Hacıbaba Bağırovun ilk övladı: “Bakıya qayıtmağa imkanım yoxdur” - MÜSAHİBƏ


"İkinci ailəmdən də ayrılmışam, hazırda tək yaşayıram"

Yeniavaz mərhum aktyor Hacıbaba Bağırovun oğlu Aleksandr Bağırovun azvision.az-a müsahibəsini təqdim edir. Uzun illərdir Rusiyada yaşayan 66 yaşlı Aleksandr Azərbaycana qayıtmaq, Bakıda yaşamaq istəyir. Lakin o, maddi imkanı olmadığı üçün bu arzusunu reallaşdıra bilmir.

- İstərdim, oxucularımıza özünüz və ailəniz haqqında məlumat verəsiniz... 

- 1953-cü ildə Bakıda Hacıbaba Bağırovun ailəsində anadan olmuşam. Mən onun birinci nikahından doğulan övladıyam. Anamla atam 5-6 il birgə yaşadıqdan sonra boşanıblar və biz Sumqayıta köçmüşük. Orada məktəbə getmişəm, qardaşım və əmimlə birgə zavodda usta işləmişəm. Daha sonra isə orduya yazılmışam. 

- Atanızla münasibətiniz necə olub? Əlaqə saxlayırdınızmı? 

- Əlbəttə, normal əlaqələrimiz olub. Son günlərinə kimi danışmışıq. Həmişə Bakıya gəlib ona baş çəkirdim. 


- İndi harada yaşayırsınız? 

- 1976-cı ildən Smolenskdə yaşayıram. Həyat yoldaşım Smolenskdən idi. Əslində mən burada xidmətdə olmuşam. 

- Atanızın digər nikahlardan olan ailələri, övladları ilə münasibətiniz varmı? 

- Bacılarımdan biri - Lalə Bakıda yaşayır. O, atamın ikinci nikahından doğulub. Daha sonra sonuncu nikahdan olan Şölə adında bacım var. Bacılarım bura gəlmir, imkan yoxdur. Hərdən Şölənin anası Arzu ilə əlaqə saxlayırıq. Şövkət adında xalam da var, onun ünvanını itirmişəm. 

- Bu yaşdan sonra doğma Vətənə qayıtmaq istərdinizmi? 

- Əlbəttə, qayıtmaq istəyirəm. Atam o vaxt mənə Bakıya gəlməyi təklif etdi. İndi Bakıda yaşamaq üçün ilk növbədə mənzil lazımdır. İkinci maneə isə iş və maddi problemlərdir. Bu problemlər həmişə adamı sıxır. Sözün açığı, Bakıya qayıtmaq, orada yaşamaq üçün maddim imkanın yoxdur. 

- Yəqin ki, orada ailəniz, uşaqlarınız var. 

- Mənim birinci nikahdan doğulan qızım 22 yaşında həlak olub. İkinci nikahdan isə 11 yaşında bir qızım var. Ancaq ikinci ailəmdən də ayrılmışam, tək yaşayıram. 

Qeyd edək ki, məşhur gülüş ustası Hacıbaba Bağırov 5 dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. Hacıbaba Bağırov hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı oğlu olub. Aktyorun Aleksandrdan başqa Lalə və Şölə adlı iki qızı var. Aleksandrın 66, Lalənin 57, Şölənin isə 17 yaşı var. 

DİGƏR XƏBƏRLƏR

Top