət-maliyyə-texnologiya üçbucağı.

                                                        Texnologiya

         Azərbaycan iqtisadiyyatının, büdcə gəlirlərinin və ÜDM-in böyük hissəsi neft-qaz sektorunun payına düşür. Qlobal yanaşma bundan ibarətdir ki, neft-qaz gəlirləri olan ölkədə digərləri ilə müqayisədə daha çox “rahalıq” var. Burada rahatlıq anlamı özünü dövlət büdcəsinə daxilolmalarda 100 faizlik müsbət saldonun olacağı, kadr potensialının yetərli hesab edilməsi, yeni layihələrin və sürətli elektronlaşmanın getməməsi ilə büruzə verir. Buna görə praktikada OPEK və OPEK+ ölkələrində texnoloji inkişaf misal üçün əhalini və iqtisadiyyatın həcmini nəzər alaraq Cənubi Koreya ilə müqayisə olunmaz hesab edilir. Məsələnin ikinci tərəfi ictimaiyyətin təhsili, maliyyə savadlılığı, texnologiyalarla işləmə bacarığı və yenilik ideologiyası ilə sıx əlaqəlidir. Sadalanan meyarlarla texnoloji proqressə çıxış yolu prosesi reallaşdırmaqdan fərqli olaraq nisbətən rahat və aydındır.  Nəzərə alsaq ki, artıq dünyada əşyaların interneti, süni zəka, gəlir qazanmaq üçün maliyyə sektorunun tam elektronlaşdırılmış sahəsi sayılan qiymətli kağızlar bazarı var, trendlərlə ayaqlaşmaq artıq məcburiyyətə çevrilir. Yəni hər hansı sistemdə əməliyyat apara bilməyərək, onu pul müqabilində başqasına etibar etmək çıxış yolu deyil və bu yanaşma texnoloji tərəqqiyə aparmır. Amma bu təcrübə vahid bazaya malik xidmət təklif edən şirkətləri timsalında keçərlidir. Maliyyə seqmentinə gəlincə, Azərbaycanda müxtəlif banklarda süni zəka modellərinin tətbiqinə dair açıqlamar var. Amma ortada dayanan sual budur ki, şahmat oynaya bilən, bir neçə gedişi əvvəlcədən hesablayan sistem süni zəka sayıla bilərmi? Yoxsa süni intellekt ictimaiyyətin məlumatlarını generasiya edərək bankın sorğusunu gözləmədən müştərinin kreditvermə qabiliyyətini yoxlaya, sığorta xidmətindən yararlanmaq istəyən şəxsin sığorta etdirəcəyi obyekti, subyekti araşdıra və emal olunan məlumatı təqdim edən sistemdir? Niyə görə banklarda girişdə üzün identifikasiya sistemi qurulmayıb və daxil olan vətəndaşın kim olduğunu, nə qədər kredit və ya depozit məbləğinə sahib olmasını araşdırmaq imkanı yoxdur? Daha dərinə getsək, smartfonun identifikasiya sistemi ilə məsafədən kredit almaq niyə görə mümkün deyil? Səbəb texnoloji inkişafın səviyyəsidir. Məhz bu faktor mobil bankçılıq da daxil olmaqla dünya ictimaiyyəti üçün yeni trendlər yaradır. Gəlin növbəti, mobil bankçılıqda hansı trendlər var? Sualının cavabını axtaraq.

         MDB ölkələri arasında maliyyə sektorunda rəqəmsal həllərə dair bəzi tələblər var. Bəzi şirkətlər bu tələbləri yerinə yetirir, digərləri isə prosesə dırnaqarası yanaşır. Standart olaraq vətəndaşa onlayn və operativ şəkildə hesabına baxmaq, pul köçürmək kimi əməliyyatlar təqdim edilir. Amma bu xidmətlər köhnəlmiş sayılır. Mobil bankinq modelinin hər iki tərəfinə nəzər yetirərək onu demək olar ki, maliyyə təşkilatları üçün vətəndaşlara yeni xidmətlər təqdim etməklə paralel öz işçilərinə də bu xidmətdən yararlanaraq daha çox əməliyyatı yerinə yetirməyə dəstək vermək lazımdır. Buna görə də gələcəkdə mobil bankçılıq sadə konfiqurasiyalı proqram yox, qəliz əməliyyatların reallaşdırıldığı sistematik həll olacaq.

