Qazaxda 3 həkimə töhmət verildi - İcra başçısına şikayət olunmuşdu


Qazaxda vətəndaşın şikayəti əsasında üç həkimə töhmət verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İcra Hakimiyyətinin açıqlamasında belə qeyd olunub:
"Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə səhiyyə ocaqlarında pandemiyaya qarşı mübarizə tədbirlərini yerində öyrənmək məqsədilə keçirilən reyd zamanı vətəndaş, Daş Salahlı kənd sakini Hüseynova Solmaz Binnət qızı rayonun doğum evində bir sıra neqativ halların olması ilə bağlı İcra başçısına müraciət edib. Vətəndaşın neqativ hallarla bağlı iradı elə həmin gün hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, həqiqətən də qeyd etdiyi nöqsanlar qismən də olsa aşkar edilmişdir. Görünür Doğum evinin baş həkimi və digər əməkdaşları ölkədəki pandemiya dövründə belə öz əməllərindən çəkinməyiblər. Ən əsası da rayonda səhiyyə sahəsində olan şəffaflığa kölgə saldıqlarının fərqində belə olmayıblar. Hər zaman olduğu kimi, bu dəfə də səhiyyə sahəsində şəffaflığı tam təmin etmək üçün məqsədyönlü işlər görüldü. Belə ki, Doğum evində vətəndaşın etdiyi müraciət araşdırılan zaman deyilənlər qismən də olsa həqiqəti əks etdirdiyi üçün baş həkim Namazlı Aynur Rauf qızına, həkim mama ginekoloq Cəfərova Diləfruz Cəfər qızına və mama ginekoloq USM (ultrasəs müayinə kabineti) Qəhrəmanova Validə Kamandar qızına töhmət verilərək bir daha xəbərdarlıq olunub.
Bunu ictimaiyyətə çatdırmaqda əsas məqsəd odur ki, rayonda istənilən sahədə bu cür hallarla qarşılaşan hər bir vətəndaş Qazax Rayon İcra Hakimiyyətinə müraciət edə bilər. Sizlərdən kökündə vətəndaş məmnunluğu dayanan bu işdə şəffaflığı qorumaqda dəstək olmağınızı xahiş edirik. Unutmayaq ki, görülən hər bir iş, atılan addım birbaşa rayonun adı ilə bağlıdır. Ona görə də bu mübarizəyə hər birimiz yaxından dəstək olmalıyıq. Bunun üçün də sadəcə müraciət edib bildirməyiniz kifayət edir".

DİGƏR XƏBƏRLƏR

Top