
XXI əsr dünya elminin ən nəhəng simalarından biri, əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmin dünyaya baxışını dəyişən dahi Lütfi Zadənin kitabı vəfatından sonra işıq üzü görüb.
Qeyd edək ki, “Fuzzy Logic Theory and Applications” (Qeyri-səlis məntiq –nəzəriyyə və tətbiqetmələr) kitabı qeyri-səlis məntiqin daha bir pioneri, dünyaca tanınmış məşhur alim, professor Rafiq Əliyevlə birlikdə yazılıb. Dünyanın məşhur və ən nüfuzlu elmi nəşriyyatı olan “World Scientific”də çapdan çıxan kitab Lütfi Zadənin nə qədər maraqlı da olsa sayca, cəmi ikinci kitabıdır.
Bütün həyatını elmə həsr edən Zadə ömrünün son illərində qeyri-səlis məntiqə aid bərabər kitab yazmağı professor Rafiq Əliyevə təklif edir. Zadənin ömrü kitabı tam çap edib, onun nəşrini görməyə əta etməsə də, Rafiq Əliyev uzunmüddətli iş və böyük zəhmət hesabına bu dəyərli elmi əsəri ərsəyə gətirib.
Dünya elmində əsl hadisə sayılacaq kitabın çapı barəsində Moderator.az-a professor Rafiq Əliyev məlumat verib. Yenicə çap olunmasına baxmayaraq, artıq dünyanın bir sıra ölkələrinin ən məşhur universitetləri Lütfi Zadə və Rafiq Əliyevin həmmüəllifi olduğu kitabı əldə etmək şansını qaçırmayıblar.
Yeniavaz.com xəbər verir ki, Moderator.az-ın əməkdaşı professor Rafiq Əliyevdən adıçəkilən kitab -“Fuzzy Logic Theory and Applications”barəsində geniş müsahibə alıb.

Professor dünya elminə səs salacaq kitab barəsində müfəssəl danışmaqla yanaşı, Qeyri-səlis məntiqin hazırki və gələcək nailiyyətlərindən, eləcə də bir sıra maraqlı elmi müddəalardan söz açıb.
Xatırladaq ki, müsahibənin birinci hissəsində kitabın ərsəyə gəlmə tarixi, formalaşması, eləcə də Qeyri-səlis məntiq və Qeyri-səlis çoxluqlarla bağlı müəyyən elmi məsələlərə toxunulmuşdu. Həmçinin, professor Rafiq Əliyev söhbətimizin ilk hissəsində Lütfi Zadə ilə bərabər gördükləri işlərdən də söz açmış, Qeyri-səlis məntiqin özəyini təşkil edən 4 faseti də oxucular üçün təhlil etmişdi.
İki böyük alim həm də kitabın ikinci cildinin - burada dünyanın müxtəlif ölkələrindən olan alimlərin Qeyri-səlis məntiqlə bağlı ayrı-ayrı tətbiqləri yer alıb - elmi redaktorları olublar. İkinci hissədə də əsasən, bu barədə söhbət etdik:
- Bugün elm sahələrinin hamısı Qeyri-səlis məntiq dilinə keçdi. Kitabın ikinci hissəsinə baxsaq, dünyanın ayrı-ayrı yerlərindən olan müxtəlif alimlərin Qeyri-səlis məntiqi elmin müxtəlif sahələrinə tətbiqini görərik. Bunun əsas səbəbi nədir? Qeyri-səlis məntiq necə oldu ki, bütün elm sahələrini dəyişdirmək funksiyasını yerinə yetirə bildi?
- Qeyri-səlis məntiqə qədər bütün elm sahələri, elmə yön verən nəzəriyyələr yalnız müəyyən həddə qədər öz faydalılıq əmsalını saxlaya bilirdilər. Məsələn, deyək ki, Nyuton mexanikası əladır, amma bir həddə, sərhəddə–Eynşteyn mexanikasına, Böyük sürətlər mexanikasına kimi... Dünya elminin hadisələrindən sayılan Nyuton mexanikası dediyim sərhədlərə çatanda artıq məhdudlaşırdı.
Amma biz yenə də bu yerdə deyə bilmərik ki, Nyuton həmin çatışmazlığı başa düşə bilməmişdi. Xeyr, sadəcə, o zaman indi haqqında danışdığımız dil – Qeyri-səlis məntiq adlı mükəmməl üslubla “danışan” riyazi dil meydana gəlməmişdi.
Real həyatı tam adekvat göstəriciləri ilə əks etdirən riyazi dildən sonra bir çox nəzəriyyələr yaranmağa başladı.
