TƏRS MƏMMƏD

Əsrimizin Siyavuşu

Əsrimizin Siyavuşu

TƏRS MƏMMƏD

Yazırsan, bir mız qoyurlar, yazmırsan, başqa bir mız. Danışırsan, deyirlər dəlidir, danışmırsan deyirlər qorxaqdır, çəkilib qınına. Neçə vaxt idi susurdum, başım da salamat idi. Yenə dinc durmadım, ağzımı açıb bir kəlmə söz dedim. Hərə bir tərəfdən töküldü üstümə. Demokratiyanın nə olduğunu bilməyənlər mənə demokratiya dərsi deməyə başladılar.

O gün biri zəng eləyib:

- Məmməd kişi, sənsən?

- Bəli, mənəm.

- Ağsaqqal adamsan, o nədi demisən ki, sosial şəbəkədə status yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək lazımdır? Sənin nəyinə lazımdır, "Feysbuk"da kim nə yazır? Gedib pensiyanı xərcləyə bilmirsən?

Belə zənglər məni boğaza yığıb. Bu zəng isə səbrimi daşıran son damla oldu. Dişimin dibindən çıxanı dedim buna.

- Ə, sənə nə var, pensiyamı necə xərcləyirəm. Əlli il bu xalqın yolunda can qoymuşam, indi də halal pulumdu alıram. Xərcləyib qurtara bilməyəndə də sənin kimi yetimlərə paylayıram, pislik eləyirəm? O ki qaldı "Feysbuk"a, onu da sənə izah edirəm. Dədə- babadan söz danışmaq istəyən əlini qaldırıb danışmaq üçün böyüklərdən icazə alıb. Bizim millət ta qədimdən böyük-kiçik yeri bilən olub. Ona görə deyirəm ki, danışmaq istəyən icazə alsın. Aydındı?

- Yox, Aydın deyil, Siyavuşdu. Bilirəm, səni camaatın gözündə elə o yanında oturan Aydın kimiləri böyüdüb. Onalar o biri otaqdan sənə zəng vurub yazılarını tərifləyə-tərifləyə səni qızışdırıblar, sən də elə bilmisən ki, böyük yazıçısan. Mən sənin kimi qorxaq deyiləm ki, adımı gizlədim, başqa ad altında danışım. Hamı bilir ki, sənin adın Məmməd deyil, amma danışanda Tərs Məmməd adından danışırsan. Belə ağıllısan, elə əvvəl özün şəxsiyyət vəsiqəndəki adını de bu millətə, sonra camaatı sosial şəbəkədə qeydiyyatdan keçməyə çağır. Yenə deyirəm, mən Aydın deyiləm, Siyavuşam. İgidsənsə sən də öz adını de.

-Ay oğul...

- Nə oğul-oğul salmısan. Məndən sənə oğul olmaz. Sən sovetin tör-töküntüsüsən, mənsə demokratam. Sən ifadə özgürlüyünü boğmaq üçün doğulmusan, mənsə sizin kimilərin axırına çıxmaq üçün. Bizimki tutmaz. Bu tip çıxışlarına son qoymasan səni Avropada biabır eləyəcəm. Qoy bu ölkədə adamlar heç olmasa danışsınlar, ürəklərini boşaltsınlar ki, rahatlıq tapsınlar.

-Ay oğul...

- Dedim məndən sənə oğul olmaz, sovetdən qalma fikirlərini yığışdır, yoxsa sənə pis olar.

- Ay oğul...

- Duud.... duud.. duud...

Çaşıb qalmışdım. Bu kim idi görəsən? Bəlkə elə bu da "Feysbuk" cocuğudur? Bu yəqin arxalı adamdır. Arxasız adam belə cəsarətlə danışa bilər? Əlimdə daşdan keçən qələmim olduğunu bilə-bilə gör mənə nələr deyir? Yox, mən bu işin axırına çıxmalıyam. Mütləq onun şəxsiyyətini müəyyən eləməliyəm.

Bu fikirlər başımı şışirtmişdi. Evə necə catdığımı bilmədim. Arvad da xasiyyətimə bələddi. Məni belə vəziyyətdə görən kimi bildi ki, xətrimə dəyən olub.

- Ay kişi, yenə səni kim hirsləndirib, işdə dalaşmısan?

Cavab vermək istəmədim. Versəydim nə xeyri olacaqdı ki... Arvad əl çəkmədi:

- Yəqin "Feysbuk" haqqındakı təklifinə görə yenə Aydınla deyişmisən? Hələ "Feysbuk"da Aydına min dəfə demişəm ki, kişinin əsbləri ilə oynama, qoca kişidir, yenə bildiyindən əl çəkmir.

Gözüm kəlləmə çıxdı. Bu da Aydını günahlandırır. Yumşaldım.

- Yox, nə Aydın. Aydınla biz dostuq, hərdən zarafatlaşırıq. Yox, o deyil.

- Bəs səni kim hirsləndirib?

- Nə bilim, Siyavuş adlı birisi.

- Hansı Siyavuş?

- Arvad, hədyan-hədyan danışma, sən neçə Siyavuş tanıyırsan?

- A kişi ağlına başqa şey gəlməsin. "Feysbuk"da bir Siyavuş var, yetdiyinə yetir, yetmədiyinə daş atır. Dedim bəlkə o hirsləndirib səni?

- Tanıyırsan onu?

- Şəxsən tanımıram. "Feysbuk"dan tanıyıram. Orada tez-tez çıxışlar eləyir, demokrataiyadan-zaddan danışır.

- Elə öz adı ilə danışır?

- Nə bilim, "Feysbuk"da adını Siyavuş yazıb. Amma hamı ona "Əsrimizin Siyavuşu" deyir.

- Döğrudan?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top