Xəbər verdiyimiz kimi, bu gün dəhşətli yanğının baş verdiyi "EuroHome" inşaat materialları bazarı ölkənin aparıcı şirkətlərindən birinə - "AF Holdinq"ə məxsus olub.
Yeniavaz.com xəbər verir ki, bu ilin sentyabr ayında Rusiya mətbuatında "AF Holdinq"lə bağlı maraqlı məlumatlar yer alıb. Rusiyanın "Vedomosti" qəzeti yazıb ki, "AF-Holdinq"in rəhbəri Azay və İlyas Möhnətovlar Moskvada "Safmar" şirkətinə məxsus 21,7 hektar torpaq sahəsini və 111 min kvadratmetrlik ofis-anbar kompleksini satın alıb. İddia olunur ki, "Safmar" şirkəti qeyd olunan ərazinin səhimlərini özündə cəmləşdirən "Rusinkom" şirkətini əvvəlcə 2,6 milyard rubla (40 milyon dollar) satmağı planlaşdırıb. Lakin, sonradan yekun qiymət onların istədiyindən də yüksək olub. Aktivin neçəyə satıldığı açıqlanmayıb. "Vedomosti" qəzeti yazıb ki, iki mənbə aktivləri Azərbaycanın "AF Holdnq" şirkətlər qrupuna satıldığını açıqlayıb. Qeyd edək ki, bu xəbər sentyabr ayının 14-də yayılsa da, bugünə kimi təkzib olunmayıb. Məsələ ilə bağlı "AF Holdnq" rəhbərliyindən münasibət öyrənmək cəhdimiz baş tutmadı.
Məlumat üçün bildirək ki, "Safmar" şirkətinin Baş direktoru milliyətçə erməni olan Avet Mirakyandır. Şirkətlər qrupunun sahibi isə Dövlət Neft Şirkətinin (SOCAR) əsas ortaqlarından biri olan "RussNeft" şirkətinin sahibi inquş əsilli milyarder Mixail Qutseriyevdir.
Onu da qeyd edək ki, "RussNeft"ə bağlı olan şirkətlər hazırda Azərbaycanın quruda yerləşən ən böyük neft yataqlarında 75-85% paya sahibdirlər. Həmin quru neft yataqları arasında "Balaxanı-Sabunçu-Ramana", "Kürdəxanı", "Binəqədi", "Qırməki", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ", "Sianşor", "Kürovdağ", "Mişovdaq", "Kəlaməddin", "Neftçala", "Xıllı", "Dürovdağ-Babazanan" kimi fəaliyyətdə olan yataqlar yer almaqdadır.
Azərbaycanda böyük layihələrə imza atan "RussNeft" şirkətinin Direktorlar Şurasının üzvü və "Safmar” şirkətinin baş direktoru Avet Mirakyan 1996-cı ildə İrəvan Dövlət Universitetinin məzun olub və bir müddət Ermənistan Mərkəzi Bankında çalışıb. Daha sonra Rusiyada müxtəlf banklarda, eyni zamanda "Artur Anderson" və "Ernst and Young" kimi audit şirkətlərində işləyib. 2007-ci ildə Qutseriyevə məxsus “Binbank”a vitse-prezident təyin olunub. 2016-cı ildə isə Qutseriyevin "Safmar" şirkətinin baş direktoru olub.
Bildirilir ki, bu "AF Holdinq"in Moskvadakı ilk layihəsidir. "AF Holdinq" həmin ərazidə yaşayış binası tikmək niyyətindədir. Holdinqin rəsmi səhifəsində qeyd olunur ki, 1989-cu ildə təsis olunan "AF General Trading" şirkəti ixrac-idxal əməliyyatları ilə məşğul olub. Holdinqin baş ofisi Bakıda yerləşir, Frankfurt və Londonda filialları vardır. "AF Holdinq"ə daxil olan şirkətlərin siyahısı bunlardı:
- "Everton"
- "Uğur-97"
- "AFSAN Plastik"
- "AF Business House"
- "AF Euro Home"
- "AF Mall"
- "AF Com Plaza"
- "AF Com Center"
- "Aqua Park Baku"
- " Aqua Park Shikhov"
- "AF Hotel Aqua Park"
Bundan başqa "AF-Holdinq"-in rəsmi veb-səhifəsində yer alan məlumatda göstərilir ki, 2000-ci ildə "AF Bank" təsis edilib. Sonradan bu bank Rusiyanın VTB bankına satılıb.
A. Cəfərov