Hər hansı bir nəzəriyyə daha uğurlu olub, elmin, bəşəriyyətin inkişaf dinamikasına daha çox təsir edə bilər ki, o real həyatı daha adekvat ehtiva etməyi bacarsın. Real həyat isə, bildiyimiz kimi, həmişə qeyri- müəyyəndir. Tam müəyyən hesab edilən reallıq yoxdur. Qeyri-müəyyənlik isə elmdə yalnız Qeyri-səlis məntiqin diliylə danışa bilərdi.
Elə bu səbəbdəndir ki, bütün elmlər Qeyri-səlis məntiqə keçdi. Ruhu şad olsun, Zadə dəfələrlə deyib və kitablarımdan bir neçəsinin ön söz hissəsinə də yazıb ki, Rafiq Əliyev klassik Qərarqəbuletmə nəzəriyyəsini qeyri-səlis müstəviyə keçirdi. Məhz bu nəzəriyyə mənə imkan verdi ki, qərarqəbuletmə məsələlərinə daha adekvat baxa bilim.
- Elə söhbətin bu yerində, kitabın ikinci hissəsinə keçid alaq. Oradakı fəsillər Qeyri-səlis məntiqin müxtəlif elmlərdəki inikasıdır. Seçim necə aparıldı, hansı istiqamətli fəsillərə üstünlük verildi?
- Kitabın ikinci hissəsinin elmi redaktorları Lütfi Zadə ilə mən olmuşam. Biz bu hissəyə kimləri cəlb etdik? Gəlin, indi onlar və yazdıqları barəsində danışaq. Əvvəlcə qeyd edim ki, bu alimlərin hər biri dünyanın müxtəlif yerlərindəndirlər, Qeyri-səlis məntiqin tam fərqli sahələrdəki tətbiqi məsələləri ilə məşğuldurlar və bu işin ən güclü mütəxəssislərindən sayılırlar.
Bildiyiniz kimi, birinci hissəni Zadə ilə mən yazdım. Amma bununla belə, tətbiqetmə məsələlərindən bəhs olunan ikinci hissənin özündə də Zadənin bir, mənimsə iki fəslim çap olundu.
Zadə özündə semantika məsələlərini ehtiva edən bir fəsil yazıb, burada çox vacib məqamlara toxundu. “İntellektual sistemlərə semantikanı necə vermək olar?” məsələsi həmin fəsildə mükəmməl şəkildə izah olunub.
Bu təbii ki, Qeyri-səlis məntiqin çox vacib olduğu qədər də mürəkkəb bir sahəsidir. Amma onun qismən də olsa izahı üçün bir-iki sadə nümunəyə diqqət edək:
Təxminən, 20 il bundan əvvəl çap olunan kitabımda bir nümunə vermişdim: karandaş masanın üstünə düşdü, o qırıldı... Ağlı başında olan adam o saat başa düşür ki, burada qırılan təbii ki, karandaş olacaq, masa yox. Amma kompüter bunu başa düşmür. Çünki orada semantika yoxdur.
Yenə o kitabdan bir başqa misal: bir şəkil verilib: orada bir yerdə cücələr oturub, əllərində də çəngəl. Digər şəkildə isə masa üzərində tabaka təsvir olunub və semantik əlaqənin müəyyənləşməsi üçün bu iki fotonu əhatə edən bir cümlə vermişdim- “cücələr yemək üçün hazırdırlar”. İndi cücələrmi yeyəcək, yaxud, cücələrmi yeyiləcək?- bu suala semantik təhlil qabiliyyəti olmayan kompüter cavab verə bilməz. İnsan isə təbii ki, burada nəyin yeyiləcəyini başa düşür
Zadə semantika kimi çox vacib problemi qabartdı; `Verilənlər arasındakı semantik əlaqəni necə qurmağın lazımlığı barəsindəki bəhsi özü yazdı.
