RAHİB ALPANLI

Müəllimlərinizə məktub yazın...

Müəllimlərinizə məktub yazın...

RAHİB ALPANLI
(I yazı)

İnsanlararası kommunikasiya formalarından biri olan məktub yazmaq, onu ünvanına çatdırmaq uzun, mühüm və maraqlı təkamül mərhələlərindən keçmişdir. İlk dövrlərdə sürətli insanlar, sonralar çaparlar, quşlar vasitəsilə çatdırılan məktublar elm və texnikanın müxtəlif növləri ilə daha sürətlə və təhlükəsiz formada yetişir ünvanlarına. İndi, rəsmi instansiyalar istisna, heç kəs poçta gedib istədiyi ünvana zərflə məktub göndərmir, günlərlə cavab gözləmir, daha doğrusu, qələm tutub məktub yazmağa ehtiyac da yoxdur. Mövcud elektron kommunikasiya vasitələri ilə insanlar bir-biriləri ilə bir an içərisində məktublaşa bilirlər.
Məktub öz məzmunu, məxfiliyi, insanlara yüksək təsiri baxımından öz əhəmiyyətini saxlamaqdadır. O, müəllifinin xarakteri, daxili zənginliyi və dünyagörüşünü əks etdirdiyi kimi, unvanlandığı insana münasibətin, ona verilən qiymətin də təcəssümüdür. Bir sətirlrk məktub insanı göyə də qaldıra bilər, yerə də batıra bilər. Yüz illərlə qorunub saxlanan, ünvanına yetişməyən və yaxud vaxtında oxunmayan, dəyəri millyonlar olan məktublar var tarixin yaddaşında.
Məktub müxtəlif məkan və insanlara ünvanlanır. Müəllimlərə ünvanlanan məktublar sayına görə az ola bilər, məzmun və təsir dairəsinə görə böyük əhəmiyyət kəsb edir. Müəllimlərin həyatımızda roluna dair istənilən qədər nümunələr göstərmək olar. Əslində, müəllim əməyinə qiymət vermək, onun əvəzini ödəmək mümkün deyil. Mən müəllim əməyini həmişə anaların ölçülməsi qeyri-mümkün əməyi ilə müqayisə etmişəm. Bir yapon atalar sözündə deyilir: “Min gün səylə çalışmaqdansa, bir gün yaxşı müəllimlə oxumaq yaxşıdır” (“Better than a thousand diligent days of study is one day with a great teacher”).
Ona görə də, mükəmməl şəxsiyyət kimi yetişməyimizdə əvəzsiz əhəmiyyəti olan müəllimlərimizə məktub yazmaq, onları unutmadığımızı “sənədləşdirmək” borcümuz olmalıdır. Ömrünün 40-50 ilini nəsillərin təlim-tərbiyəsinə həsr edən müəllim zaman-zaman keçdiyi yola boylanıb özünə qiymət vermək, yaşadığı illərin bar-bəhərini görmək istəyir, illah da təqaüdə çıxdıqdan sonra. Təsəvvür edək ki, hara isə yola düşürsən, əl yelləyib vidalaşmaq istəyirsən, əlin yellənsə də, gözünə heç kim görünmür. Bu mənzərə nə qədər miskin təsir bağışlayar?!
Müəllimlərinə məktub yazan, onlara minnətdarlıq edən insanlar həmişə olmuşdur və bu nəcib ənənəni günümüzdə də yaşadanlar az deyil.  Onlardan ikisini bölüşmək istərdim. İngiliscədən çevirdiyim birincisi əcnəbi şagirdin müəlliminə ünvanladığı məktubdur.
***
Birincisi, “Sizə təşəkkür edirəm”, - deməliyəm. Sağ olun ki, həyatımın bir parçası olmusunuz, mənə heç vaxt unutmayacağım, xatirimdən silinməyəcək bu qədər şey öyrətmisiniz. Siz məni, bu və ya digər formada, hərəkətləriniz, sözləriniz və ya varlığınızla doğrudan da tam formalaşdırmısınız. Bu ölkədə layiq olduğu hörməti görməyən bir qrup varsa, çox güman ki, yalnız müəllimlərdir. Dərs demək təkəbbürlə görüləsi bir iş deyil, əksinə, ətrafındakılarla əməyinin bəhrəsini paylaşmaq, şövq və həvəsdən ibarətdir. Təhsilimə həsr etdiyim illər boyunca müəllimlərimlə keçirdiyim hər ana yüksək dəyər vermişəm, mənə və yaşıdlarıma verdikləri hər şeyə görə onları layiqincə qiymətləndirmişəm.
Məktəb illərimdə ən cazibədar, ən qayğıkeş, ən şövqlü və ən müdrik insanlarla görüşmək şərəfinə nail olmuşam. Baxmayaraq ki, müəllimlərin çoxu bu sözlərlə əlaqələri olduğunu təkzib edə bilər, lakin onların şagirdləri şəkk-şühəsiz əksini deyəcək.
