Jurnalistlərin aksiya keçirməsi cəhdi ilə bağlı DİN-dən AÇIQLAMA


İyulun 22-də - ölkəmizdə Milli Mətbuat Gününün qeyd edildiyi bir vaxtda əsas vəzifəsi cəmiyyəti operativ, obyektiv və  dolğun informasiya ilə təmin etməli olan bir neçə media təmsilçisi öz peşə borclarını yerinə yetirmək əvəzinə, ictimai diqqəti üzərlərinə çəkmək məqsədi ilə söz, mətbuat və ifadə azadlığı ilə heç bir çərçivəyə sığmayan hərəkətlərə yol veriblər.

Bu haqda Daxili İşlər Nazirliyindən (DİN) Yeniavaz.com-a verilən məlumatda qeyd olunub.

Bildirilib ki, medianın inkişafı üçün  üçün dövlət tərəfindən yaradılmış əlverişli şəraitdən belə sui-istifadə halları mövcud qanunvericiliyin tələblərinə əsasən qətiyyən yolverilməzdir.

“Özlərini müstəqil jurnalist adlandıran həmin şəxslər səhər saatlarında Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında qanunsuz olaraq toplaşmağa və aidiyyatı dövlət orqanları ilə öncədən razılaşdırmadan aksiya keçirməyə cəhd göstəriblər.

Polis əməkdaşları tərəfindən bu təxribat xarakterli cəhdin qarşısı alınıb və aparılmış profilaktik söhbətlərdən sonra həmin şəxslər ərazidən uzaqlaşıblar”-deyə DİN bəyan edib.  

DİN-in məlumatında bildirilib ki, onlar bununla kifayətlənməyərək anoloji hərəkətləri Mətbuat Şurasının inzibati binasının qarşısında da təkrarlamağa çalışıblar.

Lakin  ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulmasına yol verilməyib.  

“Həmin hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılıb, orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılıb”.

DİGƏR XƏBƏRLƏR

Top