“Çox təəssüf olsun ki, siz buradakı çıxışınızda həmkarlarınızı regionlara bölməyə cəhd etdiniz”.
Bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədovun çıxışına cavab verərkən deyib.
Onun sözlərinə görə, zalda oturan deputatlar əli silahlı döyüşən Elman Məmmədovdan tutmuş, sözü ilə beynəlxalq təşkilatlarda mübarizə aparan Tural Gəncəliyevə qədər hər kəs özünü Qarabağlı kimi hiss edir: “Hər kəs burada Qarabağ deputatıdır. Siz burada nahaq yerə Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən Aprel zəfərimizdə xüsusi xidmətləri olan Müdafiə nazirini və nazirliyin fəaliyyətini şübhə altına qoymağa cəhd etmisiniz. Bu baxımdan birmənalı bildirirəm ki, nəinki Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar, bitərəflər və digər siyasi partiyaların üzvləri də bu mövqedədirlər ki, biz hansısa şəxsi maraqlarımız naminə ümumdövlət, Dağlıq Qarabağ məsələsi və müdafiə kimi məsələlərdə heç zaman başqa mövqe tutmalı deyilik”.
Spiker Sahibə Qafarova da çıxış edərək bildirib ki, Əli Hüseynlinin fikri ilə onun və müavinlərinin fikri eynidir. (Report)