AMİL TAĞIYEV

Silahlar paslanar, bəs insan?

Silahlar paslanar, bəs insan?

AMİL TAĞIYEV
Bir anlıq düşünək: səhər oyanırıq, dünyadakı bütün silahlar yararsız hala düşüb. Tüfəng(lər)dən atəş aç(ıl)mır, tanklar işləmir, raketlər havaya qalxmır.
İnsanlar rahat nəfəs alardılarmı? Yoxsa bir-birini öldürmək üçün başqa vasitə axtarardılar?
Rey Bredberinin “Pas” hekayəsi bizi bu sualla üz-üzə qoyur.
Hekayədə gənc çavuş silahları pasa çevirən cihaz hazırlayır. Arzusu sadədir: insanlar müharibəsiz yaşasınlar. Polkovnik əvvəlcə ona inanmır. Silahların həqiqətən məhv olduğunu görəndə isə çavuşu öldürmək istəyir. Tapançası da pasa çevrildiyindən stulu sındırır, ayaqlarından birini götürüb çavuşun dalınca qaçır.
Silah yox olur. Qəzəb qalır.
Hekayə burada bitir. Adamın içindəki narahatlıq isə elə buradan başlayır.
Dünyada təhlükəsizliyi təmin etmək üçün atılan addımlara baxanda həmin səhnə yada düşür. Özümüzü qorumağın yollarını axtarırıq. Sabahın daha təhlükəsiz olmasını istəyirik. Amma hərbi güc haqqında danışarkən insanın o gücdən necə istifadə edəcəyi məsələsi də qarşımıza çıxır.
İnsanın özünü müdafiə etmək haqqını danmaq olmaz. Evinə hücum edilən insanın müdafiə olunmağa ehtiyacı var. Müharibə görmüş xalq təhlükəsizliyin qiymətini yaxşı bilir. Elə buna görə də sülh haqqında danışmaq məsuliyyət tələb edir. İnsan evini qoruyarkən də ədalət duyğusunu itirməməlidir.
Burada İslamın mənəvi ənənəsində işlənən “böyük cihad” və “kiçik cihad” anlayışları yada düşür. Bu izaha görə, silahlı mübarizə “kiçik cihad”, insanın öz nəfsi ilə mübarizəsi isə “böyük cihad” adlandırılır. Bu bölgü bütün dini yanaşmalarda eyni cür qəbul edilməsə də, insanın öz daxilində apardığı mübarizəyə diqqət çəkir.
Nəfslə mübarizə gündəlik həyatdan uzaq bir anlayış deyil. Hirslənəndə dilini saxlamaq, şəxsi istəyinə görə başqasının haqqını tapdamamaq, səhvini etiraf etmək də bu mübarizənin bir hissəsidir.
Polkovnikin bacarmadığı məhz budur. Silahını itirəndə dayanıb düşünmür. Qəzəbinə təslim olub başqa vasitəyə əl atır. Əlindəki vasitə dəyişir, niyyəti isə olduğu kimi qalır.
Onun davranışında başqa bir tanış məqam da var. Əvvəlcə sülhü hamının arzusu adlandırır. Lakin həmin arzunun gerçəkləşməsi onun rahatlığını pozanda çavuşun öldürülməsini əmr edir.
İnsanın dəyərlərinə nə dərəcədə sadiq olduğu çox vaxt həmin dəyərlər şəxsi mənafeyi ilə toqquşanda üzə çıxır.
Ədalətli cəmiyyət istəmək asandır. Öz yaxınımızın haqsız üstünlük qazanmasına etiraz etmək isə həmin istəyin səmimiyyətini göstərir. Hörmətdən danışmaq da asandır. Əsəbiləşəndə qarşımızdakının ləyaqətini qorumaq daha çətindir.
Bu hadisələri miqyasına görə dünya müharibələri ilə müqayisə etmək olmaz. Ancaq insanın gücə münasibəti gündəlik həyatında da görünür. Gücü çatdığı adamı əzməyə alışan birinin daha böyük imkanlar əldə etdikdə necə davranacağı barədə düşünməyə dəyər.
Polkovnikin əlindəki stul ayağı bəzən bizim dilimizdə bir sözə çevrilir.
Bir uşağı sinif yoldaşlarının qarşısında alçaldan sözə, işçini hamının yanında təhqir edən cümləyə, fərqli düşünən adamı düşmən elan edən ittihama…
Sonra da cəmiyyətdəki aqressiyadan narahat oluruq.
Halbuki bəzən onu özümüz böyüdürük. Sərtliyi tərbiyə, təhqiri səmimiyyət, susdurmağı üstünlük sayırıq. İncitdiyimiz adamın səsini çıxarmamasını haqlı olduğumuzun sübutu kimi qəbul edirik.
Susan insanın içində nə baş verdiyini isə bilmirik.
Başqasının ağrısına münasibətimiz xəbərləri oxuyanda da üzə çıxır. İtki rəqəmləri gözümüzün önündən keçir. Hər rəqəmin arxasında bir ad, bir ev, kiminsə yolunu gözləyən insanlar var. Kiminsə verdiyi söz yerinə yetirilməyib, sabaha saxladığı iş yarımçıq qalıb.
Bir insanın ölümü onun ailəsi üçün heç vaxt sadəcə xəbər olmur.
Başqasının ağrısını yalnız eyni müsibəti yaşayanda anlamaq bizi bir-birimizdən uzaqlaşdırır. Cəmiyyətin vicdanı əziyyət çəkənin kimliyindən asılı olmayaraq, onun dərdinə həssas yanaşa bildikdə güclənir.
Buna görə “Pas” təhsil haqqında da düşündürür. Uşağa hesablamağı, danışmağı, qalib gəlməyi öyrədirik. Ona məğlub olanda özünü necə aparmağı, səhv edəndə üzr istəməyi, fərqli fikirlərə dözümlə yanaşmağı, güclü olduğu məqamda da ədalətli davranmağı öyrətməliyik.
Bilik insanın imkanlarını artırır. Həmin imkanlardan necə istifadə edəcəyi onun mənəvi yetkinliyi ilə bağlıdır. Başqasını anlamağı öyrənməyən insan biliyi artdıqca ondan kimisə incitmək üçün də istifadə edə bilər.
Çavuşun arzusuna gülmək asandır. “Silahlar yox olsa da, insanlar yenə vuruşacaqlar”, - deyə düşünə bilərik. Amma bu fikir bizi dəyişiklik üçün səy göstərməkdən çəkindirirsə, polkovnikin düşüncəsinə yaxınlaşmış oluruq.
İnsan dəyişə bilir. Səhvini qəbul edib münasibətləri düzəltməyi, qisas almaq imkanı olduğu halda bundan çəkinməyi bacarır. Bu seçimlərin çətin olması onların mümkünsüz olduğu demək deyil. Sülh də belə seçimlərlə möhkəmlənir.
Bredberi hekayəni qapının çırpılması ilə bitirir. Polkovnik əlində stulun ayağı ilə çölə çıxır. Biz isə onun arxasınca baxarkən özümüz haqqında düşünürük.
Bir gün gücümüzü itirsək, qarşımızdakı insanı dinləyərik, yoxsa onu incitmək üçün başqa vasitə axtararıq?
Bəlkə də insanın ən çətin qələbəsi incitməyə gücü çatdığı anda özünü saxlaya bilməsidir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top