Özbəkistanın Qaşqadərya, Fərqana və Xorəzm vilayətlərinin icra hakimləri (rəhbərləri) prezident Şövkət Mirziyoyevin kəskin tənbehindən sonra rəhbərlik etdikləri vilayətlərdə xalqın qarşısına çıxaraq yol verdikləri səhvlərə görə üzr istəyiblər.
İcra hakimləri camaat qarşısında boyunlarını bükərək prezidentdən, xalqdan, bloqqerlərdən, jurnalistlərdən və hətta beynəlxalq ictimaiyyətdən sakinlərin evlərini, sahibkarların obyektlərini kompensasiya ödəmədən sökdükləri üçün üzr istəyib günahkar olduqlarını boyunlarına alıblar.
Xatırladaq ki, Fərqana vilayətində minlərlə sakin evlərin sökülməsinə görə kompensasiyanın gecikdirilməsi səbəbindən ötən ayın sonlarında küçələrə çıxmışdı və yolu bağlamışdı. Sakinlərin evlərinin və sahibkarların obyektlərinin bəribaşdan kompensasiya ödənilmədən sökülməsinə görə etirazlar Qaşqadərya və Xorzəm vilayətlərində də qeydə alınıb.
Prezident Mirziyoyev ötən həftə sonu keçirdiyi selektor müşavirəsi zamanı həmin vilayətlərin icra hakimlərini kəskin tənqid etmişdi. Onları vicdansızlıqla, özbaşınalıqda, prezidentə xəyanətdə və yürütdüyü siyasəti gözdən salmaqda günahlandırmışdı. Dövlət başçısı baş nazirə və prezident administrasiyasının rəhbərinə tapşırmışdı ki, həmin icra hakimlərinin işdən azad edilməsi məsələsinə baxılsın. Mirziyoyev çıxışında tez-tez sosial şəbəkələrdə evləri sökən məmurlara görə prezidentə qarşı ünvanlanmış etirazları xatırladıb və həmin icra hakimlərini internetdə video yayıb üzr istəməyə çağırıb.
Prezidentin bu çıxışının ardınca hər üç icra hakimi xalq qarşısında üzr istəyib və müvafiq video sosial şəbəkələrdə yayılıb.
Fərqana vilayətinin rəhbəri Şuxrat Qəniyev söküntülərə görə etirazların baş verdiyi Riştan rayonunda sakinlər qarşısında etiraf edib ki, bu rayonda evlərin sökülməsi “səhv idi”. O, qanunsuz söküntüyə görə sakinlərdən üzr istəyib.
“Mən sizə açıq deyirəm-bu doğrudan da səhv idi. İlk növbədə burada mənim böyük günahım var, vilayət rəhbəri olaraq. Bizim səhvimiz dövlətimizə və prezidentimizin indiki siyasətinə zərbə vurmalı deyil. Bununla əlaqədar vilayət başçısı kimi sizlərin hamısından üzr istəyirəm”,-Qəniyev deyib.
İcra hakimi çıxışında bildirib ki, Riştan rayonunda evlərin sökülməsinə görə cavabdeh olan 14 rəhbər şəxs işdən çıxarılıb.
“Azadlıq” radiosu xatırladır ki, Riştan rayonunun əvvəlki icra hakimi Tavakkaljon Rəhimov rayonda abadlıq adı altında evlərin kütləvi sökülməsinə görə sosial şəbəkələrdə kəskin tənqid olunurdu. Rəhimov artıq istefa verib, o həmin vəzifəyə ötən ilin fevralında təyin edilmişdi.
Fərqana vilayətinin hakiminin ardınca Qaşqadərya vilayətinin icra hakimi Zəfər Ruziyev də sakinlərin qarşısında üzr istəyib. Etiraf edib ki, söküntülər məsələsində səhvə yol verib.
“Yakkabaq rayonunda baş vermiş insidentə görə yüz faiz rayon administrasiyası və vilaət rəhbərliyi günahkardır. Yüz dəfə, min dəfə dövlətdən, prezidentdən, əziz xalqımdan, hörmətli bloqqerlərdən, jurnalistlərdən, bu situasiyada zərər çəkən sahibkarlardan üzr istəyirəm, sizlərin qarşısında baş əyirəm. Əgər bizə təkrar şans verilərsə “sökün, dağıdın, götürün” kimi əmrlərin verildiyi əvvəlki siyasətdən tam imtina edəcəyik. Hər sakinlə ayrılıqda işləyəcəyik, əgər lazım olsa fərdi qaydada.Və hamıya lazım olan köməyi göstərəcəyik”,-Ruziyev deyib.
Yakkabaq rayonunda kredit hesabına tikdiyi obyekti kompensasiya ödənilmədən söküldüyü üçün yerli sahibkar iyulun 20-də rayon administrasiyası rəhbərinin müavininin üstünə benzin töküb od vurmuşdu. Həmin insident Özbəkistanda geniş rezonans doğurub, rayon rəhbəri işdən çıxarılıb, müavini barədə cinayət işi qaldırılıb.
Prezidentin sərt qınağına tuş gələn Xorzəm icra hakimi Farxod Yermanov da xalqdan üzr istəyib. Bildirib ki, bundan sonra bütün qərarlarını sakinlərlə, ağsaqqallarla razılaşdıracaq.
“Biz sizlərin əzablarınızın və əziyyətlərinizin səbəbkarıyıq. Əlbətdə, bu situasiyada mən özümü günahkar sayıram. Əgər bu işləri əvvəlcədən planlaşdırsaydıq, hesabımızı aparsaydıq və sizlərlə ünsiyyətdə olsaydıq bütün bu hallardan qaçmaq olardı. Sizin qarşınızda dayanaraq dönə-dönə üzr istəyirəm”,-o bildirib.
Bu arada isə sosial şəbəkələrin özbək seqmentində bloqqerlərin digər vilayətlərin icra hakimlərini də üzr istəməyə çağıran müraciətləri yayılıb. Onlardan sakinlərin evlərini qanunsuz sökdükləri və insanları məcburi əməyə cəlb etdikləri üçün üzr istəməyi tələb edirlər.
Belə ki, bu günlərdə Surxandərya və Əndican vilayətlərinin hakimləri tərəfindən imzalanmış sənədlər sosial şəbəkələrdə yayılıb. Orada büdcə təşkilatları işçilərinin abadlıq işləri üçün iməcliyə çıxarılması tələb olunur.
Əndican vilayətinin hakimi Şuxrat Abdurahmanov tərəfindən imzalanmış sənəddə göstərilir ki, büdcə təşkilatlarının rəhbərləri avqustun 4-də öz işçilərini “bel, kətmən və digər əmək alətləri ilə” təchiz edib ərazilərin abadlaşdırılması üçün iməcliyə göndərməlidir. Məqsəd prezidentə “nümunəvi vilayət” göstərməkdir.
Ötən il Özbəkistanda büdcə təşkilatlarının işçilərini abadlıq işlərinə, iməcliyə cəlb etmək qadağan olunub. Prezident Mirziyoyev hökumətə tapşırıb ki, insanların zorla əməyə cəlb olunması ilə bağlı hər fakta fövqəladə hadisə kimi yanaşsın və məsələni araşdırmağa hüquq-mühafizə orqanları qarışsın. (Virtualaz.org)