İtaliyanın Baş naziri Cüzeppe Konte Genuyada körpünün dağılması ilə əlaqədar Liquriya regionunda bir il müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edib. Yeniavaz.com-un RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə qərar İtaliya nazirlər şurasının təcili iclasında qəbul edilib.
C. Konte, həmçinin bəyan edib ki, fəlakətin nəticələrini aradan qaldırmaq üçün 5 milyon avro ayrılacaq. Daha əvvəl verilən məlumata görə, hadisə yerində xilasetmə işləri yeni dağıntıların olma ehtimalına görə dayandırılıb. Evlərdən 600-dən çox adam təxliyə olunub.
Xatırladaq ki, Genuyada sürətli şosenin keçdiyi Morandi körpüsü avqustun 14-də dağılıb. Hadisə nəticəsində son məlumata əsasən, 39 nəfər həlak olub. Şəhərdə ikigünlük matəm elan olunub.