Yeni tədris ilinin yaxınlaşmasıyla məktəblərin köhnə problemləri də aktuallaşdı. Bəlli olduğu kimi belə problemlərdən biri də siniflərdə şagird sıxlığıdır. Hansı ki, bu problem birbaşa təhsilin keyfiyyətinə təsir göstərir, müəllim dərs saatı boyunca mövzunu izah edib, eyni zamanda 30-35 şagirdin hazırlığını yoxlaya bilmir.
Yeniavaz.com virtualaz.org-a istinadən xəbər verir ki, şagird sıxlığı təkcə paytaxtın mərkəzi rayonlarındakı məktəblərdə deyil, həmçinin Bakıətrafı kənd və qəsəbələrdə, xüsusilə də son illər qeyri-leqal məskunlaşmanın çox olduğu, minlərlə sənədsiz evlərin tikildiyi, yaxud yeni məhəllələrin salındığı ərazilərdə də müşahidə edilir. Məktəblərdə parta yerləri ilə məktəb yaşlı uşaqların sayı uyğun olmadığından bir sinifdə bəzən 30-35 şagird oxuyur. Məktəblərdə ikinövbəli dərs sisteminə keçid də problemin həllinə kömək etmir.
Belə məktəblərdən biri də Bakının Suraxanı rayonu, Bül-Bülə qəsəbəsindəki 316 saylı məktəbdir. Bu məktəb 2000-ci illərin ortalarında tikilib və 870 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdu. Lakin hazırda orada təxminən 2100 şagird təhsil alır. Buna görə də hər sinifdə azı 30 şagird oxuyur, halbuki sinif otaqlarının sahəsinə görə ən yaxşı halda 24 şagirdin yerləşməsi münasibdir. Məktəbdə dərs ikinövbəlidir, amma bu da şagird sıxlığının azaldılmasına kömək etməyb, illərdir ki, əlavə korpusun tikintisinə ehtiyac yaranıb. Çünki məktəbin yerləşdiyi ərazidə-S.Əliyev küçəsində yeni tikilən evlərin sayı ilbəil artır. Bakının söküntü gedən ərazilərindən də bu məhəlləyə köçənlər çoxdur.
Lakin görünür minlərlə ailənin yaşadığı qəsəbədə məktəb üçün əlavə korpusun tikintisi hələlik yada düşmür.
Valideyinlər isə deyirlər ki, məktəbdəki hədsiz sıxlıq, dərslərin iki növbəli olması onlara və uşaqlarına əziyyət verir, təhsilin keyfiyyətini daha da aşağı salır. Belə ki, bu qəsəbədə əksər şagirdlər 316 saylı məktəbə çatmaq üçün az qala 2-3 kilometr yol qət etməlidir. “Qış aylarında ikinci növbədə dərslər qurtaranda artıq hava tam qaralmış olur. Məktəbin ətrafı da sahibsiz itlərlə doludur, çünki hər tərəf qəssabxanalardır. Nəticədə nəinki uşaqlara, elə özümüzə də təhlükə yaranır. Xüsusən də azyaşlıların qaranlıqda dərsdən çıxıb 2-3 kilometr yolu piyada evə necə getdiyini təsəvvür edin”,-valideyinlərdən biri danışır.
Doğrudur, məktəbdə dərslərin bir növbəli sistemə keçirilməsi hələlik real görünmür, amma valideyinlər ümid edir ki, heç olmasa əlavə korpus tikib siniflərdəki şagird sıxlığını aradan qaldırsınlar. Çünki məktəb öz tutumundan az qala 3 dəfə çox şagirdi qəbul etməli olur.
Təhsil Nazirliyi isə əvvəllər bildirmişdi ki, qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, hər bir sinifdə şagird sayı 30-dan çox olmamalıdır. Amma nazirlik məktəblərdə sıxlıq probleminin mövcud olduğunu təsdiqləyir və ümid edir ki, bu problemi mərhələlərlə aradan qaldırmaq mümkün olacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 3 avqust, 2012-ci il tarixli, 171 saylı qərarının 2.3.1-ci bəndinə görə isə ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20, sinif otaqlarının sahəsi isə 36-42 kvadratmetr olmaqla müəyyənləşdirilir. Nazirlər Kabinetinin 19 yanvar, 2012-ci il tarixli, 10 saylı digər qərarında isə eyni sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otaqlarının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil edilməli olduğu göstərilir.
316 saylı məktəbin direktoru Gülnarə Əkbərova isə bildirib ki, növbəti tədris mövsümündə məktəb üçün yeni korpus tikiləcəyinə ümid edirlər. Bu tədris ilində isə yenə də hər sinifdə 30 şagird təhsil alacaq. Baxmayaraq ki, sinif otaqlarının ölçüsü kiçikdir.
“Son illər bu ərazidə çoxlu yeni evlər tikilib, əhalinin sayı artıb. Ona görə də şagirdlərin sayı ilbəil artıb. Məktəbin işi şagirdlərə keyfiyyətli təhsil verməkdir, müəllim kollektivimiz əlindən gələni edir ki, sıxlıq olsa da şagirdlərə fənni əhatəli şəkildə tədris etsinlər, heç bir şagirdi diqqətdən kənarda qoymasınlar. Düzdür, bizdə dərslər ikinövbəlidir, amma siniflərdə şagird sayı Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş normalar çərçivəsindədir. Əlbətdə, əlavə korpus tikilsə dərs şəraiti daha rahat olar, amma hələlik siniflərdə şagird sayını azaltmaq üçün şəraitimiz yoxdur. Gözləyirik ki, əlavə korpusun tikilməsi gələn il üçün plana salınacaq”,-direktor deyib.
Suraxanı rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, 316 saylı məktəbdə şagirdlərin sayının nəzərdə tutulan yerlərdən dəfələrlə çox olduğundan xəbərdardırlar. Amma əlavə korpusun tikintisi məsələsi onların səlahiyyətində deyil, bu işə Təhsil Nazirliyi baxır...