Onlayn bankçılıqda yaranan trendlər sırasında birincisi - proqramda qeydiyyat bölməsində hüquqi şəxslərin qeydiyyatı, valyuta məzənnəsi, demo versiya, bankla əlaqə kimi xidmətlərin əlavə edilməsi.

İkinci trend - şirkətin onlayn qeydiyyatı ilə hesabın açılması imkanının yaradılması. Yəni banka getmədən hüquqi şəxs yeni hesab yarada bilər. Mərkəzi bankların (requlyatorların) məhdudiyyətlərinə baxmayaraq bu texnologiyanın tətbiqi Azərbaycanda da bankçılıq sferasında əlçatanlığı artıracaq.

Üçüncü trend - Parol və digər məlumatlar olmadan şəxsi kabinetə giriş. Konfidensiallıq cəhətdən çətin sayılan bu transformasiyaya ehtiyac var.

Dördüncü trend – Onlayn mühasibatçılıq mobil tətbiqdə vergini və digər məlumatları tapmağa və vergilərin buradan özənilməsinə imkan yaradacaq.

Beşinci trend – Hesabın ötürülməsi sistemi qarşı tərəfin kart əməliyyatlarını aparmağa kömək edəcək.

Altıncı trend – Kontragentin (müqavilə imzalayan tərəfin) maliyyə vəziyyətinin yoxlanması xidməti. Vəsaitin göndərilməsi planlaşdırılan şirkətin və ya şəxsin maliyyə imkanları planlaşdıran tərəfə müəyyən dərəcədə konfidensiallığın qorunması şərti ilə yönləndirilir. Daha bir məqam - bütün kredit  əməliyyatlarını, bir müddətdən sonra ehtimal olunan balans qalığını nəzərə alaraq, pulköçürmələrdə məsləhət sistemi və bankın özünün reklam və məsləhət xarakterli məlumatlarını vətəndaşa yollaması vətəndaşın seçim imkanını v bankın gəlir qazanma imkanlarını artıraraq ortaq məqsədə qulluq edir.

Yeddinci trend – QR-kod vasitəsilə ödəniş. Bunun sayəsində kart nömrəsini yazmağa və ya xidməti uzun uzadı siyahıdan seçməyə ehtiyac qalmır. Texnologiyanın effektiv işləməsi üçün isə əsas amil hesab edilən ölkədaxili texnoloji inteqrasiya yüksək səviyyədə olmalıdır.
Səkkizinci trend – Bir neçə saniyəyə elektron kredit və ya debet kartının hazırlanması. Prosesin sürətləndirilməsi məsələsində vətəndaşın datalarının əvvəlcədən yığılması şərtdir. Bunun üçün isə dövlət strukturlarından biri hesab edilən “ASAN” platforması ilə inteqrasiya vacibdir.

Doqquzuncu trend – Ekvayrinq. Bu prosedur sayəsində bank kartının və ya mobil tətbiq vasitəsilə aparılan əməliyyatların kontragentlərinin sayı artırılır. Yəni əməkdaşlıq edilən şirkətlərin, müəssisələrin sayı artırılır, ortaq məlumat bazası qurulur.

Onuncu trend – Gəlir və xərclərin analitikası. Biznes analitika həm fiziki, həm də hüquqi şəxslərin bir proqram üzərindən xərclərini və gəlirlərini araşdırmağa, xərclər zamanı alternativləri görməyə imkan yaradır. Bunun üçün isə daha çox və yenilənən məlumat bazalı süni zəkaya ehtiyac var.

