Ötən ilin avqust ayında "Azəriqaz" İstehsalat Birliyi tərəfindən açıqlanan məlumatda qeyd olunub ki, həyata keçirdiyi genişmiqyaslı layihələr nəticəsində 15 şəhər və rayonda (Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsu rayonları) qazlaşma səviyyəsi 100%-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, qazlaşma səviyyəsinin 100%-ə çatdığı bildirilən Biləsuvar şəhərində yerləşən K.Ağayev adına Biləsuvar Şəhər Texniki Fənlər Təmayüllü İnternat Tipli Məktəb Lisey odun almaq üçün tender keçirib. Tender müsabiqəsinin qalibi "Zahid" MMC şirkəti olub və bu şirkət İnternat Tipli Məktəb Liseyə 6 min 999 manat 85 qəpik dəyərində doğranmış odun satacaq.
Məlumat üçün bildirək ki, ötən ay açıqlanan məlumatda K.Ağayev adına Biləsuvar Şəhər Texniki Fənlər Təmayüllü İnternat Tipli Məktəb Lisey odun almaq üçün daha bir tender keçirib. Maraqlıdır ki, həmin tenderin qalibi olan "Servis Kompany" MMC şirkətinin qanuni təmsilçisi ilə "Zahid" MMC şirkətinin qanuni təmsilçisi eyni şəxsdir. Hər iki şirkətin qanuni təmsilçisi Əmənov Cavid Ərəstun oğludur. Hər iki şirkətin hüquqi ünvanı Biləsuvar rayonunun Çaylı kəndidir.
İnternat Tipli Məktəb Liseyin "Servis Kompany" MMC-dən aldığı doğranmış odunun da dəyəri dəyişməz qalıb - 6 min 999 manat 20 qəpik.
Gördüyünüz kimi, Əmənov Cavid Ərəstun oğlu bir neçə ay əvvəl İnternat Tipli Məktəb Liseyə "Servis Kompany" MMC şirkətinin adından 6 min 999 manat 20 qəpik dəyərində doğranmış odun, iki ay sonra isə "Zahid" MMC şirkətinin adından 6 min 999 manat 85 qəpik dəyərində doğranmış odun satıb.
Qeyd olunan faktlar maraqlı olsa da, təəccüb doğuran odur ki, doğranmış odunu satın alan Lisey qazlaşma səviyyəsinin 100%-ə çatdığı bildirilən Biləsuvar şəhərində yerləşir.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən K.Ağayev adına Biləsuvar Şəhər Texniki Fənlər Təmayüllü İnternat Tipli Məktəb Liseyin direktoru Mehman Əliyev bildirdi ki, məktəbdə təbii qazla işləyən qazanxana sistemi mövcuddur. Direktor bildirdi ki, məktəbib bəzi sinif otaqları köhnə olduğu üçün oranı odunla qızdırmağa məcburdular və bu il həmin siniflər təmirə bağlanacaq.
Məlumat üçün bildirək ki, K.Ağayev adına Biləsuvar Şəhər Texniki Fənlər Təmayüllü İnternat Tipli Məktəb Liseylə bağlı mətbuatda dəfələrlə məlumatlar yayılıb. Ötən il bu məktəbin şagirdləri etiraz aksiyası keçirərək məktəbə yeni direktor təyin olunan Mehman Əliyevin istefasını tələb ediblər.
A. Cəfərov