Pir Hüseyn xanəgahı - FOTOLAR


Bir şeyx və ya mürşidin rəyasəti altındakı dərvişlərin yaşadıqları, ibadət etdikləri yerə xanəgah, təkyə yada ibadətgah deyilir. Xanəgah və ya təkyələrdə adətən eyni təriqətdən olan müridlər həm elm öyrənir, həm də ibadət edirdilər. Bu kimi tikililərin müsəlman ölkələrində onlarca nümunəsi var. Xanəgahlar dini, ictimai və siyasi yığıncaqlar üçün yer, məktəb, xəstəxana, karvansara, xeyriyyə mərkəzi və s. mühüm sosial rola malik məkanlar olmuşdur. Xanəgahlar əsasən pirlərin məzarı ətrafında bir neçə tarixi mərhələdə formalaşır və əsas karvan-ticarət yolu üstündə tikilirdi.
Azərbaycanda orta əsrlərdən qalma xanəgahlardan biri də Hacıqabul rayonunun ərazisində yerləşən XI–XII əsrlərə aid Pir Hüseyn xanəgahıdır. Buraya Pirsaatçay xanəgahı da deyilir. Həmdullah Qəzvininin yazdığına görə, Pir Hüseyn hicri 467-ci ildə (miladi 1074) vəfat etmişdir. Bu tarixə əsaslanaraq Pirsaat çayı sahilindəki xanəgahın əsasının XI əsrin ortalarında Pir Hüseyn tərəfindən qoyulduğunu söyləmək olar.
Kompleksin əsas binası burada tikilmiş Pir Hüseyn Şirvaninin məqbərəsidir. Vaxtilə Pir Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəri hesab edilir. Pirsaat xanəgahı tədqiqatçıları çox vaxt yüksək səviyyəli bəzək işləri ilə cəlb etmişdir. Yerli memarlıq adətlərinə əsasən başdan-başa daşdan böyük ustalıqla tikilmiş abidənin interyerində bu bölgə memarlığı üçün səciyyəvi olmayan gəc və çoxrəngli kaşı bəzəyinin nadir örnəklərinin olması ölkənin Şimal və Cənubu arasında əlaqələrin Elxanilər dövründə güclənməsinin nəticəsi idi. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülmüş, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır. Pir Hüseyn kaşılarının böyük bir hissəsi Rusiyanın Ermitajında, Gürcüstan Dövlət Muzeyində, Moskva Şərq Mədəniyyəti Muzeyində, Avropanın Luvr, Britaniya və başqa muzeylərində və kiçik hissəsi isə Bakıda, Nizami muzeyində saxlanılmaqdadır.
Sözsüz ki, kompleksin çevrəsindəki ərazi xanəgahın öz tarixi missiyasını dayandırması, dini və iqtisadi mövqeyini itirməsi nəticəsində dağınıq duruma düşmüşdür. Çox dəyərli memarlıq əsəri olan kompleks təəssüf ki yüz illərcə sürmüş biganəliyin, sayğısızlığın və özbaşınalığın qurbanına çevrilmişdir.
Bütövlükdə Azərbaycanın heç bir memarlıq abidəsi dünya muzeylərində təmsil olunmaq baxımından Pir Hüseyn xanəgahı ilə müqayisə oluna bilməz. Bu yolla abidə dünya şöhrəti qazansa da, onu vaxtında və indi də qoruya bilmədiyimizdən bizdə ciddi milli mənəvi narahatlıq doğurmalıdır.
Postsovet məkanı dövründə xanəgahın ərazisində bir neçə dəfə araşdırma işləri aparılsa da, Pir Hüseyn xanəgahı geniş və hərtərəfli tədqiq edilməmişdir. Keçən əsrin 70-80-ci illərində aparılmış bərpa işləri bu kompleksdə çox ciddi təhriflərə - pozuntulara səbəb olmuşdur. Ümid edirik ki, xanəgah kompleksinin və çevrəsinin elmi əsaslarla və beynəlxalq standartlara uyğun bərpası bir gün reallaşar.
Pir Hüseyn xanəgahında son yüz illikdə sözdə tədqiqat aparmaq adı ilə gəlsələr də, işin nəticəsinə baxdığımız zaman verdiklərindən daha çox aldıqlarına, buradakı dəyərli kaşı və s. kimi sənət nümunələrini özləri ilə apardıqlarına şahid oluruq. Tarixi mənbələrdə qeyd edilən Pir Hüseyn xanəgahı ilə bugünkü halını müqayisə edəndə sanki bu xanəgah günümüzə sadəcə daşdan divarları ilə üryan bir vəziyyətdə gəlib çatıb.
İstər Çar Rusiyası, istərsə də Sovet Rusiyası zamanında, bura göndərilən “tədqiqatçı”lar əslində xanəgahda olan daş kitabələri və yazılı kaşıları oğurlamaqla məşğul olmuşlar. Ona görə də xanəgaha aid yazlı nümunələr bu gün Avropa və Rusiya muzeylərində daha çoxdur, nəinki xanəgahın özündə.
Xanəgahın tikintisinin öncədən işlənmiş layihə əsasında aparıldığını söyləmək mümkün deyil. Bu xanəgaha aid olduğu bəlli olan on ədəd müxtəlif tarixli daş kitabəsi, eləcə də bir qədər qarışıq plan-məkan quruluşu xanəgah kompleksinin qala divarları içərisində tədricən, həm də bir neçə memarın başçılığı ilə böyüyüb formalaşdığını göstərir. Xanəgahı dövrələyən indiki qala divarları və həcmli giriş baştağı 1243-cü ildə tikilsə də, Pir Hüseyn türbəsi və ona bitişik məscidin əsası, yəqin ki, XI əsrdə qoyulmuşdur. Kompleksin minarəsi 1256-1294-cü illərdə, ən son tikilisi - qülləvari türbə isə XVII əsrdə inşa edilmişdir.