 

         Bu trendlərdən biri də perspektivdə kriptovalyutaların və digər elektron pul vahidlərinin bank və şirkətlər arasında mübadiləsinə start verməkdir. Bunun üçün isə ortaya qanunvericilik, müasir texnologiyalarıa ayaqlaşmaq məsələsi gəlir. Və indi, başlayarkən yaranan sualın cavabını axtarmağın zamanıdır. Azərbaycanda rəqəmsal hökumətin inkişafı, maliyyə sektorunda tətbiq edilən həllər, qanunvericiliyin yeni texnoloji trendlərə uyğunlaşdırılması prosesi nə yerdədir?


                   3-cü hissə.
 Dövlət-maliyyə-texnologiya üçbucağı.

                                               Dövlət

         2018-ci ildə imzalanan “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” fərmana əsasən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində dövlət xətti ilə inteqrasiya edilən kütləvi texnoloji layihələrdə müstəsna rola malik Elektron Hökumətin İnkişafı Mərkəzi yaradılıb. Paralel olaraq xidmət nəzdində innovasiyalar mərkəzi də fəaliyyət göstərir. Məqsəd dövlət və özəl sektorda texniki dəstəyin verilməsi, informasiya sistemlərinin yaradılması və modernizasiyasıdır. İnnovasiyalar mərkəzi çərçivəsində vəaliyyət göstərən seqmentlərə gəlincə bunlar:

(QRAFİKA 10)

1. Çağrı Mərkəzi
2. ASAN Kommunal
3. Səyyar ASAN
4. INNOLAND
5. ASAN Radio
6. ASAN Təlim
7. AZINTEX-dir.

         Elektron Hökumətin İnkişafı Mərkəzinin nəzdində isə:

1. myGov Portalı
2. eGov Portalı
3. ASAN Viza
4. ASAN Ödəniş
5. eAgro
6. eLisenziya
7. eSatınalma
8. ASAN Login
9. ASAN Finans layihələri effektiv fəaliyyətdədir.
                                               ƏSAS TEZİSLƏR

         Elektron Hökumətin İnkişafı Mərkəzinin təklif etdiyi həllər sayəsində maliyyə sektorunda rəqəmsallaşma prosesini bir neçə dəfə sürətləndirmək olar. Amma Dövlət-maliyyə-texnologiya birliyinin sürətli inteqrasiyasının qarşısında qanunvericilikdən qaynaqlanan sərhədlər də var. Misal üçün müştərinin fiziki identifikasiyası olmadan bəzi maliyyə xidmətlərinin məsafədən həyata keçirilməsi qanunla qadağandır. Buradan daha bir xətt texnologiyaya, daha doğrusu kibertəhlükəsizliyə istiqamətlənir. Realist düşüncə ilə yanaşsaq, hazırki vəziyyətdə maliyyə, xüsusən bank sektorunda təməl dəyişikliklər etmək çox çətindir. Bu çətinliyin aradan qaldırılması üçün bütün real və potensial müştərilərin identifikasiyasına ehtiyac var. Başqa dillə desək bizə elə bir məlumat bazası lazımdır ki, burada Azərbaycanın bütün vətəndaşları qeydə alınsın və elə texnoloji həllərə ehtiyac var ki, kənardan müdaxilə ehtimalı sıfıra endirilsin. Bundan sonra onlayn bank məhvumu, elektron platformaların sürətli inkişafı özünü daha qabarıq şəkildə göstərəcək. Maliyyə sektorunda rəqəmsal həllərin inkişafına dair əsas tezislərə nəzər saldıqda belə bir mənzərəni görə bilərik.