İkinci vacib fəsli isə çox yaxın dostumuz, məşhur alim, kanadalı professor Vitold Pedriç (Witold Pedrycz) yazdı. O, dünyaca məşhur bir neçə elmi jurnalın baş redaktorudur. Lütfi Zadə, Belman kimi alimlərin məqalələri onun jurnalında çap olunub. (Qeyd: həmsöhbətimiz təvazökarlıq etsə də biz deyək: Zadə, Belman kimi dahilərlə bərabər, Rafiq müəllimin də bir çox məqalələri həmin jurnalda dəfələrlə dərc olunub. Xüsusi olaraq qeyd edək ki, o jurnalda çap olunmaq hər alimə nəsib olmur)
Pedriçin yazdığı fəsil də çox vacib məsələdən bəhs edir: Qeyri-səlis sistemlərin, Qeyri-səlis məntiqin dərəcələri barəsində əvvəllər də çox danışmışıq. Onunsa yanaşması daha səlis və perseptiv hesablamalar üzərində aparılacaq işlərlə bağlı idi:
Qeyri-səlis məntiqin əsas sütunlarından biri olan persepsiya hər informasiyanı dənə-dənə, ədəd-ədəd yox, toplu şəkildə, cəm halında qəbul edir. Məsələn, bir obyekt kimi hər hansı insanın üzünü götürək- deyək ki, gözəl xanım siması... Biz bu obyektə baxıb və onun simasının gözəlliyi barəsində qərar qəbul edirik. Burada sən həmin simanın gözəlliyinin hansı dərəcədə olduğunu, hansı hesablamalar nəticəsində gözəl göründüyünü ölçmürsən ki...
Bir-bir ölçmürsən ki, onun simasını gözəl göstərən səbəblər –deyək ki, burnun simmetrikliyi, dodaqların simaya uyğunluq əmsalı - bu qədərdir... Xeyr, biz bunu etmirik, nöqtələr üzərində bir-bir ölçmə işləri aparmırıq. Sadəcə, sima haqqındakı ümumi informasiyanı toplu şəkildə qəbul edirik.
Pedriç isə Qeyri-səlis məntiqin bu özəlliyinə, perseptiv hesablama bacarığına daha bir vacib, özü də çox vacib bir çaları əlavə etdi: perseptiv vasitə ilə, toplu halda qəbul edilən informasiyanı (gözəl xanım simasını yada salaq) sonradan necə ölçüb-hesablamaq olar?
Kanadalı alim yazdığı fəsildə bu kimi çox vacib suallara aydınlıq gətirir. Toplu informasiyanın riyaziyyatını, tədqiqatını necə aparmağın üsullarını göstərir. Ən əsası, toplu şəkildə qəbul olunan informasiyanı (gözəl simanı yəqin unutmadıq) sonradan təsvir edib, onların sistemdə necə istifadə olunma yollarını yazdı.

- Rafiq müəllim, elə bu iki fəsildən görünür ki, seçimi zərgər dəqiqliyi ilə aparmısınız. Sonrakı fəsillərdə nəyə diqqət edilib, hansı alimlərə yer verilib?
- Sualınızı cavablamaq üçün növbəti fəsillərə diqqət edək. ABŞ-ı təmsil edən 3 alim var ki, onlar lap əvvəldən Qeyri-səlis məntiq nəzəriyyəsi ilə məşğul olmuş,onun mütəxəssisləri imi formalaşmışlar: Dan Tamir, Naftali Rişe (Naphtali Rishe), Abraham Kandel.
Onlar birlikdə yazdıqları üçüncü fəsildə Qeyri-səlis çoxluqların kompleks şəkildə genişləndirilməsinə çalışdılar. Qeyri-səlis çoxluqların genişləndirilməsi ilə məşğul olan bu alimlər ortaya çox vacib sual qoyub, onun hesablama qaydasını göstərdilər. Bu da Qeyri-səlis məntiqin çox vacib aspektlərindən biridir.
Üçlük “Əgər qeyri-səlis ədədi kompleksi ədəd kimi göstərmək mümkündürsə, onda bunun üstündəki əməliyyatlar necə gedəcək?” kimi suallar üzərində mülahizələr yürütdü.
İndi II hissənin IV fəsli haqqında danışacağam. Amma ondan əvvəl bir haşiyəyə çıxaq: Zadənin ilk kitabı hələ Qeyri-səlis məntiqi yaratmamışdan əvvələ -1953-cü ilə təsadüf edir. Dzoyer adlı alimlə birlikdə yazılan kitab “Xətti idarəetmə sistemləri” adlanır. Bu elmi əsər idarəetmə nəzəriyyəsində böyük inqilabi dəyişiklər etdi. Amma bir məsələ var idi: “Xətti idarəetmə sistemləri” idarəetmə prinsiplərinə klassik məntiqlə baxdı. Çünki, o zaman Qeyri-səlis məntiq yox idi. 12 ildən sonra Zadə tərəfindən yaranacaqdı...
IV fəsli hazırlayan alimlər də məhz bu boşluğu doldurdular: idarəetmə məsələlərinə Qeyri-səlis məntiqin “köynəyini keçirdilər”.
