
Şimali Koreya lideri Kim Çen In Pxenyanda 2024-cü ildə sökülən Qış sarayının yerində nüvə raket buraxılış meydançası tikib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti peyk görüntülərinə istinadla məlumat yayıb.
Ceyms Martin Nüvə Silahlarının Yayılmaması Araşdırmaları Mərkəzinin analitiklərinin fikrincə, baza qolf meydançası kimi maskalanıb.
Onların sözlərinə görə, meydança beton əsaslarla möhkəmləndirilib və onun üzərinə otla birlikdə nazik torpaq qatı əlavə edilib.
Digər ekspertlər isə qeyd edirlər ki, düz, beton əsaslı ərazilər uzaq mənzilli ballistik raketlərin buraxılması üçün idealdır və meydançadakı bəzi binalar tipik qolf meydançaları üçün nəzərdə tutulan binalardan fərqlidir.
Xüsusilə, binalar arasında “Hwasong-19” kimi raketləri şaquli vəziyyətdə saxlaya bilən və təxminən 36 metr hündürlüyü olan dörd mərtəbəli bina var.
Bundan əlavə, bu ərazidəki yollar qitələrarası ballistik raketlərin daşınması üçün də idealdır.
Qeyd edək ki, bundan əvvəl Şimali Koreyanın ilk nüvə sualtı qayığını inşa etdiyi barədə məlumat yayılmış, martın 8-də isə Şimali Koreya lideri strateji gəmiqayırma zavodlarından birinə baş çəkərək, burada sualtı qayıqda işlərin gedişi ilə tanış olmuşdu.