1. Maliyyə sektorunun tərkibinə daxil bankçılıqda ehtiyac duyulan əsas meyyarlar ictimaiyyətin maliyyə savaldılığı, baknkların sağlam rəqabəti və “gələcək texnologiyalarla gələcək” ideyasının tam başa düşülməsidir.

2. Sığorta sahəsində ictimaiyyətə yeni xidmətlərin təklif edilməsi ilə paralel bu sahənin populyarlaşması üçün KİV-in müasir mexanizmlərindən istifadə edilməlidir.

3. Texnoloji inkişaf sayəsində vətəndaşlara xidmətin sürətləndirilməsi və keyfiyyətin artırılması üçün üçün ən vacib olan məsələlər, dövlət qurumlarının və özəl təşkilatların yeni nəsil şəbəkə texnologiyalarının imkanlarını, əşyaların interneti və süni zəka sistemlərini, elektron xidmət göstərən mərkəzlərin həllərini öz fəaliyyətinə qoşmaqdır.

4. Hökumət sistemlərinin elektronlaşdırılması üçün ən vacib meyyarlar dövlət xətti ilə elektron sistemlərin inkişaf etdirilməsi  üzrə ixtisaslaşan müəssisələrə investisiya yatırımları, təhsil sahəsində maliyyə və texnologiya ilə əlaqəli fənlərin prioritetinin artırılması, təşkilatlar arasında təbii və mütləq şəkildə sağlam rəqabət formalaşdırmaq, xarici təcrübənin aktiv və rasional mənimsənilməsi, qanunvericilikdə texnoloji meyyarları və bu sahədə fəaliyyət göstərən şirkətlərin müraciətlərini, təkiflərini nəzərə alaraq biznes-planların qurulmasıdır.

         Sadalanan məsələlərin tam şəkildə həyata keçiriləcəyi təqdirdə biz Azərbaycanı elektron sistemlərin, onlayn xidmətlərin yüksək səviyyədə inkişaf etdiyi ölkə kimi görəcəyik. Ən əsası, texnologiyalar insanlığın rifahına xidmtə etməlidir və bu işdə hökumətin elektronlaşdırılması vəzifəsini öz üzərinə götürən qurumlara dəstək son dərəcə vacibdir.
                            İNFORMASİYA MƏNBƏLƏRİ

Maliyyə hesabatları və bankinq - https://www.cbar.az/ (Mərkəzi Bank)
(müraciət tarixi - 14 dekabr)

Sığorta statistikası - https://asa.az/ (Sığortaçılar Assosiasiyası)
(müraciət tarixi - 14 dekabr)

Rəqəmsal bankçılıq Azərbaycanda - https://aba.az/ (Banklar Assosiasiyası)
(müraciət tarixi - 14 dekabr)

Fintech statistikası – https://www.ey.com/en_gl/ey-global-fintech-adoption-index    (noyabr 2020)
(müraciət tarixi - 14 dekabr)

Rəqəmsal bankçılıq statistikası - https://www.ukfinance.org.uk/  (UK Finance)
(müraciət tarixi - 14 dekabr)

Qlobal iqtisadiyyatda yeni trendlər - https://econs.online/    (Online economics)
(müraciət tarixi - 15 dekabr)

Bir sıra şirkətin texniki göstəriciləri - https://bloomchain.ru/ (Bloomchain)
(müraciət tarixi - 15 dekabr)

Maliyyə məlumatları – https://ru.investing.com/   (İnvesting)
(müraciət tarixi - 16 dekabr)

Azərbaycanda rəqəmsal xidmətlər - https://www.digital.gov.az/ (EHİM)
(müraciət tarixi - 16 dekabr)

Normativ-hüquqi aktlar (sərəncamlar, qanunlar) – https://president.az/documents/orders
(müraciət tarixi - 16 dekabr)

Asan xidmətin fəaliyyəti - https://asan.gov.az/az (ASAN)
(müraciət tarixi - 16 dekabr)

DİGƏR XƏBƏRLƏR

Top