"Bakıya avtobusla getmək üçün hər dəfə Mingəçevir Beynəlxalq Avtovağzalından bilet alıram. Biletin qiyməti 7 manat 40 qəpikdir, ancaq əlavə 60 qəpik də ödəməli olduğumu bildirirlər və buna görə mənə qəbz verirlər. Açığı, tam məlumatlı olmadığımdan bilet pulundan əlavə 60 qəpiyi niyə ödədiyimi bilmirəm. Avtovağzal işçiləri isə vətəndaşlara bunun qanunvericiliklə müəyyənləşdirilmiş bir ödəniş olduğunu deyirlər. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirin - sözügedən 60 qəpik nə üçün alınır, həqiqətən, ödəməliyikmi?".
Yeniavaz.com saytına müraciət edən vətəndaşlardan birinin verdiyi bu suala cavab almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxladıq.
Xidmətinin mətbuat katibi Nuridə Allahyarova saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirdi: "Fotodan da göründüyü kimi, vətəndaşa satılan biletin üzərinə rəsmi möhürlü qəbz yapışdırılıb. Mövcud qanunvericiliyə əsasən, biletin əvvəlcədən nağd ödənişlə alınmasına görə komisyon haqqı tələb olunur. Bakıdan rayonlara gedərkən onlayn yolla alınan biletlərə görə komissiya haqqı tutulmur. Onlayn yolla hətta 10 gün əvvəldən də Bakıdan istənilən rayona avtobus bileti almaq olar. Vətəndaşın aldığı biletin üzərindəki qəbz rəsmi ödəmənin sübutudur. Rəsmi ödəmənin sübutunu təsdiq edən qəbzin verilməsi qanunsuz ola bilməz".
Nuridə Allahyarovanın sözlərinə görə, komisyon muzdu Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" ilə müəyyən olunub: "Həmin qaydaların 6.28-ci bəndinə əsasən, şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda biletlərin əvvəlcədən satışına görə sərnişinlərdən, o cümlədən güzəştli gediş hüququna malik olan şəxslərdən müəyyən edilmiş məbləğdə komisyon muzdu alınır".