Tərtərdə bıçaqlanan polis rəisinin vəziyyəti ağır-stabil olaraq qalır.
Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-a Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, Tərtər Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Aslanov Elçin İslam oğlu dünən gecə saatlarında əməliyyat olunub:
“Qarın boşluğuna nüfuz edən yaralarla xəstəxanaya daxil olub. Gecə saatlarıda əməliyyata alınıb. Hazırda reanimasiya şəraitində, həkim nəzarətində saxlanılır.
Vəziyyəti aparılan cərrahi əməliyyata uyğundur. Hələlik vəziyyəti ağır-stabil olaraq qalır. Heç bir ağırlaşma təhlükəsiz yoxdur”.
*** 09:09
Tərtərdə polis əməkdaşı bıçaqlanıb.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə dekabrın 26-da saat 19 radələrində, rayonun Buruc kəndində baş verib.
Belə ki, 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov yaşadığı evdə sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Məlumat əsasında hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov gəlib. S.Nəcəfov polis əməkdaşına 5 bıçaq zərbəsi vurub. E.Aslanov yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. S.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.