Son bir neçə gündür Bakı Mühəndislik Universitetinin adı bir sıra qalmaqallı hadisələrlə anılır. Yeniavaz.com sözügedən məsələ ilə bağlı araşdırma apararaq bəzi təfərrüatları əldə edib. Qeyd edəcəyimiz hadisələr hələ ki, iddia olaraq qaldığı üçün şəxslərin adlarını tam verməmək qərarına gəldik.
Əldə etdiyimiz məlumata görə, universitet binasında bir neçə intim xarakterli qalmaqallı hadisə və dələduzluq, mənimsəmə halları yaşanıb. Onlardan biri təhsil ocağının tədris işləri müdiri K.Ə. və müəllimə kimi çalışan R.A. arasında yaşanıb. İddialara görə, bu iki şəxs universitet binasında intim münasibətdə olarkən yaxalanıblar. Belə ki, digər pedaqoqlar hadisə barədə universitet rəhbərliyinə xəbər verdikdən sonra təhlükəsiz kameralarına baxış keçirilib və fakt öz təsdiqini tapıb. Müdirin xanım müəllimin otağında olduğu bilindikdən sonra qapı döyülsə də müəllimə qapını açmayıb. Ən sonda prorektorun təkidi ilə müdir otaqdan çıxmalı olub. İzahatı alınan hər iki şəxs məsələni etiraf edib, bundan sonra həm müdirin, həm də müəllimənin işinə son verilib.
Digər bir iddiaya görə, mühafizə rəisi Q. Ş. və yataqxana işçisi S. M. arasında da analoji hadisə yaşanıb. Tələbələrə aid yataqxana binasında yaşandığı iddia olunan hadisənin bu dəfə təhlükəsizlik kameraları vasitəsilə isbat etmək mümkün olmayıb. Belə ki, həmin saatda kameralar söndürülüb. Hadisə qadının mühafizə rəisinin ona göndərdiyi mesajları qız tələbələrə göstərməsindən sonra ortaya çıxıb. Tələbələr həmin yazışmaları "skrinşot" (ekran görüntüsünün fotosunun çəkilməsi) edərək rektor Havar Məmmədova göstəriblər və qadının işinə son verilib. Amma mühafizə rəisinə toxunulmayıb.
İddialara görə işinə son verilən qadın işçi yataqxana müdirinin yerinə təyin olunubmuş. Əvvəlki xanım müdir T.M. isə tələbələrdən topladığı 20 min manat pulu mənimsədiyi üçün işdən çıxarılıb. İddia olunur ki, müdirə tələbələrdən topladığı ödənişləri universitetin hesabına köçürməyib, tələbələrdən yenidən ödəniş edilməsi tələb olunduqda isə məsələ aşkara çıxıb.
Bundan əlavə bir müəllimin voleybol yarışlarına hazırlaşan qıza qarşı əxlaqsız hərəkətlər etdiyi və bir başqa müəllimin isə 1-ci kurs tələbəsi qıza etik olmayan təkliflər etdiyi iddia olunur. Daha sonra həmin müəllimlərin tələbələrdən üzr istəmələri ilə məsələlərin bağlandığı söylənilir.
Foto: Rektor Havar Məmmədov
Bütün bu iddialarla bağlı Yeniavaz.com BMU-nun mətbuat xidməti rəhbəri Rəcəb Rzayevlə əlaqə saxladı. R.Rzayev həmin şəxslərin işlərinə son verildiyini təsdiqləsə də, sözügedən hadisələrin yaşanmadığıni bildirdi. Mətbuat xidmətinin rəhbəri tədris işləri müdirinin səhhəti ilə bağlı işdən ayrıldığını söylədi: "Həmin müdir səhhəti ilə bağlı öz xoşu ilə işdən ayrılıb. Müəllimə isə universitetdə saat hesabı işləyirdi. Dərs saatı bitdi və universitetdən ayrıldı. Heç bir intim hadisəsi yaşanmayıb. Mühafizə rəisi və yataqxana işçisi haqqında deyilənlər də tamamilə yalandır. Mühafizə rəisi hal-hazırda işinin başındadır, düzdür həmin qadın işdən çıxarılıb, amma tamam başqa səbəblərdən".
R.Rzayev yataqxana müdirinin tələbələrin pulunu mənimsədiyi barədə iddiaları təkzib etdi, amma müdiri ilə bağlı kiçik bir insidentin yaşandığını etiraf etdi: "Mənimsəmə demək düzgün deyil. Həmin xanım bir ay tələbələrin ödənişini universitetin hesabına köçürməyi yubadıb, amma həmin məbləğ iddia olunduğu kimi 20 min manat olmayıb. Kiçik bir məbləğ idi. Həmin müdirin də işinə son verilib".
R.Rzayev iki tələbəyə qarşı müəllimlər tərəfindən əxlaqsız hərəkət və təkliflərin edilməsi ilə bağlı iddiaları da qəbul etmədi: "Bunlar hamısı yalan və böhtandır. Bu məsələlər bilərəkdən təhsil ocağının adını qaralamaq üçün ortaya atılıb. Bu tip yalan və böhtan xarakterli məlumatlara inanmaq və ya istinad etmək düzgün deyil".