Qanqal bitkisi tikanlı olsa da, insan orqanizminə faydası böyükdür. Taxıl zəmiləri, yonca sahələri, su bol olan ərazilər bitkinin məskəni hesab edilir. Havalar isinər-isinməz isə yol kənarlarında qanqalın satışı həyata keçirlir. Tikanlı olduğu üçün əksər insanlar ondan uzaq dursalar da, qanqalın dadını, xeyrli tərəflərini bilənlər onun yetişmə vaxtını səbirsizliklə gözləyir.
Yeniavaz.com xəbər verir ki, bunu nəzərə alan Yevlax sakinləri də bitkini toplayıb yol kənarında satırlar. Rayon sakinləri qanqalın 4-6 ədədini dəstə bağlayıb, 50 qəp -1 manata təklif edirlər. Qanqal satanlar deyir ki, yığımı əziyyətli olsa da bitkinin insan orqanizminə xeyri çoxdur: “Həmişə bizdən böyüklərimiz də bu vaxtı qanqal satıblar. Biz də onlardan eşitmişik ki, qanqal yeyən zaman ürək, qaraciyər, ən əsas böyrək xəstəliyindən əziyyət çəkənlər şəfa tapır”.
Qanqal əsasən mart-aprel ayında yeyilir. May ayında toxumladığından onun zoğ hissəsi deyil, toxumları yığılaraq qovrulur və istifadə edilir.