Dollar krediti olanlara nə vaxt güzəşt ediləcək? - Deputatdan açıqlama

Rusiya və Türkiyədə dolların bahalaşması Azərbaycanda da maraqla izlənir, müzakirə edilir. Xüsusilə, dollar krediti olanlar əndişə içindədirlər. Onsuz da dollar krediti götürüb ödəyə bilmədiyi üçün minlərlə insan banklar tərəfindən məhkəməyə verilib, bəzilərinin əmlakına həbs qoyulub, çıxılmaz vəziyyətə düşüblər. Azərbaycanda dollar krediti olanlara güzəşt ediləcəyi ilə bağlı gözləntilər isə hələ də ümidləri doğrultmayıb.

Qeyd edək ki, Ukraynada belə bir güzəşt 2015-ci ilin yanvarında banklar arasında razılıq əsasında qəbul edilib. Ukraynada 2014-cü ilin yanvarın 1-nə qədər qeydiyyata alınmış kreditlərin həmin dövrə olan məzənnə ilə qəbul edilməsi qərarı verilib. Rusiyada ipoteka kreditlərinə güzəştin tətbiq edilməsi qərarı verilib.

Polşada ipoteka kreditləri ilə kiçik və orta sahibkarlıq üçün verilmiş kreditlərə güzəştin tətbiq edilməsi ilə bağlı qərarlar verilib. Türkiyədə dəfələrlə bənzər amnistiyalar elan edilib. Xüsusilə, kredit kartları üzrə yaranmış borclarla bağlı.

Millət vəkili Vahid Əhmədov Yeniavaz.com saytına açıqlamasında bu məsələnin Azərbaycanda gündəmdə olduğunu bildirib: "Bu məsələ elə indi də gündəmdədir, gündəmdən düşməyib. Bununla əlaqədar Əli Məsimli ilə birgə müraciətlərimiz var - lap yuxarı səviyyələrə də. Görək nə qərar qəbul olunacaq".

Vahid Əhmədovun sözlərinə görə, dövlət bu məsələnin həlli üçün lazım olan addımı atmalıdır: "Bu məsələ həll olunmalıdır, çünki bu problem yalnız əhalini deyil, o cümlədən banklara da müəyyən problemlər yaradır. Mənə müraciətlər çox olur, banklarla əlaqələrimiz var, onlar mümkün qədər güzəştlərə gedirlər, amma dövlət də müdaxilə edib bu məsələni axıra çatdırsa, çox yaxşı olardı".

Müstəqil ekspertlərin fikrincə, ən pis halda 1,5 milyard kifayət edər ki, bu borclar kompensasiya edilsin, problemlər tamamilə aradan qalxsın.

İqtisadçı ekspert Rəşad Həsənov isə deyir ki, dollar krediti olanlara kompensasiya məbləği dövlət vəsaiti hesabına əvəzlənməlidir, bu mümkündür: "Əgər bu baş verərsə - ümid edirəm bu istiqamətdə sonda qərar qəbul edilər - ilk növbədə bank sektorunda aktivlərin sağlamlaşdırılması istiqamətində ən mühüm addım atılmış olar. Çünki proses günbəgün dərinləşir, bankların hər 100 manatından 17 manatı problemlidir. Bu göstərici rəsmi rəqəmdir, amma qeyri-rəsmi rəqəmlərə görə, vəziyyət daha ağırdır - bankların hər 100 manatından 35-40 manatı problemli aktivlər hesab oluna bilər. Belə bir vəziyyətdə bu addımın atılması bank kapitalının, aktivlərinin sağlamlaşdırılmasına müsbət təsir göstərərərdi".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top