Universitetə hazırlaşanda ingilis dilindən müəllim yanına gedirdim. Müəllimim o vaxta qədər gördüyüm müəllimlərdən fərqli idi. Şagirdlərə yanaşması digər müəllimlərdən seçilirdi. Sərt müəllim kimi görünsə də, əslində, həddindən artıq yumşaq adam idi.
İlin ortasından bir az keçmişdi, sınaq imtahanında ingilis dilindən zəif bal toplamışdım deyə həvəsdən düşmüşdüm. Bir dəfə dərs əvəzinə birlikdə çay içib söhbət eləmişdik, həmin o iki-üç saatlıq müddətdə gələcək həyatımla bağlı xeyli dəyərli məsləhətlər vermişdi mənə. Bunun kimi çoxlu xatirələrimiz var. Hətta müəllim ailəsində böyüdüyüm üçün, mənə xüsusi diqqət göstərirdi. Deyirdi ki, sən də gələcəkdə müəllim övladına əlindən gəldiyi qədər kömək edərsən.
Məktəbi bitirib universitetə qəbul oldum, birinci kursda oxuyandan məzun olana qədər öz-özümə deyirdim gedib müəllimlə görüşüm. Mən universitetdən məzun olanda o artıq məktəb direktoru olmuşdu. Bu vəzifə artımı müəllimimlə görüşməməyimə səbəb olan maneələrdən biri oldu. Çünki, illərdi gedib görüşmə, amma o direktor olandan sonra görüş. Bu doğru olmazdı. Dedim, qoy bir az keçsin gedərəm...
Bir neçə il keçdi, qərarlaşdırdım ki, həmin məktəbə gedib müəllimimi görüm. Elə həmin ərəfələrdə eşitdim ki, müəllim şəhər təhsil şöbəsinin müdiri olub. Bundan sonra onunla görüşə getmək mənə ikiqat çətinləşdi. Qeyri-səmimi görüş olmasından çox çəkinirdim. Mənə elə gəlirdi ki, sanki, mən vəzifəsi artıb deyə onunla görüşürəm. Təhsil şöbəsinin müdiri olandan sonra da gedə bilməzdim... Getmədim də...
Gözlədim ki, bir az keçsin, sonra gedərəm, ayıbdı. Adama deyərlər bu qədər vaxt ərzində niyə gəlmirdin, indi gəlirsən?! Əslində müəllimdən əmin idim ki, o elə düşünməz, amma özümü narahat hiss edirdim. Yenə bir az gözləməyi planlaşdırdım, öz-özümə dedim mütləq gedib görüşəcəm.
Çox az vaxt keçmişdi eşitdim ki, müəllim şəhərin icra başçısının müavini olub. Bundan sonra onunla heç vaxt görüşməyəcəyimə əmin oldum. Çünki, mən onunla görüşmək istədikcə onun vəzifəsi artırdı...
İnsanların vəzifələri artıqca onlarla ünsiyyət niyə çətinləşir? Və ya vəzifəsi artanlarla ünsiyyət kimlərə çətinləşir, kimlərə asan olur? Bu suallara cavab tapmaq üçün məncə müəyyən qədər həyat təcrübən olmaldır. Mənim elə bir həyat təcrübəm yoxdur, amma düşünürəm ki, bunda cəmiyyətin çox böyük "rolu" var. Necə?
Sadə bir misalla fikrimi izah etməyə çalışacam. Ayrı-ayrı vaxtlarda dostların, qohumların müxtəlif markalı avtomobillərini sürmüşəm. Təxminən ən kasıb maşından ortabab maşına qədər fərqli modellərdə olan maşınları belə sürəndə aradakı fərqi çox aydın görürsən. Məsələn, köhnə bir jiquli ilə nəinki yoldakı sürücülər heç piyada da səni adam yerinə qoymur. Amma bahalı maşında olanda hiss edirsən ki, sanki, hər kəs sənin üçün səfərbər olub. Hamı çalışır ki, sən çətin vəziyyətə düşəsən, sənə kömək eləsin. Məsələn, sən dönmək üçün işıq yandırıb gözləyirsən, yüksək sürətlə qarşıdan gələn avtomobilin sahibi tez əyləci basıb maşını dayandırır ki, amanın günüdü sən orda işığını yandırıb gözləmə. Amma fağırın biri jiquli ilə həmin yerdə yolun tamamilə boşalmasını, təxminən gecə olmasını gözləyir ki, dönəcəyi yerə getsin.
Məsələn, bizim cəmiyyətdə imkanlı, vəzifəli adamlara sıravi adamlardan daha çox hörmət göstərilir. Niyə? Hansı səbəb görə? Varlıdı deyə mi? Bax, bu sualın cavabını tapa bilsəydim və ya belə bir sual olmasaydı, mən bəlkə də bu vaxta qədər müəllimimlə görüşəcəkdim. Bu mənim müşahidələrimdi, ola bilər ki, kimsə razılaşmasın.
Müəllifin fikirləri öz mövqeyini əks etdirir