Vətəndaşın gəlirinə "göz dikənlər" və ...

Dünən Prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışı zamanı etdiyi çıxışda bildirib ki, imkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər. Prezident həmçinin qeyd edib ki, kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir. "Yeniavaz.com" bildirir ki, indiyə kimi belə bir təcrübə Azərbaycanda tətbiq olunmayıb. Lakin dünyanın bir çox ölkəsində insanların dövlət büdcəsinə ödədikləri müxtəlif təyinatlı ödənişlər əksər hallarda onların maddi imkanlarına görə təyin olunur.

Xatırlayırsınızsa bir-neçə il əvvəl Fransada keçirilən prezident seçkiləri ərəfəsində hazırkı ölkə başçısı Fransua Oland bəyan etmişdi ki, büdcə çatışmazlığını aradan qalırmaq üçün 1 milyon dollardan çox qazananlardan 75% həddində gəlir vergisi tutulacaq. Buna etiraz edən bəzi varlı fransızlar hətta ölkə vətəndaşlığından belə imtina etdilər. Prezident Fransua Olandın vergi siyasətinə etiraz edənlərdən biri də məşhur fransız aktyoru Jerar Depardyeye oldu. Yüksək vergi dərəcəsindən qaçaraq əvvəlcə Belçikaya, sonra isə Rusiyaya sığınan fransız aktyor, hətta Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Rusiya vətəndaşlığına qəbul olundu.

Gəlir vergisi dünyanın əksər ölkəsində büdcənin formalaşmasında əsas mənbə hesab edilsə də, yazının əvvəlində qeyd etdiyim kimi, bu vergi növü ilə bağlı birmənalı fikir mövcud deyil. İnsanlar belə hesab edirlər ki, onlar zəhmət çəkərək pul qazanırlar və dövlətin bu qazancın bir hissəsini onların əlindən alması ədalətli deyil. Məşhur fransız aktyoru Jerar Depardye də məhz buna etiraz edərək ölkə vətəndaşlığından imtina etdiyini bildirib. Bu sahədə apardığımız araşdırma onu göstərir ki, Avropa ölkələri dünyada gəlir vergilsinin ən yüksək olduğu ölkələr hesab edilir.

Belçikada orta gəlir üzrə son vergi həddi 54%-ə bərabərdir. Belə yüksək gəlir vergisinin olduğu Belçikada adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) 48 min dollar təşkil edir. Beynəlxalq Valytuta Fondunun (BVF) məlumatına görə, adambaşına düşən ÜDM-yə görə Belçika dünya sıralamasında 16-cı sırada qərarlaşıb.

Gəlir vergisinin dərəcəsi 46,6% olan Finlandiyada adam başına düşən ÜDM 50 min dollardan çoxdur. Bu göstəriciyə görə Finlandiya dünyada 13-cü sırada yer alıb.

Yüksək vergi dərəcələrinin tətbiq edildiyi başqa bir ölkə Almaniya hesab edilir. Bu ölkədə gəlir vergisi 45%-ə bərabərdir. Almaniyada adambaşına düşən ÜDM 44,5 min dollardır və dünyada 19-cu yerdədir.

Gəlir vergisi tutan ölkələrin siyahısında 4-cü sırada yer alan Danimarkada vergi dərəcəsi 44% təşkil edir. Onu da qeyd edək ki, yüksək vergi dərəcəsi nəinki Danimarka əhalisinin narazılığına səbəb olmur, hətta danimarkalılar özlərini dünyanın ən xoşbəxt milləti hesab edirlər. Bu ölkədə adambaşına 63 min dollar ÜDM düşür və Danimarka bu göstəriciyə görə dünyada 7-ci sırada qərarlaşıb.

İtaliyada gəliri olan hər bir şəxs 43% gəlir vergisi ödəmək məcburiyyətindədir. Qərbi Avropanın "kasıblarından" hesab edilən İtaliyada adambaşına düşən ÜDM 37 min dollardır. İtaliya bu sahədə dünyanın ən yaxşı 24-cü dövlətidir.

Bir milyon dollardan çox qazananlardan 75% həddində gəlir vergisi tutmaq istəyən Fransada gəlir vergisi 40% təşkil edir. Adam başına düşən ÜDM-yə görə Almaniyadan sonra 20-ci sırada yer alan Fransızda bu göstərici 44 min dollara bərabərdir.

Avropadan kənarda yerləşən bəzi inkişaf etmiş ölkələrdə gəlir vergisi nisbətən aşağı olsa da, onlarda vətəndaşın qazancından "pay umurlar". Məsələn, dünyanın ən böyük iqtisadiyyatı hesab edilən ABŞ-da gəlir vergisi 27% təşkil edir. ABŞ-da adam başına düşən ÜDM-nin miqdarı 48 min dollara bərabərdir və dünyada 15-ci sırada yer alıb.

Avstraliyada gəlir vergisinin dərəcəsi ABŞ-dan yüksəkdir - 31,5%. Bu ölkədə adam başına düşən ÜDM-nin kifayət qədər yüksəkdir - 70 min dollar. Avstraliya hazırda bu göstəriciyə görə dünyada 5-ci yerdədir.

Dünyanın başqa bir inkişaf etmiş ölkəsi Yaponiyada gəlir vergisi 33% təşkil edir. Adam başına düşən ÜDM isə 45,7 min dollara bərabərdir və Yaponiya dünya sıralamasında 17-ci sırada qərarlaşıb.

Ölkəmizdə gəlir vergisinin dərəcəsi Avropa və inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Ancaq qeyd edək ki, ötən əsrin axırlarında vergi dərəcəsinin yüksəkliyinə görə biz də Avropadan geri qalmamışıq. 1999-cu ilə kimi ölkəmizdə gəlir vergisinin yuxarı həddi 40%-ə bərabər olub. Sonrakı illərdə bu hədd aşağı salınıb. Hazırda ölkəmizdə gəlir vergisinin son həddi 25%-ə bərabərdir. Onu da bildirək ki, bu vergidərəcəsi ayda 250 manatdan çox pul qazanan muzdlu işçilərə tətbiq edilir. Ayda 250 manatdan az gəliri olan muzdlu işçilərdən isə 14% vergi tuturlar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardan tutulan gəlir vergisi isə 20%-ə bərabərdir.

Məlumat üçün onu da qeyd edək ki, bəzi ölkələr vətəndaşlarının gəlirlərinə "şərik" olmurlar. Gəlir vergisinin mövcud olmadığı ölkələr əsasən Yaxı Şərqdə yerləşir.

Adambaşına düşən ÜDM-un həcminə görə (66,6 min dollar) dünyada 6-cı sırada olan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ölkə vətəndaşlarından gəlir vergisi alınmır.

Başqa bir Yaxın Şərq ölkəsi Qətərdə də gəlir vergisi tutulmur. Bu ölkə adambaşına düşən ÜDM-yə görə dünya sıralamasında 2-ci yerdədir. Bu göstərici 97 min dollara bərabərdir.

Gəlir vergisinin olmadığı ölkələrin arasında Oman, Küveyt, Bəhreyn kimi ölkələrdə yer alıb.

Məlumat üçün onu da qeyd edək ki, "off-şor" zona kimi tanınan bəzi adalarda və azad iqtisadi zonalarda gəlir vergisi alınmır. Buna misal kimi Kayman, Bermud, Baham adalarını və Dubay şəhərini göstərmək olar.

DİGƏR XƏBƏRLƏR

Top