Mərhum Xalq artisti Müslüm Maqomayevin adı Ukraynanın Dnepr şəhərindəki küçələrdən birinə verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dnepr Şəhər Şurasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, bu qərar Şəhər Şurasının növbəti iclasında qəbul edilib. Bundan sonra Sobornı rayonundakı 8 mart küçəsi sovet müğənnisi və bəstəkarı Müslüm Maqomayevin adını daşıyacaq.
Müslüm Maqomayev kimdir?
Müslüm Maqomayevin mədəniyyət tariximizdə bəstəkar, dirijor, ictimai xadim, publisist, dramaturq kimi özünəməxsus yeri var. O, 1885-ci il sentyabrın 18-də Qroznıda dəmirçi ailəsində dünyaya gəlib. Ailədə musiqiyə olan sonsuz maraq onun bəstəkar kimi formalaşmasında böyük rol oynamışdı. Əbdülmüslümün ilk musiqi müəllimi onun böyük qardaşı Məhəmməd olub. Müslüm Qroznıda, sonra isə Tiflisdəki Qori müəllimlər seminariyasında təhsil almışdı. Burada gələcəyin dahi bəstəkarı Üzeyir Hacıbəyli ilə tanış olmuş və bu tanışlıq sonradan qohumluğa çevrilmişdi. Onların hər ikisi Terequlova bacılarıyla evlənmişdi.
Müslüm Maqomayevin ilk iri həcmli musiqi əsəri 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasıdır. “Şah İsmayıl" operasının ilk tamaşası 20 mart 1919-cu ildə keçirildi.
“Şah İsmayıl” milli operamızı Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları ilə əlaqələndirmək baxımından ilk təşəbbüs idi. Bu əsərdə bəstəkar operaya xas ariya, duet, çoxsəsli xor kimi əsas elementlərlə yanaşı, milli folklor nümunələrindən də bacarıqla istifadə edib. İlk tamaşası 1919-cu il martın 7-də nümayiş olunan opera indiyədək təqribən 400 dəfə oynanılıb.
1920-ci ildə Maqomayev Azərbaycan SSR Təhsil İşçilər Birliyinin sədri seçilir. O, 1921-ci ildə Maqomayev Azərbaycan Xalq Təhsili Komissarlığının incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Sonra Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışıb. 1929-cu ildə Maqomayev Azərbaycan Radio Komitəsində musiqi şöbəsinin rəhbəri vəzifəsində işləyir və bu vəzifədə 1931-ci ilə qədər qalır.
Müslüm Maqomayevin yaradıcılıq irsinə “Nərgiz” operası, “Azərbaycan çöllərində”, “Azad olunmuş Azərbaycan qadınının rəqsi”, “Dərviş”, “Şəlalə”, radio marşı kimi simfonik əsərləri, “Ceyranı”, “Turacı”, “Çeçen rəqsi” oyun havaları, “Bahar”, “Bizim kənd”, “Mazut ordusu” mahnıları daxildir.
O, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” tamaşalarına musiqi bəstələyib. Üzeyir Hacıbəyli ilə birgə “Azərbaycan türk el nəğmələri” məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqs havalarını nota alıb.
Bakı radiosunun musiqi rəhbəri təyin edilmiş Müslüm Maqomayev efirdə ən yaxşı əsərlərin səsləndirilməsinə çalışır, bəstəkarlara yeni mahnılar və əsərlər sifariş edirdi. Onun təşəbbüsü ilə radioda “Çahargah gecəsi” adlı muğam konserti təşkil olunmuşdu. Həmin dövrdə Azərbaycan radiosu öz efirini Müslüm Maqomayevin radio marşı ilə açırdı.
Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci il iyulun 28-də Nalçikdə vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.