Müəllimlik asan iş deyil, ona görə ki, o, daha çox xarakter, cəsurluq, qətiyyət və kreativlik tələb edir. Bunların dəyərsiz olduğunu demək düzgün olmaz. Artıq bu yazını oxuyanlar gecikmədən bütün müəllimlərə ömür boyu gördükləri işlərə görə minnətdar olmalıdırlar. Əgər siz müəllimsinizsə, bilin ki, mən həmişə sizləri dəyərləndirib qiymətləndirmişəm, aşağıda izah edəcəyim kimi.
Keçmiş müəllimlərimin həyatıma müsbət təsirini mən bilavasitə öz təcrübəmdə yaşamışam. Onlar məni təkcə mümkün ən yüksək uğurları qazanmağa ruhlandırmayıblar, həm də gənc ruhumu heç vaxt unutmayacağım xatirələrlə zənginləşdiriblər. Məktəb illərimdə elə vaxtlarım olub ki, ucadan, gözlərim yaşaranacan gülmüşəm, bədbin və qayğılı vaxtlarım da olub. Bu nümunələrin hər ikisi çox müxtəlif hisslər olduğu kimi, daha möhtəşəm hisslərim də saysız hesabsızdır; bir şey dəyişməzdir, o da bütün bunları məktəb yoldaşlarım və müəllimlərimlə birlikdə yaşamağımdır. Yadımdakı ən gülməli lətifələr kimi, həyatımda bu vaxtacan eşitdiyim ən müdrik məsləhətləri də keçmiş müəllimlərimdən almışam. Müəllim işi ən müstəsna bir peşədir, ona görə ki, gördüyün iş dərs dediyin insanlara birbaşa təsir edir və qəbul olunur. Son fikirlərimi birbaşa keçmişdə görüşmək şərəfinə nail olduğum istedadlı və qayğıkeş müəllimlərimə ünvanlayıram.
Sizin varlığınız, sözləriniz və dərsləriniz olmasaydı, bu gün olduğumdan çox fərqli bir şəxs olardım, buna görə də, sizə təşəkkür edirəm.
Bu yazıya sayt tərəfindən heç bir dəyişiklik edilməmişdir və tamamilə müəllifin ideya və fikirlərini ifadə edir.
***
Qırx beş illik fasiləsiz pedaqoji iş təcrübəsi olan bir müəllim kimi iyirmi ilə yaxındır ki, şəxsi arxivimdə saxladığım, bu yazı müəllifinə unvanlanmış çoxsaylı şagird-tələbə məktublarından birini, təvazökarlıqdan uzaq görünəcəyinə şübhə etmədən, sizlərlə bölüşmək istərdim. (Müəllifin adını mən də vermirəm.) Mavi vərəqdə əlyazması olan bu yeniyetmə şagird mənim simamda bütün müəllimlərə şamil olunan nə qədər səmimi, kövrək hisslərdən danışır... (Mən onu çap formasında verirəm.)
***
“Salam Rahib müüəllim. Necəısiniz deyə soruşmuram, çünki yaxşı olduğunuzu bilirəm. 5 Oktyabr müəllimlər günündə mən, çox sevdiyim bir müəllim olan Rahib müəllimi təbrik etmək istədim... Sizə bu həyatda ən dəyərli şeyi, cansağlığını arzulayıram... İnşallah, neçə belə illər, oz tələbələrinizə öz isıgınızı saçmağa davam edərsiniz. Müəllimlik ən şərəfli sənətdir. Mən fəxr edirəm ki, sizin kimi əsl muəllimi tanımışam. Sizi heç vaxt unutmayacağam, cünki siz əsl müəllimsiniz. Sizi görməyə gəlmişdim, amma görə bilmədim. Müəllim, mənim üzərimdə olan haqqınızı halal edin...
Rahib müəllim, mən burada çalışıram ki, dərslərimdə mükəmməl olum. Amma çətinlik də çəkirəm. İngilis dilindən heç bir problemim yoxdur. Sizin mənə öyrətdikləriniz sayəsində. İngilis dili müəllimim əlavə gün salıb dərs keçməyə. Mənim ehyiyacım yoxdur, amma hamımızı çağırıb...
Rahib müəllim, sizi bir daha təbrik edirəm... Qarşıdan gələn Ramazan bayramınız da mübarək... Özünüzə çox yaxşı baxın... Çünki hələ çox mənim kimi abituriyentlərin sizə çox amma çox ehtiyacı var...
Sağ olun...
Siz sevən şagirdiniz”...
***
Müəllim üçün bundan dəyərli qiymət düşünmək çətindir. Müəllifin mənəvi zənginliyinə, üzərində haqqı olan birisindən halallıq istəməsinə, malik olduğu səviyyəyə görə dönə-dönə təşəkkür etməsinə, üstəlik başqaları üçün də faydalı ola bilməsi üçün ona xeyir-dua verməsinə heyran olmaya bilmirsən.
Müəllim ömrünü özü üçün deyil, cəmiyyətin gələcəyi üçün yaşayır, həyatını layiqli vətəndaşların yetişməsinə həsr edir. Dahi Eynşteyn əbəs yerə deməmişdir ki, “ən qiymətli həyat başqaları üçün yaşanan həyatdır” (“Only a life lived for others ia a worthwile life”).
P.S: Sitatların tərcüməsi müəllifə məxsusudur.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top