“Koronavirusa yoluxduğu təsdiqlənən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri İdris Abbasov və həyat yoldaşı hələ də xəstəxanaya yerləşdirilməyib və heç bir tibbi yardım almayıblar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə tənqidçi Əsəd Cahangir bildirib.
C.Əsədovun sözlərinə görə, mədə-bağırsaq sistemində xroniki xəstəliyi olan və hepatitdən əziyyət çəkən İ.Abbasovun vəziyyəti getdikcə kəskinləşir::
İyul ayının 2-də etibarən Milli Məclisin deputatlarının işə qarışması hesabına alim və onun həyat yoldaşının test olunması göstərdi ki, onların hər ikisində nəticələr pozitivdir. Mədə-bağırsaq sistemində xroniki xəstəliyi olan və hepatitdən əziyyət çəkən İ.Abbasovun getdikcə kəskinləşən və böhran həddinə yaxınlaşan durumu xüsusilə təhlükəlidir. Onun kəskin mədə və böyrək ağrıları ilə yanaşı artıq ürək aritmiyaları da başlayır.
Lakin buna baxmayaraq, İ.Abbasovun nə özü, nə də həyat yoldaşı hələ də xəstəxanaya yerləşdirilməyib və heç bir tibbi yardım almayıblar. Əksinə xəstəxanada yerin olub-olmaması ilə bağlı həyəcan və narahatlıq onların psixoloji durumuna əlavə təsir etməklə onsuz da ağırlaşan səhhətlərini bir az da pisləşdirib.
İ.Abbasov getdikcə irəliləyən xəstəliyin hazırda elə bir durumuna gəlib çatıb ki, bir həftə bundan qabaq ev şəraitində öz gücünə apardığı müalicə təsir gücünü itirib. Bütün bu baş verənlərin psixoloji ağırlığı isə alimin qızı Məryəmin üzərinə düşür. Şəkildən də gördüyünüz kimi, evdə valideynlərinə həkimliyi bu 13 yaşlı qız etməli olur. Amma bu durumda ev şəraitində, həkim nəzarəti olmadan aparılan müalicə sadəcə riskdir.
İ.Abbasovu ciddi narahat edən daha bir məsələ var. Ona elə gəlir ki, həkimlər övladlarının virusa yoluxduğunu ondan gizlədirlər. Çünki uşaqların ikisinin quru öskürəyi və qızdırması var, həkimlər isə uşaqların analizlərinin nəticələrini nədənsə valideynlərinə vermirlər.
Siz İ.Abbasov və onun ailəsinin səhhəti ilə bağlı suallar verir, əlaqədar və səlahiyytətli şəxsləri bütün həyatını elmə həsr edən bir alimə, namuslu bir insana, qeyrətli bir vətəndaşa qarşı etinasızlıqda qınayır, bunu təkcə bir nəfər alim yox, ümumən elmə, namuslu əməyə, fədakarlığa, halallığa olan etinasızlıq kimi dəyərləndirirsiniz. Mən də sizinlə birlikdə eyni sualı eyni təşkilatlar, idarələr və şəxslərə ünvanlayıram - bu qədər etinasızlıq olarmı?