Bu alimlər: ABŞ mütəxəssisləri- Hao Ying və Dimitar Filev – Qeyri- səlis idarəetmə nəzəriyyəsini yaratdılar. Yəni, Qeyri-səlis məntiqi ilk dəfə olaraq idarəetməyə tətbiq etdilər. Bu yenilik bütün sahələrdə- istər kosmik, istər hərbi, istər sənaye, bir sözlə, harada idarəetmə varsa - orada tətbiq olundu. Onu da deyim ki, həm adını çəkdiyimiz alimlərin özləri, həm də nəzəriyyələri Qeyri-səlis məntiqlə bağlı dərsliklərə salınıb.
- Rafiq müəllim, V fəslin müəllifi isə sizsiniz. Qeyri-səlis məntiqin çox vacib tətbiq sahəsini: Qeyri-səlis qərarqəbuletmə məsələlərini siz qələmə almısınız...
- Bəli, haqqında danışdığımız ikinci hissənin elmi redaktoru olmaqla yanaşı, dediyimiz kimi, bizim də tətbiq xassəli məqalələrimiz burada çap olundu: Kitabdakı “Qərarvermədə qeyri-səlislik” fəslini biz yazdıq. Ümumiyyətlə, Qeyri-səlis qərarqəbuletmə mənimlə Zadənin tədqiqat sahəsidir. Yuxarıda adlarını çəkdiyim alimlər idarəetmədə, biz isə qərar qəbuletmədə bu əlaqəni yarada bildik. Onu da deyim ki, Qeyri-səlis qərarqəbuletmə daha çox iqtisadi sistemlərdə tətbiq olunur, texniki deyil.
Rafiq müəllim öz elmi uğurları və işləri barəsində çox danışmağı sevmədiyindən belə bir təklif verir: -Bəlkə, başqa fəslə keçək? (gülür)
- Buyurun....
- Kitabdakı daha bir vacib fəslin müəllifi polşalı alimdir: Lezet Rutkovski (Leszet Rutkowski).
Onun toxunduğu məsələdən əvvəl bir məqamı deyək: Qeyri-səlis sistemlərin bir üstünlüyü də var ki, onlar çox şəffafdırlar. O mənada ki, təbii dildə yazıldıqları üçün sıradan insanlar da onları başa düşür. Bu çoxluqlar real həyatı əks etdirdiyindən, həyatı təmin edən insanlar üçün də anlaşıqlı olur. Yalnız bir qrup mütəxəssisin anlam obyektində qalmır. Amma elə alternativ sistemlər var ki – məsələn, neyron sistemləri - orada sən heç nə görmürsən,o sistem sənin üçün qara, qapalı qutu təsiri bağışlayacaq.
Polşalı alim də bu mühüm məsələni, Qeyri-səlis sistemlərin şəffaflıq göstəricilərini yazdı. O, insanın onu necə qavraması, insana nə dərəcədə yaxınlığı baxımından tədqiqatlar aparıb, çox gözəl də nəticələr aldı.
Rafiq məüllimdən təklif: Gəlin, söhbətin bu yerində daha bir maraqlı alimdən danışaq. NASA-nın böyük mütəxəssislərindən biridir. Bizimlə də çox doğma bağlantıları var. O da kitabın çox vacib fəslini yazıb. Məmnuniyyətlə razılaşırıq:
- Zadənin mənə bir neçə elmi vəsiyyəti olub. Onlardan biri də bu saat dünyada ən çox tədris olunan istiqamətlərdən biri-kompüterlərdə öyrənmə məsələlərini inkişaf etdirməkdir. Məsələn, bir proqram var: dünyada nə qədər kimyəvi reaksiya varsa-12 milyon-onun hamısı neyron sistemə yüklənib. Bircə kod verməklə, dərhal hər hansı reaksiyadan nə məhsul alınıbsa, onu deyəcək. Amma bu da əsas deyil. Sən əgər təzə məhsul alıb, yeni nəticəyə varmaq istəyirsənsə, onu da bu proqram vasitəsilə əldə etmək olar. Proqramın verilənlər bazası səni müəyyən hesablamalardan sonra əldə etmək istədiyin yeni məhsulla təmin edəcək. Bu, birbaşa kompüter vasitəsilə öyrənim prosesidir.
Bu işi görən isə bizə çox doğma olan məşhur alim Həmid Berenjidir. Çox yaxın dostumdur, anası azərbaycanlıdır. O, Qeyri-səlis məntiqin NASA-da istifadə olunan vacib tətbiqi barəsində yazdı. İdarəetmə zamanı konkret hədəfə çatmaq üçün Qeyri-səlis məntiqin necə tətbiq olunma mexanizmindən yazdı. Bu mexanizm əsasən hərbi və kosmik sahələrdə istifadə olunur.
