Goranboyda silahlı insidentdə xəsarət alan şəxs öldü


Goranboyda baş vermiş insident zamanı xəsarət alan şəxs dünyasını dəyişib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, güllə yarası ilə Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən Təbriz Əmrahov orada keçinib.

Hazırda digər faktlar üzrə istintaq araşdırmaları aparılır.

Xatırladaq ki, ötən gün saat 22:30 radələrində Goran qəsəbəsi ərazisində xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib. 

Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən Lətif Əmrahov polis əməkdaşı ilə mübahisə edib, onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb. Silahdan açılan güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyərək onu yaralayıb. Bunu görən Təbrizin qardaşı Pərviz Əmrahov polis əməkdaşının əlindən silahı alaraq onu güllələmək istəyib. Silahdan atəş açılmadığını görən P.Əmrahov tapançanın qundağı ilə polis əməkdaşının baş nahiyəsinə zərbələr endirib.

Hadisə yerinə dərhal Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Hadisə iştirakçılarının hamısı saxlanılıb. Xəsarət alan polis əməkdaşı V.Kərimov və T.Əmrahov xəstəxanaya yerləşdiriliblər. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top