Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərişıq" ASC-nin Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi İlham Məmmədov və idarənin kəsim şöbəsinin mühəndisi İlkin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.
İttihama görə, həmin şəxslər 2017-ci ilin aprel ayında Nərimanov rayonu ərazisində yerləşən "İnfiniti" klubuna transfprmatordan işıq xəttinin çəkilməsi üçün 29 min manat rüşvət alıblar. Həmçinin həmin vaxtdan 2018-ci ilin dekabr ayınadək aylıq ödənişlər üçün "İnfiniti" klubdan ümumilikdə 100 min manat alınıb və "Azərişıq" ASC-yə ödənilməyib.
Bu iş üzrə zərərməkmiş qismində "Azərişıq" ASC tanınıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), və 311.3.1, 311.3.3. (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.
İttiham aktına münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
İlham Mahmudov bildirib ki, o, idarədə aparıcı mühəndis işləyib və xətt çəkmək, işıqpulu toplamaq onun səlahiyyətlərinə aid olmayıb. O bildirib ki, "İnfiniti" kluba qanunsuz işıq xətti çəkilməsindən xəbərsiz olub.
Onun suallara cavabından məlum olub ki, 2001-ci ildən bu sahədə çalışır. 2018-ci ilin noyabrın 15-də işdən çıxıb, dekabr ayında isə klubda qanunsuz xətt aşkarlanıb.
O qeyd edib ki, bu məsələdən əvvəl reyd keçirilib və həmin transformatorda qanunsuz heç nə aşkarlanmayıb. Klubda qanunsuz xətt olmasından xəbərsiz olduğunu deyən təqsirləndirilənə hakim sual verib:
"Bu klub haqqında mediada dəfələrlə yazılar dərc edilib, hətta oranın əxlaqsızlıq yuvası olduğu barədə videolar paylaşılıb. Bu cür məşhur klub sənin ərazində idi, dünyaya səs salıb, işıqları göz qamaşdırır, amma sizin diqqətinizi çəkmədi ki, bunlar işığı hardan alır?"
Təqsirləndirilən şəxs bildirib ki, xətt yeraltı və peşəkarcasına çəkildiyinə görə, kənardan qanunsuz xətti müəyyənləşdirmək mümkün olmayıb: "Ancaq xəttin kim tərəfindən çəkilməsindən xəbərim yoxdur".
Digər təqsirləndirilən İlkin Hüseynov kəsim şöbəsində mühəndis işlədiyini bildirib:
"Mənim işim işıqpulu ödəməyəndə işığı kəsməkdir. Mən necə hansısa obyektdən pul ala bilərəm? 2018-ci ildə işdən çıxarılmışam. Həmin obyektlə əlaqəm olmayıb, heç bir pul almamışam. Yalnız Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılanda xəbərim olub ki, orada qanunsuz xətt çəkilib".
Prosesdə şahid qismində "Azərişıq" ASC-nin Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov ifadə verib. O bildirib ki, 2018-ilin noyabr ayında idarənin satış şöbəsinə rəis təyin edilib, dekabr ayında sözügedən kluba qanunsuz xətt çəkildiyini aşkarlayıb. O, suallara cavab olaraq xətt aşkarlanandan sonra obyektə baxış keçirmədiyini, orada sayğac olub-olmadığını bilmədiyini deyib.
İstintaqa ifadəsində isə bildirib ki, obyektdə ona xəttin qanunsuz olmadığını, hər ay sayğac ödənişləri üçün təqsirləndirilənlərə pul ödənildiyi deyilib. Şahid məhkəmədəki ifadəsini təsdiq etdiyini bildirib.
Şahid Həsən Həsənov isə qanunsuz xətt aşkarlanan zaman Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi olub. Hazırda satış şöbəsinin rəisi işləyən H.Həsənov bildirib ki, "İnfiniti" kluba qanunsuz xətt çəkilməsindən xəbərsiz olub və aşkar olunan kimi bu barədə baş idarəyə məlumat verib.
Hakim "3 mərtəbəli böyük bir obyektə bir həftə ərzində 45 metr ərazidən qazılaraq yeraltı xətt çəkilir, necə olub ki, sizin öz ərazinizdə görülən işdən xəbəriniz olmayıb?" deyə sual verib. Şahid bir daha xəbərsiz olduğunu vurğulayıb.
"İnfiniti" klubun işçisi olmuş M.Orucov ifadəsində bildirib ki, obyekti 2017-ci ilin mart ayında təmir ediblər. O qeyd edib ki, işıqlar tez-tez söndüyü üçün İlham Məmmədova müraciət ediblər. M.Orucov yeni xətt çəkməli olduqlarını deyib: "Maliyyə məsələlərinə mən baxırdım, inzibati işlərə baxan Əhməd Məstəliyev (Əhməd Məstəliyev 2018-ci ilin dekabr ayında, qanunsuz xətt aşkar olunan gün vəfat edib - R.V) mənə dedi ki, 29 min manat xəttin çəkilməsi üçün pul vermək lazımdır, mən də çek yazıb kassadan ona pul verdim. Hər ay da işıqpulu üçün 4-5 min manat pul ödəyirdik. Bu pulları Əhməd Məstəliyevə vermişəm, o da "Azərişıq"ın işçilərinə ödəyib. Ancaq konkret kimə ödədiyini bilmirəm".
Şahidin ibtidai istintaqa ifadəsi elan edilib. O, ifadəsində müstəntiqə deyib ki, Əhməd Məstəliyev həmin pulları təqsirləndirilən şəxslərə verib.
Şahid istintaqa ifadəsindən imtina edib və təqsirləndirilən şəxslərə pul verilməsindən xəbərsiz olduğunu bildirib.
Suallara verilən cavabdan aydın olub ki, klubla bağlı hazırda vergidən yayınma ilə bağlı araşdırma aparılır.
"İnfiniti" klubun digər əməkdaşı Malik Cabbarov da oxşar ifadə verib. O, işıq üçün pulları dünyasını dəyişən Əhməd Məstəliyev tərəfindən ödənildiyini, ancaq kimə verildiyini bilmədiyini deyib. İstintaqa ifadəsində isə pulların İlham Məmmədova verildiyini qeyd edib. Şahid məhkəmədəki ifadəsini təsdiq etdiyini bildirib.
Proses sentyabrın 20-də davam edəcək.