Bakının Xətai rayonu, R.Bağırov 24 ünvanında fəaliyyət göstərən, Rövşən Mikayılov Əvsəl oğluna məxsus “Əvsəloğlu” şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyindən Yeniavaz.com-a verilən məlumata görə, qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərən şirniyyat sexinə ilkin baxış keçirilərkən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Baxış zamanı sanitar qovşağın birbaşa istehsal sahəsinə açıldığı, istehsal sahəsində istifadə olunan qab, ləvazimatlar və xammalın açıq şəkildə birbaşa döşəmənin və işçi masaların üzərində saxlanıldığı məlum olub.
Müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, istehsal və satış yerlərində mal qonşuluğu prinsipinə əməl edilmədiyi aşkar edilib.
Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və istehsal sexinin fəaliyyəti məhdudlaşdırılıb.