Putin Koçaryana məktub yazdı - TƏFƏRRÜAT


Rusiya prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti Robert Koçaryana məktub yazıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Putin avqustun 31-də 65 yaşı tamam olan Ermənistanın sabiq prezidentini təbrik edib.
Rusiya Prezidenti təbrik məktubunda bunları qeyd edib:
"Hörmətli Robert Sedrakoviç, 65 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Həm ölkənizdəki, həm də xaricdəki soydaşlarınız arasında layiqincə hörmət qazandınız, müasir Ermənistanın inkişafına və Zaqafqaziyada təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verdiniz".
Onu da bildirək ki, Putin ötən ilin avqust ayının 31-də də Koçaryana zəng edərək onun ad gününü təbrik edib.
Məlumat üçün bildirək ki, Robert Koçaryan Prezident olduğu dövürdə - 2008-ci il 1 mart tarixində seçkilərin nəticələrinə etiraz edən müxalifət təmsilçilərinə qarşı güc tətbiq edib və nəticədə 10 nəfər, o cümlədən, iki polis əməkdaşı həlak olub, 200-dən çox insan xəsarət alıb.
Nikol Paşinyan ötən ilin may ayında hakimiyyətə gəldikdən sonra Koçaryan barəsində cinayət işi açılıb və ötən ilin iyulun sonunda həbs olunub. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri dəyişib.
Baş Prokurorluq Kassasiya Məhkəməsinə şikayət edib və Kassasiya Məhkəməsi dekabrın 7-də yenidən araşdırmaq üçün işi Apellyasiya Məhkəməsinə qaytarıb. Həmin gün Apellyasiya Məhkəməsinin qərarı ilə Robert Koçaryan yenidən həbs edilib.
Qeyd edək ki, Robert Koçaryan ikinci dəfə həbs olunduqdan qısa müddət sonra - ötən ilin dekabr ayının sonunda Putin onu "Yeni il" münasibətilə təbrik məktubu göndərib.
Xatırladaq ki, iki gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabından paylaşdığı "status"un sonuna rus dilində bir cümlə əlavə edib.
Paşinyan erməni dilində belə yazıb: "Biz bu gün Cinayət Məcəlləsinə dəyişiklik layihəsini qəbul etdik, mahiyyətini qısaca belə təsvir etmək olar".
Daha sonra isə erməni dilində yazdığı bu cümlənin sonuna rus dilində "Oğru həbsxanada oturmalıdır" (Вор должен сидеть в тюрьме!) sözlərini əlavə edib.
Qeyd edək ki, Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşdığı əvvəlki "status"larının heç birində rus dilində qeydlər yazmayıb.  
Belə görünür ki, Paşinyan bu cür "status" paylaşmaqla Rusiyaya mesaj verib. Bildiyimiz kimi Rusiya hakimiyyəti Paşinyan hakimiyyətə gəldikdən sonra həbs olunan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın azad olunmasını istəyir.

 
 
 

DİGƏR XƏBƏRLƏR

Top