Pir Hüseynin adı və onun imzasını daşıyan hər hansı əsərə ölkə və dünya kitabxanalarında hələki rast gələn olmayıb. Onu da unutmamalıyıq ki, bir alimin, bir təriqət şeyxinin həyatı və görüşlərini öyrənmək üçün onun qəbri üzərində ucaldılan türbə ya da oradakı bir kitabə bəs eləmir. Gərək o alimin əsərləri tapılsın, bu əsərlərdən onun görüşləri, dəqiq olaraq hansı təriqət və məşrəbə mənsub olduğu və s. bilinsin. Daşdan divarlar bizi bir sıra məqamdan agah etsə də, ortada yazılı əsər olmadıqca bir çox həqiqətlər elm aləmində yenə də qaranlıq qalır.
Bu yaxınlarda Türkiyədə universitetlərin birində müəllim işləyən araşdırmaçı və elm xadimi bir azərbaycanlı müəllim İstanbul bələdiyyəsinə aid kitabxanada Pir Hüseyn Şirvaninin oğluna aid edilən bir neçə yazı nümunəsi və risalələr tapmışdır. Tapılan bu risalənin həm başlanğıcında, həm də sonunda risalə müəllifinin adı, “Dərviş Həsən İbn Pir Hüseyn Şirvani” (yəni Pir Hüseyn Şirvaninin oğlu Dərviş Həsən) olaraq qeyd olunur. Bu diyarda eyni adda başqa bir “Pir Hüseyn Şirvani” olmadığını nəzərə alsaq, risalə müəllifinin istər-istər Pir Hüseynin oğlu olduğunu deməyə əsas verir. Azərbaycanda ilk dəfə oxuculara təqdim olunan bu risaləni yayımlamaq üçün bizə təqdim edən tədqiqatçı alimə ayrıca təşəkkürümüzü bildiririk.
Bu risalələrdən birinin adı: “Fəqirlik iki dünyada da insanın üzünü qara edər” başlığını daşıyır. Burada müəllif hansısa maddi sıxıntılardan şikayət eləmir. Əksinə məsələyə suficə və fəlsəfi ağırlığı olan bir tonda yaxınlaşır. Yazıda biraz da təkri-dünyalığın mədh edildiyini görürük.