Berenjinin toxunduğu məsələ təbii ki, çox vacib və mükəmməldir. Amma kitabda vacib bir fəsil var ki, onun burada işıqlandırılmasını özümüz istədik. Çox məşhur yanaşmadır, bütün dərsliklərdə var. Müəllifi isə əslən Tayvandan olan alim Roger Yangdır.
Mövzusu: Səndə verilənlər varsa, onların əsasında bilik çıxara bilərsən. Məsələn, deyək ki, bir milyon rəqəm verirsən, proqram da onların əsasında təxminən, 6-7 qayda çıxarır. Lakin burada verilənlər vasitəsilə əldə olunan nəticə toplu informasiya xarakterlidir. Nəticə olaraq ərsəyə gələn qaydalar (biliklır) ayrı-ayrı rəqəmlər şəklində deyil. Bu Adaptiv qeyri-səlis neyronlar sistemidir. Burada həm sistem, həm də neyron nəzəriyyəsi var.
Dünya elmində səs yaradacaq monoqrafiyada Rafiq müəllimin yazdığı daha bir fəsil var. Alimin üzərində uzun illər ərzində işlədiyi elmi yanaşma tibb sahəsində tətbiq olunub. Özünü dinləyək:
- Bir başqa fəsli də mən yazdım: Qeyri-səlis ekspert sistemləri. İnsan burada bütün biliklər toplusunu ekspert sistemdə tətbiq edir. Nümunə üçün böyrək xəstəliyini götürək. Bu barədə ABŞ, Yaponiya və s.-müxtəlif dünya alimlərinin öz biliklər sistemi var. Onlar bunun vasitəsilə çox sayda əməliyyat aparıblar.
Vaxtilə Nurəddin Rzayev, Vaqif Seyidov kimi professorlarla ürək xəstəlikləri üçün ekspert sistemləri yaratmışdıq. Məsələn,ürək xəstəlikləri, konkret infarktla bağlı 70 simpton verirsən. Həmin verilənlər –simptonlar - xəstəliklərlə bağlı qeyri-səlis informasiyaları hazırlaya bilir. Ürəyin infarktdan qabaqkı durumunu və s xarakterizə edə bilir. Biliklər əsasında nəticələr çıxarır. Bu nəzəriyyə bizə aiddir.
-Rafiq müəllim, kitab üçün həddindən artıq vacib məsələlər seçilib. Qeyri-səlis məntiqin humanitar qollarla tətbiqinə də yer ayrılıbmı?
- Bəli, finlandiyalı alim Visa Niskanen də bir fəsil yazdı və orada sosial məsələlərə Qeyri-səlis məntiq prizmasından baxdı.
Ümumiyyətlə, Qeyri-səlis məntiqin humanitar elm sahələrinə tətbiqi çox sürətlə artır. Bu gün bəlkə də ən çox psixologiyada tətbiq olunur. Məsələn, mənim bir doktorantım Qeyri-səlis məntiqin psixologiyada tətbiqini müdafiə etdi. Məqalələrinə bilirsiniz nə qədər istinadlar oldu?
Bir nümunəni də deyim: tanınmış bəstəkarımız Cavanşir Quliyev Qeyri- səlis məntiqin musiqidə tətbiqini araşdırdı. Bu barədə çox geniş məqalə yazdı və o “Web of Sciense”də yayımlandı.
Son olaraq...
- Gördüyünüz kimi, kitabın ikinci cildi kifayət qədər seçkin müəlliflər və onların məqalələrindən ibarətdir. Seçimi əsasən, Zadə aparmışdı, amma bizim də dostlarımız burada yer alıb. Fərq etməz, çünki Zadənin çətiri altında hamı bir-birinə doğma idi...
Kitabın elmi redaktoru kimi məqalələr üzərində çox işlədik. Haradasa, 12 ölkə ilə çalışdıq. Eyni dildə olsa da, müxtəlif elmi üslubda yazılan bu məqalələri bir araya gətirmək lazım idi. Nə yaxşı ki, bu işi görə bildik. Bu kitab dünya elmində özünə mütləq yer tapacaq. Qeyri-səlis məntiq barəsində saysız kitablar yazılıb. Amma bu tam başqa, birbaşa onun banisinin- Lütfi Zadənin kitabıdır.
...Və nə yaxşı ki, bu kitabı birlikdə yaza bildik. Bir növ, 30-40 illik arzum-Zadə ilə birlikdə kitab yazmaq-gerçəkləşdi.
Çox kitablarım çıxıb. Özü də dünyanın müxtəlif ölkələrində, ən nüfuzlu nəşriyyatlarda: “Springer”, “World Sceintific” və s.-də...
Amma Zadə ilə birlikdə kitab yazmaq bütün bunların fövqündə dayanır...