Quba şəhərində “Regional Mətbəx Festivalı” adlı festival keçirilib.
Festival Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.
Festivalda yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları nümayiş olunub.
Dövlət Agentliyinin sədri Fuad Nağıyev və Quba Rayon İcra Hakimiyyətinin başcısı Ziyəddin Əliyev festival ərazisində nümayiş olunan milli mətbəx nümunələri ilə tanış olublar.
Tədbirdə açılış nitqi ilə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başcısı Ziyəddin Əliyev bu kimi tədbirlərin rayonun milli mətbəx nümunələrinin nümayişi baxımından, ümumilkdə isə Azərbaycanda son zamanlar turizmin əsas istiqamətlərindən biri sayılan qastro-turizmin inkişafı cəhətdən mühüm olduğunu bildirib.
F.Nağıyev isə öz növbəsində Quba, Qusar və Xaçmaz kimi şəhərlərin yerləşdiyi şimal-şərq regionunun turistlərin ən çox üz tutduğu bölgələrdən biri sayıldığını və bu regionda xarici turistlərə təqdim etmək üçün çox sayda turizm məhsulunun olduğunu deyib.
Agentlik sədri bu regionda milli mətbəxt nümunələrinin xüsusi seçildiyini, öz ləziz dadı və görünüşü ilə fərqləndiyini diqqətə çatdırıb.
Festival çərçivəsində “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar yaradılıb.
Eyni zamanda qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçirilməsi üçün “Əsas səhnə” və “Əyləncə parkı" zonası quraşdırılıb.
Tədbirdə milli musiqi nümunələri, rəqslər, tanınmış müğənnilərin ifaları, müxtəlif tamaşalar, uşaqlar üçün proqramlar qonaqlara təqdim olunub.
Festivalın son günündə Şahdağ Quba Hotelində məşhur aşpazlar tərəfindən regional qida sənayesinin aşpaz və mütəxəssisləri üçün master-klasslar keçiriləcək.
("Report")