Dərviş Həsən İbn Pir Hüseyn Şirvaninin (Pir Hüseynin oğlunun) əldə olan ikinci risaləsi də “Risaleyi nöqtə” yəni nöqtə risaləsi adlanır. Müəllif bu risaləni fars dilindən türk dilinə tərcümə etdiyini qeyd edir.



Pir Hüseyn xanəgahına qarşı edilən diqqətsizlik buradakı kaşı sənətinə aid nümunələrin, dəyərli əşyaların sökülərək aparılması ilə kifayətlənmir. Sovet dövründə bu tarixi tikiliyə çox yaxın ərazidə salınan su anbarı da Pir Hüseyn xanəgahının tədrici məhvinə yönəlik addım hesab etmək olar. Aşağıdakı şəkillərdə gördüyümüz kimi 1956-cı ildə layihələndirilən "Pirsaat su anbarının" məhz Pir Hüseyn xanəgahının 40-50 metr yaxınlığında tikilməsi sanki başqa mətləblərdən xəbər verir. Bu su anbarının daşmasının digər fəsadları olmaqla yanaşı, elə anbarın həmən yaxınlığında qalan xənagəh kompleksinin ilk növbədə dağılması, su basması, məhv olması deməkdir.




Yeniavaz.com saytı xanəgahla bağlı məhz bu məsələni də araşdırıb. Saytımızın bu məsələ ilə bağlı suallarına “Pir Hüseyn xanəgahı” tarix-memarlıq qoruğunun direktoru Məhərrəm Müslümov burada tarixi tikiliyə qarşı bir qəsdin və ehmalkarlığın olduğunu təsdiqləyib. O qeyd edir ki, “Pirsaat su anbarının bəndi xanəgaha 40 metr yaxınlıqda deyil, 2 km arxada tikilməsi daha effektli olardı. Bu su anbarı layihə işlərinə 1956-cı ildə başlanılıb. M.Müslümov onu da vurğulayır ki, 1956-cı illərdə sovet dövründə Bakıda Layihə İnstitutlarında ermənilər işləyirdi. Pirsaat su anbarı layihəsinin xanəgaha bu qədər yaxın ərazidə salınmasında Akopyan soyadını daşıyan bir erməninin də qolu var idi”. Xanəgah qoruğunun direktoru onu da bildirdi ki, “Bəndən su sızdığı üçün Pir Hüseyn xanəgahının divarlarında həmişə nəmlik olurdu. 2005-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin əmrilə bura ölkə əhəmiyyətli tarixi abidə kimi qeydiyyata alınıb. Bundan sonra təmir-bərpa və rekanstrusiya işləri başlandı. Təmirdən sonra su bəndi ilə xanəgah arasında iki ədəd drenaj xətti çəkildi. Drenaj xətti çəkiləndən sonra Pirsaat su anbarının bəndindən xanəgaha su sızmalarının qarşısı alınıb”.
Pir Hüseyn xanəgahı tarix-memarlıq qoruğunun elmi işçisi Zaur Cəfərov da bu barədə məlumat verərkən belə deyirdi: "Gördüyünüz bu su anbarı 1956-ci ildə erməni Akopyanın layihəsi əsasında tikilib. Bu bəndin 2 km aralıqda tikilməsi nəzərdə tutulsa da, düşmənlərin planı başqa olub. Onlar fikirləşiblər ki, burada su anbarı tiksələr, zaman keçdikcə su anbarından xanəgaha su sızacaq və abidə dağılacaq". Bu faktlar əsasında qeyd etmək olar ki, 1956-cı ildə Akopyanın layihəsi ilə xanəgahın yaxınlığında qədim yaşayış yerində Pirsaat su anbarının tikilməsi xanəgaha vurulan ciddi bir zərbə idi.
Pir Hüseyn yaxın şərqdə Baba Kuhi adı ilə tanınan böyük sufi şairi və filosofu Məhəmməd Bakuvinin (948-1050) kiçik qardaşı olmuşdur.
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top