Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tenderin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibi "Eldar-2014" MMC olub. Bu şirkət 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəblərini odunla təmin edəcək. Təhsil Nazirliyi 2415 kub metr quru meşə odunu üçün "Eldar-2014" MMC şirkətinə 196 min manat 19 qəpik ödəyəcək. Bu həm də o deməkdir ki, Təhsil Nazirliyi quru meşə odununun 1 kub metrini 81 manata satın alacaq.
Məlumat üçün onu da bildirək ki, 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəbləri Yevlax, Mingəçevir, Ağdaş və Bərdə rayonlarının ərazisində yerləşir.
Qeyd edək ki, bir neçə gün əvvəl Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan məktəblər (Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının ərazisində yerləşir) üçün də odun satın alıb. "Təchizat-RA" MMC şirkəti 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəblərini odunla təmin edəcək. Təhsil Nazirliyi 2500 kub metr quru meşə odunu üçün "Təchizat-RA" MMC şirkətinə 298 min 799 manat 60 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi Təhsil Nazirliyi quru meşə odununun 1 kub metrini 120 manata satın alacaq.
Maraqlıdır ki, Təhsil Nazirliyini bu ayın əvvəlində keçirdiyi tender müsabiqəsinin qalibi olan fərdi sahibkar Əliyev Şaban Məftun oğlundan (VÖEN-1402771392) alacağı quru meşə odunun 1 kub metri üçün 27 manat ödəyəcək. Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan məktəblər (Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının ərazisində yerləşir) üçün alınacaq odunun daşınma xərcləri də bu qiymətə daxildir.
A. CƏFƏROV