29 yaşlı İlqar Səfərov Moskvada “Mosxoztorq” şəbəkəsini aldı


Moskvadakı iri təsərrüfat malları mağazaları şəbəkəsi “Mosxoztorq”u 29 yaşlı Azərbaycan vətəndaşı İlqar Səfərov bütünlüklə alıb. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, 2019-cu il dekabrın ortalarından etibarən mağazalar şəbəkəsinin səhm paketi Bolqarıstanda qeydiyyatdan keçmiş “Falcon Home Distribution” şirkətinə satılıb. Şirkətin benefisiarı Azərbaycan vətəndaşı, 1990-cı ildə anadan olmuş İlqar Sabir oğlu Səfərovdur.

Rusiya Hüquqi Şəxslərin Vahid Qeydiyyat Reyestrində yer alan məlumata görə, dekabrın 12-dən etibarən “Falcon Home Distribution” şirkəti “Mosxoztorq”un yeganə sahibidir. Bundan əvvəl mağazalar şəbəkəsinin 39.5 faizi onun əsasını qoyanlardan biri-biznesmen İlya Polyaçkova məxsus idi. Polyaçkov səhmlərin niyə satılması barədə RBC agentliyinin sualrına cavab verməyib.

Sofiyada qeydiyyatdan keçmiş “Falcon Home Distribution” şirkəti barədə isə o məlumdur ki, bu şirkət mebellərin, parçaların, ayaqqabıların və digər malların satışı ilə məşğuldur. Şirkətin yeganə sahibi 2019-cu ilin sentyabrından etibarən Azərbaycan vətəndaşı İlqar Səfərovdur.

2019-cu il ərzində “Mosxoztorq”un sahibləri dəfələrlə dəyişib. Fevral ayından sentyabr ayına qədər səhmlərin 10 faizi Peteburqdakı neft terminalının sahibi İlya Traber idi. İyun ayında İlqar Səfərov şirkətin 50.5 faizlik nəzarət səhm paketini almışdı. Həmin səhm paketinin əvvəlki sahibi şəbəkənin əsasını qoyanlardan Veronika Kiryanovaya məxsus olub.

 

“Falcon Home Distribution” 2018-ci ildə qeydiyyatdan keçib. Onun əvvəlki sahibi 50 yaşlı Azərbaycan vətəndaşı Zaur Mişiyev olub.

“Mosxoztorq” 2015-ci ildə açılıb. Təsisçiləri həmin vaxt bir-birinin ardınca Moskvanın bahalı ticarət mərkəzlərində təsərrüfat malları mağazaları açıblar. O zaman bu təəcüb doğururdu-axı təsərrüfat malları satmaq üçün nəyə görə bahalı yerlər seçilir? Şəbəkənin nümayəndələri isə bunu belə əsaslandırıblar ki, mərkəzdə yaşayanlar ən adi təsərrüfat mallarını almağa mağaza tapa bilmirlər, ona görə də onların biznesi yaxşı gedəcək, hamı “Mosxoztorq”a gedəcək.

Daha sonra “Mosxoztorq”un əsasını qoyanlardan biznesmen Suren Zotovun adı İspaniyada “rus mafiyasının işi”ndə çəkilmişdi. Zotov səhmlərini 2017-ci ildə əmisi oğlu İlya Polyaçkova satmışdı.

Ötən ildən mağazalar şəbəkəsinin problemləri başlayıb, “Mosxoztorq” bir-birinin ardınca mağazalarını bağlayıb. İlin sonunda şəbəkənin mağazalarının sayı 15 faiz azalaraq 65-ə düşüb, hazırda isə cəmi 20 mağazası işləyir.

Üstəlik çoxsaylı kreditorlar “Mosxoztorq”a qarşı iddia qaldırıblar. Son 12 ayda cəmi 149 milyon rubl olmaqla 52 iddia qaldırılıb.

DİGƏR XƏBƏRLƏR

Top